Əkiz hamiləlikdə döllərdən biri tələf olarsa, nə etməli?8-09-2015, 12:36
Çap et - Əkiz hamiləlikdə döllərdən birinin tələf olması nə ilə əlaqədardır? - Əkiz hamiləlik patoloji hamiləlik hesab olunur. Bu zaman ağırlaşmalara, riskli vəziyyətlərə daha çox rast gəlinir. Hətta belə demək olar ki, bətndə 2 döl olduğuna görə risk iki dəfə artıqdır. Hamiləlikdə bətndaxili dövrdə dölün tələf olması müxtəlif səbəblərdən ola bilər. Bir sıra hallarda səbəbləri müəyyən etmək olmur. Dölü ana bətninə bağlayan ciftin qan dövranı pozğunluğundan, dölün özündə olan qüsurlar, qan uyğunsuzluğundan tutmuş, infeksiyalara qədər bir sıra səbəbləri ola bilər. Bundan əlavə, sırf əkiz hamiləliyə aid olan bəzi xüsusiyyətlər var: əkizdən əkizə transfuziya sindromu. Yəni ortaq cifti olan əkizlərdə qanın birindən digərinə keçməsi zamanı yaranan sindrom var ki, əkizin biri kiçik qalır, inkişaf edə bilmir, digəri isə böyüyür, hətta normadan artıq böyüyür və bu zaman hər iki döl üçün risk əmələ gəlir. Arıq olan qida, oksigen çatızmazlığından, böyük olan isə ürəyə düşən yükün artıq olması səbəbilə ürək çatışmazlığından tələf ola bilir. Səbəb nə olur-olsun, döllərdən birinin tələf olması həm digər döl, həm də ana orqanizmi üçün risk yaradır. - Xalq arasında zəhərlənmə adlandırılan bir vəziyyət var. Nədir bu zəhərlənmə? - Belə bir fikir formalaşıb ki, tələf olmuş dölün zəhərli maddələri ana bətninə keçir. Əslində, bu, belə deyil. Dölün çürüntüsü ana qanına keçmir. Ana bətninə keçən daha fərqli şeylərdir. Dölü ana bətninə bağlayan ciftdən xırda toxuma parçaları ananın qanına keçir. Və bu parçalar ana qanında laxtalanmaya gətirib çıxarır. Buna qanın damar daxilində laxtalanması deyilir. Bu zaman adi yarada olduğu kimi laxta yaranmır. Orada mikroskopik laxtalar yaranır. Və bu, ana qanının laxtalanma faktorlarının tükənməsinə səbəb olur. Buna görə də travma olmasa da, qanaxma baş verə bilər. Bu vəziyyət istənilən insanda, istənilən səbəbdən yarana bilər. Hətta kişilərdə belə, sepsiz, infeksiya, bədxassəli şişlər, çoxsaylı qan köçürmələri nəticəsində əmələ gəlməsi mümkündür. Amma bətndaxili ölümün disseminə damardaxili laxtalanma sindromuna gətirən mexanizmi izah etdiyim kimidir. Qarşı-qarşıya qaldığımız risk bundan ibarətdir. - Bir çox səbəblər sadaladınız, bunlardan ən geniş yayılanı hansıdır? - Ən geniş yayılmış səbəb bətndaxili inkişaf geriliyidir. Əkizlərdə bu vəziyyətə daha çox rast gəlinir. Çünki ana bətninə bir yox, iki uşağın cifti bağlanır. İkisindən birində qan dövranının pozulması ehtimalı daha çox olur. İmplantasiya problemindən tutmuş, ciftin böyüməsinə qədər... İki döl ana qanından qidalandığına görə qan dövranında nisbi və ya mütləq çatışmazlıq meydana çıxa bilir. - Bu vəziyyətə ana orqanizmi təsir göstərə bilər? - Qidalanmadan tutmuş, müəyyən xəstəliklərə, ümumi və yerli qan dövranının (mikrosirkulyasiya) pozulmasına səbəb ola biləcək xəstəliklərə qədər qadın orqanizminin bu vəziyyətə təsiri ola bilər. - Hamiləlikdə bu vəziyyət son dövrlər yaranıb, yoxsa...? - Əslində, hamiləlik patologiyaları son dövrlər meydana çıxan xəstəliklər deyil. Sadəcə, bəzi xəstəliklərin son dövrlər aktual olması, çox işıqlandırılması, insanların daha çox öyrənməsi, daha çox elm və texnikanın inkişafı nəticəsində həm xəstəliklərin diaqnostikasının, həm də xəstələrin ümumi rifah halının artması ilə əlaqədar həkimlərə çox müraciət etməsi ilə bağlıdır. Haqqında danışdığımız patologiyanın artmasına səbəb ola biləcək faktorlar - qadınlar arasında siqaret çəkmə hallarının artması, narkotik vasitələrdən, kofein – çay, kofedən həddən istifadə, müxtəlif dərmanların qəbulu ola bilər. Amma son dövrlər bunu azaldan faktorlar da var. Əgər əvvəllər ananın qidalanması, vitamin çatışmazlığı ilə əlaqədar döldə inkişaf geriliyi baş verirdisə, bu gün belə hal baş vermir. Azərbaycanda belə bir halla rastlaşmamışam ki, anada qida çatışmazlığı ilə əlaqədar döldə bətndaxili inkişaf geriliyi olsun. Yalnız hər hansı mədə-bağırsaq problemi olan anada qida çatışmazlığı ola bilər. - Azərbaycanda əkiz hamiləlik zamanı döllərdən birinin tələf olması halına tez-tez rast gəlinir? - Sözügedən patologiya Azərbaycanda o qədər də geniş yayılmayıb. 6 illik təcrübəmdə təxminən 5-6 hamiləlikdə sırf əkiz tayın tələf olması halına rast gəlmişəm. Çox nadir patologiyadır. Tədqiqatçı hər zaman çalışır ki, tədqiqat obyektlərinin sayı çox olsun ki, nəticə doğruluğa yaxın olsun. Baxmayaraq ki, son dövrlər süni mayalanmanın tətbiqi nəticəsində əkiz hamiləliklərin sayı artıb, döllərdən birinin tələf olması patologiyasına az rast gəlinir. Hətta bunu araşdırmaq üçün tibbi ədəbiyyata nəzərə salanda ən geniş məqalələrdə belə, maksimum 10-15 situasiya barədə məlumatlar toplanıb. Bu isə təxminən, 10 il ərzində aparılan tədqiqatın nəticəsidir. Araşdırma nəticəsində, əsasən, bir fikrə gəlmək olur. Son bir ildə Bakı Sağlamlıq Mərkəzində 4 belə hamiləmiz olub. Bəlkə də vaxtından əvvəl doğulanlara yardım etdiyimiz, başqa müəssisələrdən bizə belə xəstələr çox göndərildiyi üçün artıq 4 belə hamilə ilə rastlaşmışıq. Bu hamilələrə yardım göstərməzdən öncə yenə də dünya təcrübəsini araşdırdıq və məlum oldu ki, nəinki xalq, hətta həkimlər arasında da şişirdiləcək dərəcədə təhlükə yoxdur. Düzdü, təhlükə qalır. Yəni, bayaq dediyim disseminə damardaxili laxtalanma, hətta ölümcül nəticələrə gətirib çıxarda biləcək risk öz yerindədir. Bizim həkim olaraq işimiz xəstənin vəziyyətini düzgün dəyərləndirmək, yardım etmək və ortaya çıxa biləcək riskli vəziyyətlərə hazır olmaqdan ibarətdir. Belə xəstələri adətən, stasionar qaydada müalicə edirik. İlk növbədə yaranan qorxunu dəf etmək lazımdır. Bu yerdə çox vacib məqamı vurğulamaq yerinə düşər. Xəstə və onun yaxınları ilə düzgün münasibət qurub, doğru informasiya vermək lazımdır. Çünki xəstə yaxınları çox ajiotajlı olurlar. Eşidiblər ki, döl tələf olubsa, qısa zamanda ana qanına zəhərlənmə verib, həyatına son qoya bilər. Və biz həkimlər vəziyyəti olduğu kimi, izah edirik. Xəstəni daim nəzarətdə saxlamaq lazımdır. Həm baş verə biləcək ani ağırlaşmalara hazır olmaq, həm də qanın laxtalanma faktorlarını üç gündə bir dəfə yoxlamaqla, əgər azalma varsa, tədbir görmək lazımdır. Haqqında bəhs etdiyimiz 4 xəstədə nəticə müsbət oldu. Sağ qalan əkiz tayında və anada heç bir problem yaşanmadı. Bir məsələ də var. Adətən, əkizlərdən biri tələf olanda ilk sual bu olur – niyə tələf oldu? Burada hamiləliyin gedişində həkim nəzarəti ilə bağlı bir səhvin olduğunu düşünürlər. Əlbəttə, həkim faktoru ola bilər. Məsələn, əkizin izlənməsi zamanı dölün birində inkişaf geriliyinin əlamətləri varsa, oksigen və maddələr mübadiləsində azlıq aşkara çıxarsa, vaxtında tədbir görməklə, digər əkizi xilas etmək olar. Bizə müraciət edən son 3 xəstədə əkizlərdən biri artıq tələf olmuşdu. Və çox zaman döl hamiləliyin elə mərhələsində tələf olur ki, əgər dölü azad etsək, sağ qalan dölün də yaşama şansı azalır. - Yeri gəlmişkən, iki döldən hər hansında problem olduğunu hamiləliyin neçənci ayında müəyyən etmək olar? - Əsas problem odur ki, bir döl tələf olduqda, digər döl hələ yetişməmiş olur. Ona görə də hamiləliyi uzatmaq məcburiyyətində qalırıq. Adətən, ümumi müayinə zamanı müəyyən etmək olur. Yaxud, bir qədər diqqətli hamilə hiss edə bilir ki, dölün biri tərpənir, digəri isə yox. Elə hamilə olub ki, döl 1 ay əvvəl tələf olub, amma ananın xəbəri olmayıb. Sadəcə, müayinə zamanı bilib. Hamiləliyin istənilən ayında döl tələf ola bilər. Tələfolma ilk aylarda baş veribsə, döl kiçik olduğuna görə zəhərlənmə, ağırlaşma ehtimalı az olur. Buna görə də bu hamiləliyi adi, təkdöllü hamiləlik kimi izləyirik. Amma döl hamiləliyin ikinci yarısında tələf olanda artıq risk faktorları daha çox olur. Bu zaman daha diqqətli olmaq lazımdır. Döl 32, 34-cü həftəyə qədər tələf olursa, sağ qalan dölün vaxtından əvvəl doğulması təhlükəsi ilə üz-üzə qalırıq. Əgər ölü dölə görə hamiləliyi dərhal sonlandırsaq, sağ dölün yaşama şansı az olur. Çünki hələ yetişməyib. Həkim olaraq, vəzifəmiz o müddəti heç olmasa, 34, 36, 37 həftəyə qədər uzatmaqdır. - Sağ qalan dölün həyatı üçün risk nə qədərdir? - İlk risk ondan ibarətdir ki, vaxtından əvvəl doğuş həyata keçirilir. Bu isə hər zaman həyati təhlükə deməkdir. İkincisi, infeksiya faktoru var. Əgər tələf olan dölün suyu gəlibsə, qalxan infeksiya əkiz tayına keçə bilər. Bunun qarşısını almaq üçün antibiotik müalicəsi tətbiq olunur. Amma risk qalır. İnfeksiyalı dölü həyata qaytarmaq neonotoloqlar üçün daha çətindir. Amma bətndaxili dövrdə dölün sağlamlığı üçün biz cavabdehlik daşıyırıq. Hətta doğuşdan sonra da qalıq əlamətləri varsa, yenə də məsuliyyət ginekoloqların üzərindədir. Ona görə çalışırıq ki, neonotoloqların problemlərini azaldaq. Yəni, hamiləlik müddətini uzatmaqla, infeksiya riskini azaltmağa çalışırıq. - Əkizlərdən biri tələf olduqda daha çox qeysəriyyə əməliyyatına üstünlük verilir, yoxsa təbii doğuşa? - Çoxdöllü hamiləlik qeysəriyyə üçün nisbi göstərişdir. Ümumiyyətlə, qeysəriyyə üçün göstərişlərin çoxu nisbidir. Yəni burada mütləq və nisbi göstəriş məsələsi var. Mütləq göstəriş odur ki, müəyyən situasiyada əməliyyat mütləqdir. Nisbi göstəriş isə o deməkdir ki, situasiyanın müəyyən hallarında əməliyyat etmək olar, müəyyən hallarda isə etməmək. Bu halda hər iki üsulu seçmək olar. Nəticə faktorlardan asılıdır. - Ümumiyyətlə, müasir tibdə bu patologiyanın tam müalicəsi varmı? - Bu, səbəblərdən asılıdır. Məsələn, bətndaxili inkişaf geriliyinin müalicəsi yoxdur. Plasentada qan dövranı formalaşdıqdan sonra onu artıran dərman vasitəsi yoxdur. Bu, nəzəri olaraq da mümkün deyil. Profilaktikası isə qismən var. Qanın laxtalanma qabiliyyətini azaldan dərmanlarla plasentanın formalaşma müddətində sırf damarların ana bətninə daxil olma dövründə - bu müddət 14-cü həftədə tamamlanır - müəyyən dərmanlar verməklə profilaktik olaraq bu problemin qarşısını almaq mümkündür. Digər bir patologiya əkizdən əkizə transfuziya sindromudur. Amma bunun səbəbi cift daxilində əkiz tayların damarları arasındakı əlaqədir. Belə situasiya yarananda bətndaxili dövrdə lazer müalicəsi ilə damarları qırmaq mümkündür. Düzdü, bizim ölkədə bu əməliyyat aparılmır. Türkiyədə tək-tük müəssisələrdə rast gəlmək olar. Dünyanın ən inkişaf etmiş ölkələrində belə, hər mərkəzdə aparılacaq müalicə metodu deyil. Hətta aparılsa belə, dölün tələf olma ehtimalı yüksəkdir. Çünki bətnə cərrahi müdaxilə olunur. Dölün su kisəsi zədələndiyi zaman infeksiya ehtimalı artdığına görə, müvəffəqiyyət əldə etməyə ümid azdır. Ümumiyyətlə, hamiləlik patologiyalarının əksəriyyətinin müalicəsi ya mümkün deyil, ya da az effektivdir. Profilaktikası qismən var, qismən də yox. Bunu ona görə deyirəm ki, belə patologiyası olan xəstələrin hamiləliyi izləyən ginekoloqlardan bir gözləntisi olur. Belə zənn edirlər ki, həkim nəzarətində olduqları üçün hamiləlik dövründə heç bir patologiya olmayacaq. Və patologiya yarandığı zaman da sanki möcüzə ilə onun müalicə olunmasını gözləyirlər. Düşünürlər ki, bu, həkimin səhvidir. Halbuki bizim işimiz problemi vaxtında aşkarlamaq və onun inkişaf etməsinin qarşısını almaq, həm döl, həm də ana üçün zamanında düzgün qərar verməkdir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
