Dərdin qan rəngi və yaxud qar üstə qırmızı yazır haqq-qələm (Rekviyem-ESSE)4-05-2015, 16:21
Çap et (Azərbaycanın müstəqillyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımızın əziz xatirəsinə həsr edirəm) «Şəhidlik haqq yazan ali məramdı, Xaliqin qatında nurlu məqamdı». Axşamdan sərt, sazaqlı rüzgarlarla üz döndərən hər kəs xəbərsiz idi. Ölkənin hər tərəfində bir fevral soyuqluğu vardı. O gün fevralın 20-dən 21-nə keçən gecə küləklər səmtini dəyişdi. Qərbdən əsən acı-ağrı-dərd paylayan qərib yellər, qar-çovğunla başımızın üstünü aldı. O gecə işıqlar söndü… Xəbərlər gətirən bir qatı qaranlıq gecə sən demə müəmmalı bir fevral səhəri gətirirmiş Vətənə. … Ay da, ulduzlar da söndü o gecə, Göy qara örpəyin çəkdi üzünə. Görmədi dəhşətli döndü o gecə, Vəhşət qaranlığı çökdü gözünə… Bəli, Abşeron rayonu, Nübar qəsəbəsində yaşayanların və Eybalı Cavadovun ailəsinin də bu nitq susduran məlumatdan xəbəri yox idi. Cəmi 6 ay əvvəl, axşamüstü zamanda son telefon danışıqları olmuşdur… Ertədən ürəyinə damanları heç kimlə bölüşməyən ata işıqların sönməsiylə yatağında dincəlməyə qərar verir. Oğlu Zəlimxan sarıdan heç bir narahatçılığı yox idi. Xidmət etdiyi 8 ayda hər dəfə məzuniyyətə gəlməsini istəsələr də… Zəlimxan «yazda gələcəyəm» deyirdi… Xidmət etdiyi Ağdam rayonu Sarcalı döyüş bölgəsindən ilk xəbər Qobustan rayonu, hərbi komissarlığına gəlmişdi. Ərəbşalbaş kənd icra nümayəndəsi isə onun yaxınlarına, əmisi Əzizalı və Etibara səhər saatlarında məlumat vermişdir. Hadisədən sarsılan Əzizalı əmisi qardaşı Eybalıya Zəlimxanın yaralandığını deyərək (onu «aldadaraq») kəndə gəlməsini dedi. Dünəndən yayımlanan xəbərləri hər kəs gözləyirdi. Cavanlar isə susur, eşitdiklərindən sorğuya çəkiləcəklərindən qorxurdular elə bil. Müdafiə Nazirliyinin bildirdiyinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 19-dan Ağdamda qoşunların təmas xəttində keçirilən monitorinq zamanı erməni silahlı bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri istiqamətində atəş açılıb. Azərbaycan tərəfdən monitorinqdə iştirak edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Yevgeni Şarov bildirib ki, əvvəlcədən müəyyən edilmiş monitorinqin keçirilməsi qaydalarına uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cavab atəşi açmayıvb və monitorinqin başa çatmasına müvəfiq şərait yaradılıb. Amma erməni tərəf həmişə olduğu kimi istənilən vəziyyətdən istifadə etməklə, bu cür çirkin əməllərə əl ataraq təxribat törətməklə vəziyyəti gərginləşdirməyə və beynəlxalq təşkilatları da buna cəlb etməyə cəhd göstərir. Televiziyadan və internetdən alınan məlumatlara baxmayaraq camaat kənddə və rayonda bir-birinə dəyirdi… Dəqiq məlumat üçün gələn «Xəzər» televiziyasının müxbiri Rəşad Aydın isə hadisə barədə canlı reportaj hazırlayırdı. Bir an içində bütün ölkəyə yayılan xəbərin əsli isə hələ yol gəlirdi. Vaxt günortadan da ötüşmüşdü… … An içində hər şey elə bir insanlığa qərib kimi görünməyə başladı. Doğmalıq hissi hamıya gözəgörünməyən ecazkar bir qüvvənin ovsunuyla təlqin olunurdu elə bil. Heç kim cürət eləyib bir kəlmə kəsmək istəmirdi. Və heç kəs də dayandığı yerindən tərpənmir. «Axı nə olub?!» deyə sual dolu nəzərlər ağızlarda dili, sinələrdə ürəkləri bülövləyirdi. Adamlar bircə onu hiss edirdilər ki, izdiham genişlənir, maşınların sıxlığı yol kənarlarında xüsusi bir darlıq sıxıntı verirdi. Qəbristanlığın yanına ürəklənib, axışıb gələnlərə elə gəlirdi ki, doğrusu dünya daralır… Bəli, bayaqdan bəri ürəklərindəki, pərişanlığı duyan uşaqlar, qadınlar belə kiminsə məhrəm, doğma səsinə təşnə kimi gözləri yol çəkirdi. Hamı için-için ağlayırdı. İndi hansı daş ürəklə bu izdihama doğma təki necə dillənib deyəsən ki… YOX! bu kişi qürurundan asılı bir iş deyildir. El önündə natikliq etmək, vaxtı da deyil. Bircə kəlmə söz lazımdır adamlara. Bəs sonra, sonra bu ağırlığın altına kimi çiynini-cinahını veri, zülmə-zillətə bu zülmətə qatlanacaq? Bir sözlə, nitq susduran anlar idi. Yığışanların çoxusu ürəyini, gözlərini elə bil sinəsində hifz elədiyi ən əziz bayatısını, ağısını sanki ərşə bülənd eləyəcək, göy üzünə ah! Çəkəçək, ulduzlu kəhkəşanı Yer üstünə ələyəcəkdi… Adamların üzlərində bir solğunluq, məyusluq oxunurdu. Anam sənə nə olubdu? Atam bağın sovulubdu? Nənəm-babam suyun bəlkə soğulubdu? Vətən qanın sorulubdu?! Əli ürəklərinin üstündə xəbər-zəng gətirənin üstünə yeriməyə başladılar. Elə bil adamlar an içində qərinələrdə yol adlayıb xəbərin uğruna çıxmışdılar. Gözləri, ürəkləri beyinləri dolu adamlar bir yüngüllük hiss edirmiş kimi dodaqaltı dillənməyə başladılar. «Allahın bu millətə yazığı gəlsin, qışın günü nə günahımız varsa, böyüklüyünə bağışla, təqsirimizdən keç, Allahım!» Baxışları göylərin dərinliyində ilişib qalan boynuluruq məsumlar Elsəvər, Elnurə, Zinyət hamını kövrəltmişdi. Eybalı kişi özünə toxtaqlıq versə də, Anamxanım ananı əvəz edən Nərminə bacı, Fatma, Gülqız xalalar göy üzünü qaraldan qara buludlar təki dolub-tutulmuşdular. Bu arada «Dilim qurusun bala!» deyə gənc bir anan harayı dizləri üstə yüksək səslə şahə qalxdı «yalan olsun bu xəbər, gözlərim kor olsun bala!» insan ömrünün belə tezliklə sonuclanması ancaq böyüklərin təəssüfü, heyrəti ilə nəticələnirdi. Zaman məhdudlaşırdı. Bütün rayon rəhbərləri, qonşu kənd nümayəndələri, müəllim-şagird kollektivləri, hər kəs axın-axın bura yönəlirdi. Heç kimə artıq gizli bir şey qalmamışdı. Dövlət əhəmiyyətli bir tədbir idi. Kəndin mərkəzi küçəsi başdan-başa üç rəngli bayrağımızla şərəf duyurdu. Təcili tibbi yardım maşını, hazır əklil və gül çələngləri, İTV, ANS, Region AzTv, «Xəzər» televiziya kanallarının bölgə müxbirləri, müstəqil qəzetlərin jurnalist kollektivləri yol gələn müjdə-xəbəri qarşılamağa gəlmişdilər. Əsgər Cavadov Zəlimxan Eybalı oğlu - Şəhid olmuşdu! «Analar göylər ağlar, Ürəyi yanar ağlar. Daş ağlar, torpaq ağlar, Dönər ağ göyərçinə, Yollara qonar ağlar». Təmkin və son dərəcə səbrlə qarşılaşan bu mühit hadisə çiyinlərdə daşınmalı oldu. Ağırlığı və məsuliyyəti ilə təkcə Eybalı atanın dərd yükünü daşımaq hər kişinin işi deyildi. Ağırlığı və məsuliyyəti ilə təkcə Eybalı atanın dərd yükünü daşımaq hər kişinin işi deyildi. Ağırlıq onun qaldırana verilirmiş… Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin katibi Qurbani çıxış edərək bildirdi ki; «Fevralın 21-nə keçən gecə erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrinin Ağdam istiqamətindəki, bölmələrinin mövqelərinə basqını zamanı şəhid olan Əsgər Cavadov Zəlimxan Eybalı oğlunu doğulduğu Qobustan rayonunun Ərəbşalbaş kəndində son mənzilə uğurlayırıq. Ruhu şad olsun!» Müdafiə Nazirliyinə aid «Fəxri qarovul»un müqayyiəti ilə yaydım atəşləri altında öz doğma Ərəbşalbaş kəndində qoruduğu müqəddəs torpağa tapşırıldı. P.S. «Yazı çapa gedən vaxtadək döyüşdə igidliyə görə» təltiflər isə hazırlanmamışdı. Bir dəqiqəlik sükutla yad edildi. Qəbri üstünə düzülən tər çiçəklər, əklil və bayraq onun həmişə yaşar müqəddəs ruhu üçün hər halda bir təsəlli, təskinlik idi. Ömrünün baharın bayatılı güllərlə əvəzlədi. Ruhu şad olsun. «Axı deyib, çıx yola, Səhər, axşam bax yola. Ana, gəlməsəm bil ki, Daha getdim haqq yola!» Bir bayatılıq ömürlə kitablara sığmaz tarixi həyat yaşayan Zəlimxan əbədi yaşar bir axirət qazandı məqamı mübarək olsun! Gözləri, yaşlı, kövrək hisslərlə susan qardaşı Elsevəri dinləmək mənim üçün çox çətin idi. Lakin özüm içdən gələn səsləri dinləyərək dedim ki, «Əhdinə sadiq, vədinə əməl etdi. Gəldi… bəli, getmədi». Zabit-əsgər heyətinin dediklərinə görə erməni qəsbkarları ilə düşmənlə ara məsafəsi gözlə görünən olub. Bir sözlə üz-üzə qəlb parçalayan səhnələri göz önünə gətirmək və onu seyr etmək daş ürəkli olanların işidir. Nə isə… Qardaşım, Yaradan bizlərə səbr versin! O, 01 iyul 2014-cü ildə Qobustan rayonu hərbi çağırış məntəqəsindən həqiqi hərbi xidmətə yola salınmışdır. Hərbi-hazırlıq təlimi və and içmə mərasimi Gəncədə olmuşdur. Sonra Xındırıstanda N saylı hərbi hissədə və ***döyüş bölgəsində xidmət edirdi. Zabitlərin dediyinə görə, onlarla heyət üzvünü ölümdən qurtardı. «Çünki o gecənin növbətçisi axı o idi. O şərəfə layiq Zəlimxan oldu. O məqama çatmaq üçün hamımız çalışırıq. Rütbələrin ən üstünü - Şəhidlikdir! Təki Vətən yaşasın!» Heç kimin xəyalına belə gəlməzdi ki, qışın qar soyuqluğu birdən-birə kəskin münasibətlə bizləri bir-birimizə istiqanlı edəcək. Qəlblər soyuqqanlı hisslərdən bir məhrəmlik umacaqdır. Haqqın Qələmi qar üstə qırmızı çalarda dərdin qan rəngində şəhid Zəlimxan yazdı... O yazıları hər kəs oxuya bilməz. Duyarsa belə deyər: «Anam, bəsdi, ağlama, Ölüm fərzdi, ağlama. Gözüm gəzəcək səni… Gözlərimi bağlama». Azərbaycanın müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Qobustan rayonun Ərəbşalbaş kəndinin mübariz oğlu Zəlimxan Eybalı oğlu Cavadov Abşeron rayonu Nübar qəsəbəsində fəaliyyət göstərən Qubadlı rayonu 3 saylı Xanlıq kənd tam orta məktəbinin məzunu olmuşdur. Məktəbin direktoru Qabil müəlliim Lələşov xəstə olmasına baxmayaraq, üzüntülü duyğularını dilə gətirdi. «Vətəncanlı idi, çox təəssübkeş oğul idi. Hərbiçi olmaq istəyi vardı. Atası zəhmətkeş bir insanları, bizimlə çiyin-çiyinə işləyir. Tədris hissə müdiri tarix fənn müəllimi Mübariz onun çılğın hisslərinin şahidi olduğunu dedi: - İşğal olunmuş torpaqların azad olunması üçün hər kəsin səfərbər olub bir yumruq halında olmasını deyirdi. Sinif rəhbəri Yeganə müəllimə isə, vallahi gəncliyinə uyuşmayan əhli bir nəsihətamiz halı vardı. Az savadlı olmasına baxmayaraq, ədəb-ərkanlı siması vardı… Mahir Tarıverdiyev bir müəllim kimi ondan çox razılıqlar söylədi. K.Hökməli bələdiyyəsinin sədri və icra nümayəndəsi mərasimin gedişatı üçün əlindən gələni əsirgəmirdi. Eşitdiyim bütün xoş söz birləşmələri onu özündə ehtiva edirdi ki, məhz o, bu zirvəyə layiq imiş… Yas mərasimində iştirak edən onu tanıyanlar və qohumları onun barəsində xoş təəssüratlar söylədi. Şəhidilik ali dərəcədir. Bütün günahları bağışlanır. Nəticə etibarı ilə şəhidlik böyük nemətdir. Ona bu adın verilmə səbəbi cənnətlik olduğuna şahidlik edilməsi yaxud, şəhidin Allah dərgahında diri olması və ya ölüm əsnasında mələklərin şahid və hazır olmalarıdır. Necə ki, ruhu şad olsun Alı Mustafayev yazırdı: «Əsgər şəhid varsa, demək Vətən var, Şəhidlər dünyada ən böyük haqdır. Ölümdən qorxmayın, siz ey oğullar, Ruhlar bu torpağı qoruyacaqdır!» Gənciyimizə örnək, nümunə idi Zəlimxan Cavadov. Gözlərimizin önündə rəşadət və hünəri ilə yadda qalan bu gənc əsgər vətənin müdafiəsi üçün çox iş görmək istəyirdi. Sərhədlərimizi şiddətli atəşlərlə pozan düşmən döyüş əsnasında ən ağır yaraladı. Özündən sonra gələcək nəslə ülvi bir xatirə də qoyaraq şəhadət şərbətini içdi. «Siz, ey Vətənimin xilaskarları, Adınız şərəflə anılır hər an. Qovaq yurdumuzdan qəsbkarları, Yaşayaq müstəqil, azad, firavan». Əbədi aləmdəki mükafatları seyr edərək son nəfəsdə şəhidlik pəncərəsindən boylanan boylu-buxunlu qəhrəman oğullarımızın ruhu şad olsun. Amin! Şəhidlə vidalaşmanın 7-ci günü 28.02.2015-ci ildə qəbiri ziyarətə gedən məktəb-sinif yoldaşları, yaxın-uzaq qohumlar bütün kənd əhalisi, görüşünə gələn məktəbli balalar şərəfinə şeirlər söylədi, kənd ağsaqqalı Məhkəmə kişi şəhidin əziz xatirəsini yad edərək «O bizim fəxrimiz-şərəfimizdir» dedi. Kənd məscidinin müəzzini Cəsarət Musayev isə müqəddəs «Qurani-Kərim»dən bir ayə ilə belə açıqlama verdi ki: «Allah yolunda öldürülənlərə (şəhid olanlara) «ölü» deməyin. Əksinə onlar (Allah dərgahında) diridilər. Lakin siz bunu dərk etmirsiniz. Bayaqdan bəri həsrəti yerdən göyə qədər hər məxluqu yandırıb yaxası səbirli Nərminə anaya tərəf boylanıram. Gözlərimdən qovrulub axan hicran yaşı ürəyimə od salırdı. Oğul toyu edəcəkdi, yarımçıq qalmış arzular, eh nələr, nələr… Fərli-fərasətli oğul böyütmək. - Böyüklük simvoluymuş. «Ay eloğlu, məni qınamayın dedi: Söz vermişdin ki, Zəlimxanı da böyüdüb, evləndirəcəyəm. Heyf ki… (ağlayır). Anamxanım bacı məni bağışla… Xalası Gülqız xanımın isə heç ağlına belə gəlməzdi ki, əllərinə xına yaxacağı bir zamanda həyat yoldaşı ona bu xəbəri gətirər. O ki, toya hazırlaşırdı. Sevil bibisi isə səhər oğlu üçün nişan aparacaqdı… Bəli, bütün simsar qohum-əqrabalar şənlikdən yayındılar… Boynu bükük yollara boylanan Eybalı atadan söz soruşmaq isə kövrək qələm sahibinin işi deyildi… Onun çəkdiklərini düşünərək, hələlik susuram. Haqqında mətbu yazı verməyimi bildirib əldə olan foto-şəklini istədim. Qəlbi dağlı ailəyə sorğularımla əziyyət verdiyim üçün üzr istəyiəm. Zəlimxan sıravi əsgər kimi qayıdacaqdı. Lakin rütbələrin ən üstünü olan şəhidliklə ordudan «Tərxis» olundu. Cəmi bir gecəlik şərəfli ömür yaşadı dünyada. Dayısı Hacı Vahidin dediklərini isə nəzmə çəkməmək mümkün deyildi. «Bir-bir xatırlayıb olub keçəni, Dünyada sən yaşda ölüb-köçəni. Ağdamda ulduzun sönən gecəni… Dan üzü, hər səhər xatıralyıram, Əziz şəhid bala, az ağlayıram, Səni hər əsgərdən soraqlayıram!» 12 may 1996-cı ildə dünyaya göz açdı. 21 fevral 2015-ci ildə isə bu fani dünyayla vidalaşdı. 19 il yaşamadı uğrunda can verdiyi bu Vətən torpağında… Zəlimxan cəmi bir bayatılıq ömür sürdü. Əzizim Zəlimxandı, Ürəyim səlim qandı. Qəlb verdim sarayına, Bilməzdim zalım xandı, Ana, ciyərim yandı. Alilik, ucaqlıq Yaradanın bəxşişi imiş. Dünya ləzzətini - həyat zirvəsinin nidası - intəhası olan şəhidlik məqam nöqtəsi ilə başa vurmaq hər kəsin işi deyil atam oğlu. Hər gün yas yerinə baş vuran sinif yoldaşları, Ceyhun Dəmirov, Sərvin, Səddam Cavadov qardaşları, Rüfət Məmmədov, Səməd, Əhəd Hüseynovlar, Tural, Samir, Seymur və Nurlan Səmədov Eybalı kişiyə təskinlik verirlər… Allah (C.C.) yolunda savaşmaq özünü Allaha satmaq, alim-satım mübadiləsinin ən qiymətlisini gerçəkləşdirmək deməkdir. Çünki Cənabi Haqq öz yolunda, din, namus, Vətən uğrunda savaşıb can verənlərin canını ən yüksək baha qiymətə satın alacağını vəd etmişdir. O, vədindən əsla dönməz. Yetər ki, mömin yaxşı niyyətlə savaşıb şəhadət şərbətini içmə bəxtiyarlığına qovuşa bilsin. An içində dəfələrlə həyatına - ömrümə qənim kəsilən bu insanlar heç vaxt bu günlər kimi kövrəlib, belə hünzlü olmamışdılar. Dünən gecə 20-dən 21-nə gecən gecə haqqın, hüququn, ədalətin, azadlığın diləyində, sərhədlərimizin müdafiəsində olan bir əsgəri mənfur, qansız ermənilər güllələndilər. Zəlimxan Cavadov fevral gecəsi öz müdhişliyi ilə qar üstünə - tarixə an içində bir pozulmaz «Şəhidlik müjdəsi» yazdı. Ulu xalqın əsgər balası, şəhidliyin mübarək! Və sonda dua etdik. Ruhun şad olsun! Amin! dedik. Ağatahir Cəbirli, «Azərbaycan bələdiyyəsinin hüquqları» qəzetinin baş redaktoru, «Qızıl qələm» media mükafatı laureatı, şair-publisist Heqiqet.az Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
