DataLife Engine > yazarlar > Mətanət Ulu Şirvanlı: "Ədəbi-bədii-fəlsəfi düşüncələr" (3)

Mətanət Ulu Şirvanlı: "Ədəbi-bədii-fəlsəfi düşüncələr" (3)


30-06-2017, 09:47. Разместил: heqiqet Mətanət Ulu Şirvanlı: "Ədəbi-bədii-fəlsəfi düşüncələr" (3) Əvvəli: http://heqiqet.az/index.php?newsid=10942

Qocalmış düşüncələr

...qorxutmur

Qaranlıq və ölüm. Hər ikisi qaçılmazdır. Günəş gedən kimi qaranlıq düşəcək. Eləcə də cavanlıq gedən kimi qocalıq gələcəkdir. Hər ikisində zülmət hökmrandır. Və hər ikisinə də tabeyik.

Mərhəmət

-Nədən qorxursan?
-Yalnız Allahımdan.
-Onun mərhəməti var.
-Bəndələrini mərhəmətindən uzaq salma, Ya Rəbbim!

Xoş gəldiz şairə

-Xoş gəldin evimə, Sənəm Səbayel, tanış ol, bunlar mənim ailə üzvlərimdir. Bilirəm ki, məni çoxdan yaxından tanımaq istəyirdiniz. Elə mən də sizi yaxından tanımağa şad oldum. Eh, səni, deyəsən, məndən çox bağçamı sevdiniz?!
-Bağçamı bəyəndiyiniz üçün təşəkkür edirəm.
-Bağban? -Dodaqlarıma kəpənək kimi təbəssüm qondu. Əllərimə baxır və deyirəm:
- Budur bağban, tanış olun, codlaşan və qaya kimi sərtləşən əllərim.

Qorxuram

Niyə narahatsan Qoca? Qorxma, heç nə baş verməyəcək! Əslində haqlısan, bəzi hadisələr cərəyan edə bilər. Bəlkə də qorxmalıyam! Düzünü boynuma alsam, qorxuram Qoca, vallah qorxuram. Amma...yox... Sənin qorxduğun və baş verə biləcək hadisənin olmasına imkan yaratmayacağam.

Amandı

...vallah getmək istəyirəm, göz görə-görə oda düşmək istəyirəm. İlahi, yanan oda girmək və oradan nəinki
ütülüb çıxmaq, hətta tamamilə yanmaq təhlükəsi var. Getmə Ulu Şirvanlı, amandı, getmə!

İnsaf

Çoxdandır səni görmürəm. Yəqin böyümüsən?! Hə, mütləq belədir! Onsuz da boyun uca idi. Bəxtin uca
olsun balam! Özün mənə qadağan olunduğun kimi şəklin və telefonda səsin də qadağan olunub. “Onlar”ın insafı yoxdur. Bəs sənin insafın hanı, balam?!

Ağlama

Ağlama Qoca, vallah, ürəyimi üzüb, bir tikə etmisən. İlahi! Ağlama, sənin göz yaşlarını nə edim axı?! Əllərimi və yaxud günahlarımı yuyum?!

Oğru

“28 may” metro stansiyasının qarşısı. Müəllimi gözləyirəm. Telefonda guya kiminləsə danışan və tez-tez yerini dəyişən, sağ-oluma keçən oğlan. Və o, telefonla danışa-danışa, mənə müraciət edir.
- Xanım, gözünüzün qarası yayılıb, silin. Kinayə ilə gülür və təşəkkür edirəm. Sonra isə ağzıaçıq çantamın zəncirini çəkirəm. Bununla da onun ümidlərinə son qoyuram.
Özüm isə düşünürəm; -Gözümün qarasını görən oğru, gözümdən tük oğurlaya bilərsən, amma çantamdan pul kisəmi əsla!

Gəl

Gəl möhnətim- həsrətim bitsin, qəmim ötsün. Gəl, gözümə nur gəlsin. Gəl ürəyim, şah damarım, damarında qanım olanım, gəl başına dolanım. Həyatım, canım, həsrətim, gəl. Günəşim, Ayım, baharım, yayım, ay mənim duyğularım - balam, gəl oğlum.

Ətir şüşəsi

Ay oğul, verdiyin ətiri qıyıb vurmuram. Şüşəsini ətirdən bahalı bildim. Hər ona baxanda sandım ki, sənsən. Bağrıma basaraq şüşəni öpdüm. Ay bala, ətirin iyini bildim, bəs sənin canının iyi necədir, bunu bilmədim?!

Lal

Sevincim lal, kədərim lal, hətta qədərim laldı, mənim.

İztirab

İztirablarımın yox olmasını istəmirəm. Həyatımın sonunda özü məni tərk eyləyəcək.

Zəng

-Mənə zəng eyləmə, heç kimlə danışmaq istəmirəm.
-Mənimlə də mi?
-Bəli, səninlə də.
Telefon susdu. Mənsə düşündüm; - Danışmaq istəmirəm, lakin bu o demək deyil ki, səni sevmirəm. Səni sevirəm, canım mənim. Amma mənə zəng eyləmə.

Oxunmayan düşüncələr

Məktub

Məktub yazmışam, heç vaxt açılmayacaq, heç kimin oxumayacağı bir məktub. O məktub ki, sətirlərində iztirablarım sevincimdən çoxdur. Deməli, heç kim oxuyub qanını qaraltmaq istəməyəcək. Amma məktubu ünvanlamamışam. Niyə? Məhz ona görə ki, indi məktub dövrü deyil.

Səbat

Səbat - mənası mətanətli, dəyanətli deməkdir. Hər kəs öz adının mənasını daşıyır, deyirlər. Yox, bu, mən deyiləm!
-Görəsən, Məryəm adının mənası... Mən kiməm, İlahi? Kimliyimi bilməsəm də, Məryəm sözünün mənasını bilirəm; -tərkibində yağ olan, ətirli ot bitkisidir. Bu da pis deyil, məncə.

Ruh

Cismini hara istəyirsən apar, kimə istəyirsən ver. Ruhunu isə mənə bağışla.

Sarı çiçək

Ey atılan, çoxları tərəfindən sevilməyən sarı çiçək, üzülmə, sən hər yerdə gözəlsən! Hətta zibillikdə bitsən belə, orada da gözəl görünəcəksən! Eh, sarı çiçək, boynuma alım ki, mən də sevilmirəm. Sənə təskinlik verməyimə baxma. Üzgünəm.

İnşallah

Qaranlıq... Gecə... hər gecənin bir səhəri... Hər qaranlığın bir aydınlığı doğar, inşallah. Ah, İlahi, bəs gecəyə bənzər gündüzlərim necə aydınlaşacaq?!

Ögey

Mənə ögey ana dedin... Nədi qız, niyə odunu-közünü götürüb düşmüsən üstümə? Sən dedin, mən də eşitdim. Bəli, mən ögey
anayam. Bəs özünə niyə sual vermirsən ki, ögey ana dediyim qadın mənim üçün yuxusuz gecələr, narahat gündüzlər keçirib. Bəs niyə onu da demirsən ki, məndən ötrü kipriyi ilə od götürüb, özgələrdən söz götürüb, saçlarına iz götürüb bu, ögey dediyim qadın. İnsaf, qız, insaf eylə və düşün. Mənim doğma analardan nə fərqim var?! Mənə ögey ana dedin...

Dəli olmaq istəyirəm

Qınamayın məni dostlar, ay ürəyi, gözü toxlar. Gör nə günə qalmışam ki, dəlilərə paxıllığım gəlir yaman! Nə yeməyin, nə içməyin dərdin çəkir. Günləri də nə xoş keçir, dəlilərin. Dəli olmaq istəyirəm!

Mən o bədbəxtəm

Məni tanımadınmı? Mən o bədbəxtəm! Çırağı sönən, əlləri hər yerdən üzülən, hər an yolunu gözləyən bədbəxt. Niyə belə baxırsan? İlahi, tanımadı. Mənəm, mən! Xatırladınmı?! Vaxtilə mənə dediyin; -saçları yosunum, gözləri dənizim, ah əzizim!
Yadına düşdümü? -Aman Tanrım yenə yadına düşmədim.

Ölüm arzusu

Gedin qəbrimi qazın, əhlədimi vurmayın, harada rahat olsam başımı ora da qoyacağam.

Düşüncə

Məni öldürə bilərlər, lakin düşüncələrimi əlimdən ala bilməzlər.

Vəfasızlar

Bu dünyadan köçənlər etibarsızdırlar. Köç edirlər və bir də geri dönmürlər. Bu dünyadan, doğmalardan, əzizlərdən əllərini üzürlər. Yaman vəfasızdırlar bu dünyadan köçənlər.

Məktub

İstədim ölən atama
bir məktub yazam,
Ölən qonşumuz aparsın.
Düşündüm, gərək deyil.
Aparmağına aparar -
cavabını kim qaytarar?

Külək

Ayaqları qadının sözünə baxmadı. Onu çəkib dəniz kənarına apardı. Ah, bu gilavar, bu külək... Külək mənim istəklimdir. Tez-tez saçlarıma sığal çəkir, düşündü,- qadın. O, bir qadındı, saçları sığal istəyir.

İstərəm

Əzizim, məni ürəyində dəfn et. Bütün hallarda yanında olmaq istərəm.

İdrak

Heç nəyi dərk etmədən dünyaya gəldik, idrakla dünyadan köç edəcəyik.


Sevmə

Bəxtəvər o kəsdir ki, kimsəni sevmir! Sən, ey tərk edilən qadın, yolun haradır? Budur olacağı! Sevmə, dedim sənə, ürəyim, sevmə. Eh, kimə deyirsən, o ki bir parça ətdir!

Həqiqət

Cəmiyyətin ali deyilən təbəqəsində bol-bol boyalar, sadə təbəqəsində doğruluqlar hökm sürür. Yalan, riya, fitnə…və daha nələr…Ah, mən yoruldum ətrafımdakı bəzi boyalı simalardan.

Bəs mən ayağımı hara qoyum?

Hərdən qulaqlarıma inilti səsləri gəlir. Mənə elə gəlir ki, kim isə zarıyır. Özü də necə! Və bir gün anladım ki, bu səs hər gün keçib getdiyim, tapdaladığım yolların iniltisidir. Yolların heysiyyatına dəymək, qürurunu əzmək,
tapdalamaq asan məsələ deyilmiş. Hə, özüdür ki, var. Yollar haqlıdırlar. Yolları nə qədər tapdamaq olar?!
İlahi, yenə də həmin səsləri eşidirəm. Ayağımın birini götürüb, ehmalca o birisini qoyuram. Gah sağa, gah
da sola qaçıram. Yolları incitməyim deyə. Yox, yox, belə mümkün deyil! İlahi, bəs mən ayağımı hara qoyum?

Qəbirstanlığa səyahət
(silsiləsindən bir parça)

Öz-özünlə nə söhbət edirsən qadın?
- Hamı dirilərə salam verir və sağ ol!- deyir. Allah rizası üçün ölüləri də yada salın, deyirəm.
- Salamunəleykum ey əhli-qüburlar. Sükut və sükunət.
- Yəqin məni başa düşmədilər. Salam, ölülər! Eh, deyəsən, hamısı yatıb. Sənin də qorxun yoxdu, qadın. Gecənin bu vədəsində qəbirstanlıqda nə gəzirsən axı?! Qorxmursan?
- Vallah qorxuram. Odur ki, geri baxmıram.
- Bax, bu yerə qədər ruslar, buradan o yana isə müsəlmanlar basdırılıb, bu qəbirstanlıqda. İndi sən hansılarına salam verirsən üzü şərqə və ya üzü qərbə yatanlara? Eh, sən də… gör bir salamımı alan varmı? Sən də gecənin bu vədəsində salam verməyə vaxt tapdın.
-Yaxşı o zaman;
-Gecənin bu vədəsində salam daşıyan pərilər, mələklər və bir də ey əhli-qüburlar, gecəniz xeyirə qalsın!

Şehli düşüncələr

Döz, ürəyim

Ürəyimin başında qızaran köz-döz ürəyim ayrılığa döz! Atdı və getdi. Bəs sənin evin, bəs evindəki
anıların, bəs mən? Ey…y…, mən deyirəm… Qayıtmadı. Döz ürəyim, ayrılığa döz! Buyur, get Səni itirmək özümü itirməkdir. Özümü itirməkdən qorxuram, düşündü, qadın. Fikir vermə, qoy getsin. Qapı açıq qalıb. Buyur, get! Gedəni saxlamazlar. Bilirmisən, nədən qorxuram, səni itirməklə özümü də
itirəcəyəm. -Əşi buyur, get!

Mənlər…

Bəzən qarşımda üç qadın dayanır; sarışın, əsmər, ağbəniz. İlahi, deyəsən, üçü də mənəm axı?! Hə, üçü də
mənəmmiş! Amma bu mənlər daxilimdədir. Həmişə mənlə dərdləşirlər, darıxmağa qoymurlar. Biri saçlarımı darayır, biri ətirlərə qərq edir, digəri isə dərdlərimi bölüşür, sonra da əllərimdən tutub məni xəyal dünyasına
aparırlar. Bilirsinizmi, onlar yanımda olanda dünya göz-lərimdə necə də gözəlləşir?! Sanki boşluğa düşürəm;
səmanın ənginlikləri ayaqlarım altında, musiqi sədaları qulaqlarımda, təbiətin gözəl çalarları gözlərim önündə
dayanır. Fəza cismləri isə qarşımda rəqs edirlər. İlahi, istəmirəm ki, bu qadınlar məni tərk etsinlər

Dəniz qızı

Qadın gözlərini dənizə dikir; - düşünür: -Bu mavi dənizin gözləri necə də dərinmiş. Dənizin dupduru gözləri var imiş. İlahi, bu gözlərdə itmək... Əllərini üzünə çəkir. -Mən ağlayıram? Hə, mən ki, ağlamıram bəs gözlərim niyə ağlayır? Göz yaşlarım dənizin sularına qarışaraq onsuz da duzlu olan suları bir az da şorlaşdırdı. Hərdən dənizin köksünə sığınmaq istəyi yaman çulğalayır məni. Və könlümdən keçir ki, kaş gözlərim mərcan, saçlarım yosun olaydı. Saçlarım sularda darana, gözlərimin yaşını balıqlar yalaya. Balıqlara qoşulub dənizin ənginliklərinə baş vuraydım...Hə, lap elə dəniz qızı olaydım.

Dünya

Şükür Allaha! Bu gün də Günəşə gülümsədik. Sabahınız xeyir olsun, dünya! Dünyaya doğan, üzümüzə gülümsəyən Günəşin şüaları bəxtinizə doğur bu səhər.

İztirab

Mərhəmətlisən İlahi, Sən hər şeyə qadirsən! Sənə əyandı ağrı-acılarım. Sənə yalvarıram, məni iztirablardan azad etmə. İztirablar həyatımın mənasıdır. Bu iztirablar sevgimin özüdür. İztirablarım məni tərk etsə sevgim unudular. Yox, mümkün deyil. Axı mən sevgimi unutmaq istəmirəm. Daha doğrusu mən sevdiyimi unutmaq istəmirəm. Ey qəlbimə çökən iztirablar, ürəyimdə sənə sevgimlə birgə yer ayırmışam. İlahi, yalvarıram, məni sevgi iztirablarından, məhrum etmə.

Zəncir

Yazıq, yazıq sənə ürəyim, nə yaman zəncir-lənmisən. Çəkə bilmirsən bu zəncirin ağırlığın. Amma yaman inadkarsan. Heç bilmirəm nə qədər inad edəcəksən. Onsuz da yükün ağır idi-qəm yükün. İllərdir bu qəm yükünün altında əzildikcə əzilirdin. Sevdin, inadkarlıqla sevdin. Mükafatın isə sevginin zəncirə vurulması oldu.

Ürəyim

Ah, bu qısqanclıq! Ürəyim ağrıyır. Yəqin qısqanclıqdan?! Bu inadkarlıq partladacaq səni ürəyim. İztirab səni üzməsin, ürəyim! Həyat gözəldir. Burax özünü həyatın axarına. Dustaq kimi olsa da, bu dünyada yenə yaşamaq istəyir insan. Məndən üz döndərmə ürəyim, mən sənsiz yaşaya bilmirəm.

Qonşu

Qonşum tez-tez səfərə getdiyimizi görürdü.
Və növbəti səyahətin birində bizə bir sual verdi: - Yenə də harasa gedirsiniz?
-Bəli, səfərə çıxırıq - dedik.
Qonşu cavabında şirin bir ləhcəylə; -Vallah bir gün bu yollarda qırılajaqsınız!-dedi.

Mümkünsüz

Niyə mümkünsüz işləri arzulayırsan, qadın? Gecənin bu vədəsində Günəşi görmək arzusundasan. Mümkünsüz! Hanı Günəş? Bir bax, Ay da batır. Ayı qaytarın! İlahi, dünya zülmətə döndü ki. Sabah yenə Günəş doğacaq!

Şükür

Evimdə işıq sönüb. Bəlkə də belə yaxşıdır. Göz yaşlarımı görən olmaz. Kim dərdimi bölər ki? Kim dərdimi ovuda bilər ki? İlahi, bu günə də şükür. Şükür Sənin varlığına İlahi, min şükür!

Bəlkə də…

Allah məni yaradanda taleyimi yazmağı unudub, deyəsən?! Qəmli vaxtına düşüb taleyimi yazanda, bəlkə də...
İlahi, sənə yalvarıram, məni yaddan çıxarma. Çoxdan yaddan çıxmışam, bəlkə də.

Ağla, ovunana qədər

Of, of… can bacı, yeddi gündür ki, səni ovuda bilmirik. Ovuna bilmirsən. Yanan ürəyinə bacın qurban. Sənə nə deyək ki, könlünü ala bilək. Ala bilmirik könlünü, bacı, bilmirik. Sənə necə deyək ki, ağlama. Ağla, can yoldaşı, həyat yoldaşı ölən ağlar bacım, ağla. Of, yanan ürəyinə mən adlı bacın qurban. Sənə təsəlli verə bilmirəm, ovuda bilmirəm səni. Dünyasını dəyişən, səni yazıq edən yarına qurban. Ağla, ürəyin boşalana qədər ağla. Ağla, dərdini ovudana qədər ağla. Sənə kür dedilər, ağlağan dedilər. Can bacı, daha bilmədilər ki, can dostu ölmək nə deməkdir. Bilmədilər, bacım. Dərdinə qurban olaram, ağla. Dərdin səngiyənə qədər, kürlüyün keçənə qədər ağla.
Qoy sənə kür desinlər,
Kürdən də kür desinlər.
Yar əlin əlinə verib,
Ölkədən sür, desinlər.


Məzar

O məzar həmişə yol gözləyəcək. Sən də o məzarı hər zaman ziyarət edəcəksən. Amandı, göz yaşlarınla islatma məzarı.

Payız düşüncələri

Ağlağan payız

Pəncərəmi yağış döydü qüssə ilə. İlin ilk payız yağışı. Bu il ömrümə payız belə gəldi- qüssə ilə, xəbər vermədən. Bir yaş da belə getdi ömrümdən. Bu payız mənim xətrimə dəydi. Ömrümün payızını yada saldığı üçün. Qayğı doldu ürəyimə. Qəmə gücüm çatmayanda ağlayıram, bu gün ağlayan payız kimi.

Gündüzü zülmət olanım

Ah, canı canımdan olanım, nə çəkdiyini bilirəm. Ay gündüzü gecə olanım. Gözünün itən işığına heyif. Heyif o yaşıl gözlərə. Qaranlıq dünyana qurban olaram. Ay işığı çöhrənə kölgə saldı. Ah canım, sənə bu qədər ağlama, demişdim. Demişdim, amma nə fayda. Ay gecəsi gündüzündən fərqli olmayan ciyərparəm. Göy üzünə, Yer planetinə, nur yağışa, ağ qar dənəciklərini görməməyə məhkum olanım. Ay ciyərparələrinin üzünü görməyənim, qəmli gözlərinə qurban olaram. Ey gözü ənginliklərə dirənib, düşüncələri mavi, görüntüsü zülmət olanım, nisgilinə qurban olum!

Nur

Bu səhər nurla açıldı. Yağış yağır-payız yağışı. Hava tutulmasına baxmayaraq əhvalım xoşdur. Yağan yağışla bərabər ağacların budaqları titrəşir, yarpaqlar soyuqdan üşüyürlər. Bir -birinə qısılan yarpaqlar hər an qopub, həyatla vidalaşacaqlarından necə də qorxurlar. Səmanın tutqun buludları pərişanlığa qərq olub. Sanki, kiməsə üzgündürlər. Yox, bu mən deyiləm, axı bu gün mənim əhvalım yaxşıdır.

Yuyulan nisgil

Budur, pəncərəmi döyən yağışlar məni salamlayır. Mən yağışa gülümsəməklə cavab verdim. Dodaqlarım pıçıldadı: - Sabahın xeyir, ay Allahın nuru, bu payız səhərində xoş gəldin dünyama. Yəqin nisgillərimi yuyub aparacaqsan, deyilmi?

Etinasız

Nigaran-nigaran yerə səpələnən qızılı yarpaqlara heyfim gəlir. Çürüyüb getmələrini könlüm rəva bilmir. Bu payız günündə pəncərəmdən boylananda küçəni süpürən qadına gözlərim sataşdı. Qadın yağışı vecinə almayaraq əlindəki süpürgə ilə həyətdəki xəzəlləri toplayır. Elə bil payızdan küsüb qadın, etinasızdı ətrafındakı gözəlliyə. Heyif o yarpaqlara. Qadın hansı gözəlliyi süpürdüyünün fərqində deyildi.

Payız

Nə qədər ki, ömrüm var, sənin gəlişini istəklə qarşılayacağam, payız. Ömrümə xoş gəldin, nur dənə-ciklərinlə. Buludlar yağış yüklüdür. Yağ başına dönüm, yağ. Nur dənəciklərin həyatın barıdır. Ey payız yağışları, xoş gəldin dünyama!

Qadın

Yağışa baxmaq üçün pəncərədən boylanıram. Qəribədir, yağan yağış altında bir qadın həyətdə qurulan turnikdə idman edir. Elə bil yağış onu islatmır. Qadın dartılır, lakin bədəninin çəkisinə gücü çatmır. Odur ki, idman etmək fikrindən daşınır və yüngül və asta addımlarla uzaqlaşır. Özü uzaqlaşır, lakin varlığı gözlərimə həkk olub qalır.

Həyat gözəldir!

Budur, ümidlə pəncərəmi açır, səhərin gözünün içinə baxaraq səmanın üzünə gülümsəyirəm. Və ciyərdolusu nəfəs alıram. İlahi, həyat nə gözəldir! Yaşamaq necə şirinmiş! Atılmağıma baxmayaraq!

Salam

Səmanın alatoranlığı içərisində süzən şəhərin nurunda və televiziyada səsləndirilən muğamın sədaları altında hər birinizə salam söyləyirəm, ey insanlar!

Düşüncələr

Yenə düşünürəm... Nə yaxşı ki, düşünmək tərzi varmış, nə yaxşı ki, heç kim heç kimin düşüncələrinə müdaxilə etmir. Daha doğrusu, müdaxilə edə bilmir. Bu qabiliyyəti insanlara vermədiyi üçün Allahıma təşəkkür edirəm. Məni öldürün, amma düşüncələrimə müdaxilə etməyin, onsuz da mümkünsüzdür! Eh, mən yenə düşünürəm...
Вернуться назад