» » Zəngəzur dəhlizi: Regionda sülhün və inkişafın əsas lokomotivi


Zəngəzur dəhlizi: Regionda sülhün və inkişafın əsas lokomotivi

1-06-2021, 08:53
Çap et
Zəngəzur dəhlizi: Regionda sülhün və inkişafın əsas lokomotivi Vətən müharibəsindəki qələbə ilə Azərbaycan təkcə ərazi bütövlüyünü təmin etmədi, həm də regionun coğrafiyasını dəyişdi. Artıq yeni reallıqlar meydana çıxıb. Bu reallıqlar isə yalnız Cənubi Qafqaz üçün deyil, bütövlükdə Türkiyə və Rusiya başda olmaqla, bütün region dövlətlərinin, eləcə də türk dünyasının ümumi maraqlarına xidmət edir.
Bəllidir ki, müharibənin başa çatdığını, eləcə də Ermənistanın təslim olduğunu ifadə edən 10 noyabr aktı özündə bir sıra mühüm müddəaları əks etdirir. Həmin müddəalardan biri də Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini quru yolla birləşdirəcək Zəngəzur dəhlizinin açılmasıdır. Təqribən 40 kilometr uzunluğa malik olan bu dəhlizin əhəmiyyəti ilk baxışdan diqqət çəkməyə bilər, amma görəndə ki, Türkiyə bu dəhlizlə birbaşa Azərbaycana, buradan isə bütün türk coğrafiyasına, Rusiyaya çıxış əldə edir, həmçinin, biləndə ki, Rusiya kimi nəhəng bir dövlətə və ya bu dövlətdən digər ölkələrə əlavə nəqliyyat dəhlizi açılır, bu zaman Zəngəzur dəhlizinin əsl mahiyyəti və ciddiyyəti ortaya çıxır.
İlk mərhələdə Ermənistan da bunun mahiyyətinə varmırdı. Hətta müharibədən sonra Ermənistan bu məsələ ilə bağlı öz etirazını bildirmişdi. Lakin son dövlər baş verən proseslər, eləcə də bu ölkənin üzləşdiyi ağır sosial-iqtisadi vəziyyət Ermənistan tərəfini də artıq bu dəhlizin qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil etməyə vadar elədi. Bilirsiniz ki, bununla bağlı artıq üçtərəfli qaydada – Azərbaycan, Rusiya, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup çərçivəsində müzakirələr aparılır.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Zəngəzur dəhlizi ilə bağlı sözügedən işçi qrupun fəaliyyətinə də toxundu. Bildirdi ki, artıq yaxşı nəticələr var...
Məlumdur ki, Azərbaycan azad edilmiş torpaqlarda Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun çəkilişinə artıq start verib. Yaxın iki il ərzində bu dəmir yolunun tam istismara veriləcəyi gözlənilir. Naxçıvan ərazisində isə dəmir yolunun böyük hissəsi artıq fəaliyyətdədir, çatışmayan hissə də tezliklə inşa ediləcək. Növbəti mərhələdə isə Ermənistan ərazisində Zəngəzur dəhlizinin əsas hissəsi inşa ediləcək.
Beləliklə, beynəlxalq müstəvidə də adı məhz Zəngəzur dəhlizi kimi təsbit edilən bu dəhliz region dövlətlərinin, xüsusən də Türkiyə ilə Azərbaycanın bir-biri ilə əlaqəsini daha da gücləndirəcək, Ermənistan da daxil olmaqla regionun iqtisadi inkişafına təkan verəcək. Ayrıca, Ermənistan bu dəhliz vasitəsilə Azərbaycan ərazisindən Rusiyaya birbaşa çıxış əldə edəcək. Ermənistanın ümumi ticarət dövriyyəsinin əsas hissəsini (2020-ci il üzrə 7,103 mlrd dollar) məhz Rusiya təşkil etdiyini nəzərə alsaq, Zəngəzur dəhlizinin Ermənistan üçün də nə dərəcədə əhəmiyyətli olduğunu görmək olar.
Bütün bunları nəzərə alaraq, deyə bilərik ki, tarixi və strateji əhəmiyyətli Zəngəzur dəhlizi regionda sülhün, birliyin, əməkdaşlığın və inkişafın əsas lokomotivi olacaq.
Reytinq: