Elm aləminin "uçan boşqab"ları
18-05-2016, 19:48. Разместил: heqiqet
Fəaliyyət QurbanovDüşüncə panelində... həqiqi alimliyin “probel”ləri
Deyilənə görə, başqa ölkələrdə belələrinin barmaqları çin-çin pul-paraynan oynayır. Bizimkilərsə quşbazlıq edir, nə saxlasa yaxşıdır, göyərçin. Amma, nədənsə, bizim fikir korifeyləri pullulaşmayınca, deputatlaşmayınca, bəzən də hacılaşmayınca alimləşə bilmir. Elə ki fürsət düşdü, uzun illər qafasında qıcqırtdığı elmi biliklərin havalanmasına heyfi gəlir, onu gizlədə bilmir, yaradıcılıq eşqi ilə elmə kəllə atır. Elmin dözümünü bilirsiz, belə kəllələşmələrə öyrəşib. Ona görə də yerə sərilmir. Amma yavaş-yavaş bala-bala, pillə-pillə sərvətindən olur. Bax, bir alim tanıyıram, nitq irad eləyən zaman havanın silkələnməsinin insan genomlarındakı dezoksribonuklein turşularına təsirini axır ki, sübut elədi. Bir alim də tanıyıram, elmin qaynar ocağında işi-gücü tum çırtlamaqdı. Neçə dəfə yalvar-yaxar eləmişəm ki, sən canın, get bir "xəyalnamə" də sən yaz, elmimizin səbri bir az uzansın, yazmır. Deyir nazirdən bir alman eşşəyi almışam. Onun cazibə sahəsində fırlanıram... Görürsüz də, yeni, özü də Nyutonunkundan fərqli cazibə qanunu kəşf edəcəyini qərarsız gözləyir bu... Nə isə... Kardinal Rişelye zamanında Fransada "ölməzlər" kaqortası, yəni akademiklər dəstəsi adlı qurum peyda olmuşdu. Quruma cəmi 40 üzv daxi idi. Rişelyenin fərmanında deyilirdi ki, Akademiya fransız dilini təkcə qəşəng və zərif etmək üçün deyil, həm də bütün incəsənət və elmləri təfsir etmək qabiliyyəti üçün yaradılır. Yaşıl frakları ilə ətrafdakılardan fərqlənən akademiklər ömürlük seçilirdilər. Buna görə də onlara “ölməzlər” adı verilmişdi. Sonrakı onilliklərdə dünya elminə bənzərsiz töhfələr vermiş Fransa Elmlər Akademiyası həqiqətən fransız xalqının, eləcə də dünyanın mənəvi sərvəti sayılır. Ötən əsrin əvvəllərində təşkilatlanan Azərbaycan elminin də öz dünya əhəmiyyətli nailiyyətləri ilə fəxr etməyə kifayət qədər haqqı çatır. Ü.Hacıbəyov, Y. Məmmədəliyev, M. Qaşqay, S.Dadaşov, M. Mirqasımov, Ş. Əzizbəyov, Ə.Əlizadə, M.Topçubaşov, M. Hüseynov, H.Hüseynov, Həsən Əliyev, Ziya Bünyadov, Cəlal Əliyev və adını sadalaya bilmədiyimiz onlarla elm fədaisinin titanik fəaliyyətləri buna misal ola bilər. Lakin müstəqilliyimizin ilk illərindən başlayaraq Azərbaycan elmində arzu etmədiyimiz geriləmələr sezilirdi. Buna səbəb olan bir neçə amil sırasında Qarabağ münaqişəsi ilə yanaşı çətin maliyyə problemləri də dururdu. Eyni zamanda, sovet sisteminin tələbləri çərçivəsində fəaliyyət göstərən elmimizin üzünə dünya qapılarının açılması əhəmiyyətli hadisə idi. Sonrakı illərdə AMEA-ya dövlət büdcəsindən ayırmalar artmağa başladıqca mövcud problemləri həll etmək imkanları da artdı. Lakin paralel olaraq elmdə cılızlaşmalar da gedirdi ki, bu xoşagəlməz prosesin arxasında dayanan gözəgörünməz məmur-oliqarx maraqlarını görməmək mümkün deyil. Bəzi alimlərin Nyu-York Elmlər Akademiyasına üzvlüyü Milli Elmlər Akademiyasının elmi səviyyəsinin aşağı düşməsinin göstəricisi kimi dəyərləndirilə bilər. Dünyada heç bir elmi səviyyəsi və reytinqi olmayan kommersiya yönümlü bu tip akademiyalara üzvlüyün reklam piarına çevrilməsi cəmiyyətdə çaşqınlıq yarada bilər. Bu gün AMEA-nın sıralarını "bəzəyən" yeni nəsil akademiklərin bir qismi məhz məmur maraqlarına işləyən simalardır. Belə vəziyyət elmi adların əldə edilməsi prosesini təbiilikdən alır, onu boşluğa sürükləyir. İndi alimlərin arasında az qala ölü dirildən müasir "şeyx nəsrullahlar" da var. Adam öz-özündən də olsa soruşmaya bilmir ki, aya, bunlar nə təhər alimləşdi? Sovet dönəmində "dt-75" traktoruyla elmi belədən-beləyə şumlayan bəzi şumbaş laborantlar uçan boşqab sürəti ilə alimləşməkdə davam edir. Qəribə bir paradoksla üzləşməli olmuşuq. Bir də görürsən ki, riyaziyyatçı gedib aşıqlıq edir, iqtisadçı "gendernamə" yazır, geofizik şairliyini sərgiləyir, ədəbiyyatçı isə astroloqluğa nəfs atır. Pəltək dilçi danışıq mədəniyyətindən dəm vurur. Gəl indi bunları araşdır görüm hansı əsl elm adamıdır. Mən hələ siyasətin "martin soba"larında bərkişmiş doktorlardan danışmıram. İş o yerə çatıb ki, şou biznesdə tanınan bəzi ulduz müğənnilər də "alimliyin" qurbanı olublar. Elm qurban tələb edir axı...Hələlik, həqiqi sertifikatlı qondarma alimlərin sırası birinci kosmik sürətlə genişlənir. Onlara elmimizin "uçan boşqab"ları desək,bəlkə də daha düzgün olardı.
Вернуться назад