Heqiqet.Az » gundem » Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir


Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Dünən, 20:08
Çap et
Bu il 151 yaşını qeyd edən Azərbaycan milli mətbuatı da həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də müstəqil Azərbaycan dövləti kimi çətin və şərəfli bir yol keçərək günümüzə qədər öz ənənəsini qoruyub saxlaya bilib, dördüncü hakimiyyət olaraq özünü təsdiq edib. XIX əsrin 70-ci illərində xalqımızın milli kimliyinin, maarifçilik ənənələrinin carçısı kimi dahi mütəfəkkir Həsən bəy Zərdabinin 1875-ci il, 22 iyulda təsis etdiyi “Əkinçi” qəzeti ilə meydana çıxan Milli Mətbuatımız təəssüflər olsun ki, XX əsrdə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin üzləşdiyi taleyi ondan 43 il əvvəl yaşayıb.
Ulu Öndərin əsasını qoyduğu media siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin zamanında qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması prosesinin davamı olaraq, cənab İlham Əliyev tərəfindən həmin borcların ləğv olunması, milli mətbuatımızın 130, 135, 140, 145 və 150 illik yubileylərinin keçirilməsi haqqında imzalanan sərəncamlar, jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının tikilərək bu sahədə uzun illər çalışan qələm əhlinə pulsuz təqdim edilməsi, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis olunması dövlətin, onun ali rəhbərinin media siyasətinin bariz nümunəsidir.
Məhz dölətin, onun prezidentinin mətbuatın inkişafı, onun azad və müstəqil olması istiqamətində atdığı addımların nəticəsidir ki, Azərbaycan mətbuatı, onun dövlətə, dövlətçiliyə bağlı nümayəndələri də bu etimadı layiqincə doğruldur, ölkəmizin beynəlxalq səviyyədə təbliğində fəal iştirak edir, Azərbaycanın milli maraqlarının keşiyində dayanırlar. Bunun ən bariz nümunəsini 44 günlük Vətən Müharibəsində əyani şəkildə gördük. Ali Baş Komandan, Cənab İlham Əliyevin diplomatik və hərbi cəbhədə əldə etdiyi uğurları Azərbaycan mediası informasiya cəbhəsində dünyaya çatdırdı. Paralel olaraq Vətən Müharibəsi günlərində Azərbaycana qarşı erməni təxribat maşınının qarşısında əzmlə dayanaraq informasiya mübarizəsində önə çıxdı. Mətbuata göstərilən diqqət və qayğıya uyğun ortaya qoyulan fəaliyyətin nəticəsidir ki, bu gün Azərbayan mətbuatı təkcə regional deyil, eyni zamanda qlobal səviyyədə də tanınır, ictimai fikrə təsir göstərə bilir. Bütün bunlarla paralel olaraq mətbuatımız müxtəlif beynəlxalq platformalarda uğurla təmsil olunur, qlobal əhəmiyyətli mövzulara evsahibliyi edərək onları müzakirəyə çıxarır. Bu mənada bu günlərdə Şuşada keçirilən Qlobal Media Forumu xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan mətbuatı özünün ən çətin dövrünü sovetlərin zamanında yaşadı. Mərkəzin imperiya siyasətinə uyğun olaraq bütün qəzet və jurnalların ciddi senzuraya məruz qalması, dərc olunan materialların kommunist ideologiyasına uyğun hazırlanması mətbuatımızı açıq şəkildə desək millilikdən uzaqlaşdırdı. Həm də artıq mətbuat nə ictimai fikrə təsir gösrərə bilir, nə də milli şüurun oyanmasında rol oynayırdı.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün istiqamələrdə olduğu kimi, mətbuat sahəsində də müsbət dinamika müşahidə edilməyə başlandı. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Beləliklə, Ümummilli Liderin mətbuatın inkişafına xidmət edən tədbirləri nəticəsində ölkədə söz və fikir azadlığının genişlənməsi üçün hüquqi baza yaradıldı.

Heydər Əliyevin o dövr üçün atmış olduğu ən ciddi addımı və mətbuata inqilab effekti verən qərarı Azərbaycanda senzuranın ləğvi oldu. Belə ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin qərarı ilə Azərbaycanda senzura ləğv edildi. Bu qərar müstəqil jurnalistikanın inkişafında mühüm dönüş nöqtəsi oldu. Məhz bundan sonra media orqanları daha sərbəst fəaliyyət göstərməyə, cəmiyyətin müxtəlif problemlərini işıqlandırmağa başladılar. Azərbaycanda senzuranın ləğvi öz növbəsində müstəqil medianın inkişafına da stimul verirdi. Elə bunun nəticəsi idi ki, sonrakı illərdə qəzet və jurnallarla yanaşı internet informasiya portalları, xəbər agentlikləri, televiziya kanalları və onlayn media yaradılmağa başlandı, Azərbaycan milli mətbuatı sözün əsl mənasında intibah dövrünə qədəm qoydu.

Hazırda Azərbaycan mediası ənənəvi və rəqəmsal jurnalistikanın vəhdəti şəraitində fəaliyyət göstərir. İnformasiya texnologiyalarının inkişafı öz növbəsində mətbuatı da daha məhsuldar olmağa sövq edir. Qəzetlərlə yanaşı internet saytları, mobil tətbiqlər və sosial media platformalarının mövcudluğu oxucunun daha operativ məlumat əldə etməsini asanlaşdırır.

Əziz jurnalistlər, sizi bu əlamətdar gün - 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edir, işinizdə obyektivlik, prinsipiallıq, yüksək peşəkarlıq və əsl vətəndaşlıq mövqeyi arzulayıram.

Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir Məsum Əliyev,
Kürdəmir rayonu Karrar Ailə-Sağlamlıq mərkəzinin bölmə müdiri
Reytinq: