Vətən müharibəsində cənab Ali Baş Komandan bütün təzyiqlərə mərdanə şəkildə sinə gərdi24-11-2021, 07:23
Çap et Ermənistan 30 ildən artıq idi ki, Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasəti həyata keçirirdi. Beynəlxalq aləm isə bütün bunları, sadəcə olaraq, soyuqqanlılıqla müşahidə edirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi vurğulansa da, işğalçı qüvvələrin ölkəmizin ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Ermənistan işğalçılıq siyasətindən geri çəkilmirdi, həmin qətnamələr yerinə yetirilmirdi. Beynəlxalq qurumlar tərəfindən də problemin həllinə laqeydlik, biganəlik göstərilirdi. Prezident İlham Əliyev münaqişənin qan tökülmədən sülh yolu ilə həll olunması üçün əlindən gələni etsə də, düşmən tərəfi işğalçılıq əməlindən əl çəkməyərək, tez-tez açıq-aşkar “yeni torpaqlar uğrunda yeni müharibə” iddiasını səsləndirirdi.
Belə bir cəzasızlıq şəraitində – bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutdu. Azərbaycan Ordusu bu yeni hərbi təcavüzə cavab olaraq, Ermənistanın işğalı altındakı torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Xalqımız bütünlüklə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında səfərbər oldu. O gündən Azərbaycan ərazilərinin azad olunması uğrunda gedən döyüşlərdə qüdrətli ordumuz tərəfindən şanlı tarix yazıldı – 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimzin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Yurdsevər xalqımız öz liderinin– müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildi. Düşmənin illərlə qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi. Ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Beləliklə, otuz il işğal altında olan əzəli torpaqlarımız – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və digər yaşayış məntəqələri, strateji yüksəkliklər işğaldan azad edildi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə qarşılandı. Noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınması, bunun ardınca, noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasiya etməsi tariximizə zəfər həftəsi kimi yazıldı. Müharibənin davam etdiyi 44 gün ərzində Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Bu gün fəxrlə qeyd edə bilərik ki, illərlə aparılan danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma müddəalarının ölkəmiz üçün ən sərfəli variantı belə hazırda Azərbaycanın əldə etdiyi üstünlüklə müqayisəyə gələ bilməz. Düşmən isə reallaşdırmaq istədiyinin heç birini həyata keçirə bilmədi. Mənfur və yolverilməz niyyət – Dağlıq Qarabağın “dövlət” statusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bu bölgədə yeni erməni dövlətinin yaradılması planları tamamilə alt-üst oldu. Savaş günlərində Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərdi, öz prinsipial mövqeyindən dönmədi. Dövlətimizin başçısı dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Bununla da Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Nəticədə, Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
