Heqiqet.Az » siyaset » 10 may Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 99-cu ildönümüdür


10 may Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 99-cu ildönümüdür

6-05-2022, 12:41
Çap et
10 may Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 99-cu ildönümüdür Xalqımız zəngin tarixi ərzində bir sıra görkəmli şəxsiyyətlər yetişdirib. Həmin şəxsiyyətlərin arasında ümummilli lider Heydər Əliyevin özünəməxsus yeri var. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin tarixində silinməz izlər qoyub. Bütün fəaliyyəti dövründə “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” prinsipinə əsaslanan Heydər Əliyev ümumxalq mənafeyini hər şeydən üstün tuturdu. Ulu Öndərin həyatına, fəaliyyətinə nəzər salanda bunu aydın şəkildə görmək mümkündür. Heydər Əliyev xalqının Ümummilli Lideri səviyyəsinə yüksələnə qədər mühüm vəzifələrdə çalışıb, zəngin həyat yolu keçib. Xüsusi xidmət orqanlarında uğurlu fəaliyyətdən sonra sovet dövründə Azərbaycana rəhbərlik edib, daha sonra keçmiş SSRİ-nin ali rəhbərlərindən biri olub. Sovet İttifaqının süqutundan sonra müstəqil Azərbaycana rəhbərlik edən Heydər Əliyev fəaliyyətinin hər iki dövründə ölkəmizin dinamik inkişafı, xalqın rifahı üçün yorulmadan çalışıb. Müstəqillik illərində Azərbaycanın beynəlxalq aləmdə tanınmasında və yüksək mövqe qazanmasında ulu öndər Heydər Əliyevin rolu əvəzsizdir. Bu uğurları şərtləndirən əsas amil Heydər Əliyevin həmişə xalqa arxalanması olub.
Böyük şəxsiyyət 1990-cı illərin əvvəllərində Azərbaycanı bütün sahələrdə yaşanan tənəzzüldən, vətəndaş qarşıdurmasından, parçalanmaq təhlükəsindən xilas edib, dövlət çevrilişi cəhdlərinin qarşısını müdrikliklə alıb. Heydər Əliyev məhz xalqa güvənərək respublikada ictimai-siyasi sabitliyi bərqərar edib, Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, bütün sahələrdə dərin islahatlar həyata keçirib. Ümummilli lider Heydər Əliyev cəmiyyətin bütün təbəqələrini, o cümlədən gəncləri, ziyalıları, müharibə veteranlarını da daim diqqət mərkəzində saxlayırdı. Ulu öndər Heydər Əliyev çıxışlarında vurğulayırdı ki, iqtisadiyyatı güclü olan dövlət xalqın mənafeyinə xidmət etməlidir. Belə dövlət beynəlxalq arenada mövqelərini möhkəmləndirə, ordusunu gücləndirə bilər. Dövlət özünün güclü ordusuna arxalanmalıdır. Dövlətin və xalqın orduya qayğısı yüksək səviyyədə olmalı və bu birlik daim təmin edilməlidir. Bu məsələlərə xüsusi diqqət yetirən Ümummilli Lider dövlət quruculuğu siyasətində həmin prinsiplərin təmin olunmasını daim nəzarətdə saxlayırdı.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət hazırda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Məhz bu siyasət sayəsində regionun lider dövləti olan Azərbaycan artıq bölgədə və dünyada mühüm söz sahibinə çevrilib. Azərbaycan dövləti yaşadıqca ulu öndər Heydər Əliyevin xatirəsi qədirbilən xalqımız tərəfindən daim ən yüksək hörmət və ehtiramla yad ediləcək. Çünki ümummilli lider Heydər Əliyevin adı Azərbaycan tarixinə və xalqımızın yaddaşına əbədi həkk olunub.
10 may Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 99-cu ildönümüdür

Elvina Xasməmmədova,
"Azərbaycan xanımı"
jurnalının baş redaktoru,
"Qızıl qələm" mükafatı laureatı
Reytinq: