10 may Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 99-cu ildönümüdür
6-05-2022, 12:41. Разместил: heqiqet
Böyük şəxsiyyət 1990-cı illərin əvvəllərində Azərbaycanı bütün sahələrdə yaşanan tənəzzüldən, vətəndaş qarşıdurmasından, parçalanmaq təhlükəsindən xilas edib, dövlət çevrilişi cəhdlərinin qarşısını müdrikliklə alıb. Heydər Əliyev məhz xalqa güvənərək respublikada ictimai-siyasi sabitliyi bərqərar edib, Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, bütün sahələrdə dərin islahatlar həyata keçirib. Ümummilli lider Heydər Əliyev cəmiyyətin bütün təbəqələrini, o cümlədən gəncləri, ziyalıları, müharibə veteranlarını da daim diqqət mərkəzində saxlayırdı. Ulu öndər Heydər Əliyev çıxışlarında vurğulayırdı ki, iqtisadiyyatı güclü olan dövlət xalqın mənafeyinə xidmət etməlidir. Belə dövlət beynəlxalq arenada mövqelərini möhkəmləndirə, ordusunu gücləndirə bilər. Dövlət özünün güclü ordusuna arxalanmalıdır. Dövlətin və xalqın orduya qayğısı yüksək səviyyədə olmalı və bu birlik daim təmin edilməlidir. Bu məsələlərə xüsusi diqqət yetirən Ümummilli Lider dövlət quruculuğu siyasətində həmin prinsiplərin təmin olunmasını daim nəzarətdə saxlayırdı.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət hazırda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Məhz bu siyasət sayəsində regionun lider dövləti olan Azərbaycan artıq bölgədə və dünyada mühüm söz sahibinə çevrilib. Azərbaycan dövləti yaşadıqca ulu öndər Heydər Əliyevin xatirəsi qədirbilən xalqımız tərəfindən daim ən yüksək hörmət və ehtiramla yad ediləcək. Çünki ümummilli lider Heydər Əliyevin adı Azərbaycan tarixinə və xalqımızın yaddaşına əbədi həkk olunub.

Elvina Xasməmmədova,
"Azərbaycan xanımı"
jurnalının baş redaktoru,
"Qızıl qələm" mükafatı laureatı
Вернуться назад