Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı (FOTO)
19-10-2016, 19:21. Разместил: heqiqet
Tədbirdə "Azərişıq" ASC sədrinin müavinləri Vüqar Əhmədov, Ramil Yusifov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, müxtəlif media orqanlarının nümayəndələri və müsabiqədə qalib olan jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan R.Yusifov qonaqları "Azərişıq" ASC-nin sədrinin adından salamlayaraq, Azərbaycan energetiklərinin peşə bayramı ərəfəsində bura təşrif buyurduqları üçün təşəkkürünü bildirib.
Daha sonra çıxış edən KİVDF-nin icraçı direktoru V.Səfərli müsabiqə barədə məlumat verib. O bildirib ki, müsabiqənin məqsədi, Azərbaycanda elektrik enerjisi təsərrüfatının inkişafı, infrastrukturun yenidən qurulması, istehlakçıların keyfiyyətli və fasiləsiz enerji ilə təminatı sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdan ibarətdir.
V. Səfərli müsabiqəyə 25 KİV-dən 35 yazı təqdim olunduğunu diqqətə çatdırıb. Bildirib ki, müsabiqəyə təqdim olunan yazılar həm Fondun, həmçinin də "Azərişıq" ASC-nin münsifləri tərəfindən qiymətləndirilib. Müsabiqədə 6-sı əsas olmaqla 19 jurnalist həvəsləndirici mükafata layiq görülüb.
Tədbirdə Əflatun Amaşov və Vüqar Əhmədov da çıxış ediblər. Ə.Amaşov bütün energetiklərini təbrik edib: "Mən hansı müəssisəyə gedirəmsə, onun fəaliyyətini Azərbaycandakı inkişafla müqayisə edirəm. Burada gəlib gördük ki, görülən işlər Azərbaycanda aparılan islahatlarla üst-üstə düşür".
Tədbirin sonunda qalib jurnalistlərə mükafatlar təqdim olunub. Müsabiqədə 10 həvəsləndirici mükafat nəzərdə tutulsa da, təqdim olunan yazıların bir çoxunun eyni bal toplaması ilə əlaqədar həvəsləndirici mükafatın sayı 19-a çatdırılıb. Müsabiqədə 1-ci yerin qalibinə 1000, 2-ci yerin qalibinə 800, 3-cü yerin qalibinə 600, 19 jurnalistə isə 200 manat məbləğində pul mükafatı və diplomlar təqdim olunub.
Вернуться назад