Fərhad Əsgərov: TALE (hekayə)9-06-2015, 14:50
Çap et *** İsti yay günlərindən biri idi. Universitet tələbələri semestr imtahanlarını verib yay tətilinə getməyə hazırlaşırdılar. Sonuncu kurs tələbələri isə çoxdan dərslərini qurtarmış, imtahanları başa çatdırmışdılar. Dövlət imtahanı da artıq geridə qalmışdı. Hərə gələcək taleyini fikirləşir, müxtəlif planlar qurur, beynində dağı arana, aranı dağa daşıyırdı. Onların arasında zəmanənin gərdişindən baş çıxara bilənlər də az deyildi: bəziləri müxtəlif vasitələrlə paytaxtda işlərini sahmanlamışdılar. Gələcək rahat həyatlarını əvvəlcədən düzüb-qoşa bilənlər harada işləyəcəklərini hətta yaxın dostlarından belə gizlədirdilər. Nə bilmək olar? Bir də gördün ən yaxın dost hesab etdiyin insan bu ədalətsizliyə dözməyib kiməsə şikayət elədi... İşi gərək ehtiyatlı tutasan. Rauf da haqqında söhbət açmaq istədiyim tələbələrdən biri idi. Beş il təhsil aldığı ali məktəbi yüksək qiymətlərlə başa vurmuşdu. O, əslən Bakıdan idi. Buna baxmayaraq yeganə məzun idi ki, texniki fakültənin dekanlığına ərizə ilə müraciət edib ölkənin ən ucqar rayonlarından birinə göndərilməsini xahiş etmişdi. Oxucu elə başa düşməsin ki, Raufun nüfuzlu adamı olmadığından təyinat tədarükünü əvvəlcədən görə bilməmişdi. Xeyr. Həm valideynləri vəzifə sahibi idi, həm də yaxın qohumları yüksək postlarda oturmuşdular. Lakin özü də bir az ayrı cür düşünən adamlardan idi. O, həyatın çətinliklərini görmək, sadə insanların yaşadığı həyatı hiss etmək istəyirdi. Əlindən də hər iş gəlirdi: paltarlarını lap uşaqlıqdan özü ütüləyib, hər hansı bir çətinliklə qarşılaşanda heç kəsdən kömək ummayıb. Çalışıb ki, bütün problemləri özü həll etsin. İndi isə tək yaşayıb işləməyi öyrənmək, özünü daha böyük çətinliklərə hazırlamaq məqsədilə ucqar rayonlardan birinə göndərilməsini xahiş etmişdi. Rauf bədii əsərlər alüdəçisi idi. Mütaliəni çox sevirdi. Çoxlu kitab oxumuşdu. Böyük çətinliklərdən müvəffəqiyyətlə çıxan qəhrəmanlara oxşamaq istəyirdi. Bu xasiyyətdə olan gəncin məhz belə addım atmasını anlamaq məncə çətin deyildi. Təbii ki, xahişi əlüstü yerinə yetirilmişdi. Dekanlığın əlaqədar şəxsləri üçün bu, lap göydəndüşmə olmuşdu. Haqqına fikirləşəndə, paytaxtda bircə yer olsa belə, o da Raufa düşməli idi. Həm əla qiymətlərlə oxumuşdu, həmişə intizamlı tələbə kimi tanınmışdı, həm də fakültədə hörməti vardı. Lakin özü öz xahişi ilə... Buna kim etiraz edə bilər ki... Təyinat yeri Raufun lap ürəyincə oldu. Dəniz səviyyəsindən xeyli hündür, ətrafı dağ meşələri ilə əhatə olunmuş ərazi, şəlaləli dağ çayının şırıltısı, səhər alatoranında müxtəlif quşların cəh-cəhi, tez-tez ətrafı bürüyən sıx duman pərdəsi arxasında bir anda hər şeyin görünməz olması – bir sözlə hər şey onun ürəyincəydi. Tək bir şeydən başqa. Təhsil müddətində yeganə xoşuna gələn bir qıza vurğunluğunu, onun da özünə qarşı biganə olmadığını hiss edən, lakin hər ikisinin utancaqlıqdanmı, yaxud da təvazökarlıqdanmı bir-birinə ürək aça bilməməsi ucbatından bu sevgi etirafının indiyəcən gizli qalması ona çox əziyyət verirdi. Qızın adı Cəmilə idi. Başıaşağı, tərbiyəli, mədəni, danışığını, oturuşunu-duruşunu bilən qız da ona biganə deyildi. Hər halda Rauf bunu həmişə hiss etmişdi. Düzdür, Rauf kursdakı qızların əksəriyyətinin ürəyincəydi. Lakin sövqi-təbii olaraq Raufla Cəmilənin gizli məhəbbətindən xəbərdar olduqlarından çox da dərinə getməyi lazım bilməmişdilər. Rauf burada yaşayıb işlədiyi dövrdə Cəmilənin ona nə qədər çox lazım olduğunu daha dərindən anlamağa başlamışdı. Tanış-bilişinin olmadığı belə uzaq yerdə bu düşüncələr getdikcə ona daha çox əziyyət verirdi. “Axı, niyə belə alındı?” deyə həmişə özünə sual verər, həmişə də cavabsız qalan bu sualların qarşısında özünü aciz hiss edər və bu hisslər ona daha çox əzab gətirərdi. Beləcə xeyli keçdi. Rauf ilk məzuniyyəti çatan kimi paytaxta yollandı. Evləri, valideynləri, xüsusilə də Cəmilə üçün bərk darıxmışdı. Valideynlərinin onu evləndirmək təkidi, özünün istəyi və əsasən də Cəmilənin bu izdivaca çox tez razılıq verməsi onun ailə qurmaq planını sürətləndirdi və geriyə - işlədiyi yerə qayıdanda yanında Cəmilə də vardı. Raufun ən çox ürəyincə olan da elə bu idi. Rauf ilə Cəmiləyə elə gəlirdi ki, bundan gözəl tale ola bilməz. İki sevən ürəyin çulğaşdığı bir ailədə, təbii ki, hər şey öz axarı ilə getməlidir. Hər ikisi belə düşünürdü. Lakin günün birində Cəmilə özünü pis hiss etməyə başladı. Bundan narahat olan Rauf onu tez xəstəxanaya çatdırdı və ilkin müayinədən sonra öyrəndi ki, sevdiyi insan sağalmaz bəlaya düçar olub... Böyük sevgi dolu həyat tez başa çatdı. Cəmilədən sonra burada, ümumiyyətlə isə həyatda necə yaşaya biləcəyini heç cür ağlına sığışdıra bilməyən Rauf könüllü olaraq Milli Ordu sıralarına daxil olmağa qərar verdi. Bu elə dövrə təsadüf edirdi ki, ömrü boyu süfrəmizin artığı ilə qidalanan, yaxşılıq gördüyü xalqa həmişə naxələf çıxan, daim gizlicə, arxadan zərbə vurmaqla müvəqqəti üstünlüyə nail olan, çətinliyə düşən kimi min bir dillə vəziyyətdən çıxmağı bacaran nankor ermənilər himayədarlarının köməyi ilə əliyalın əhalimizə qarşı qətliamlar törədərək torpaqlarımızı ələ keçirirdilər. Atəşkəsədək Milli Ordumuzun tərkibində torpaqlarımızın, ərazi bütövlüyümüzün keşiyini çəkən Rauf tərxis ediləndən sonra evə gələndə ata və anası artıq dünyasını dəyişmişdi. Bu, Rauf üçün Cəmilədən sonra ikinci böyük itki oldu. Paytaxtdakı Layihə bürosunda işə düzəldi. Savadlı və səriştəli mühəndis kimi az vaxtda kollektivdə hörmət və ehtiram yiyəsi oldu. Ən çətin qurğuların layihələrini ona etibar edirdilər. Bir müddət işlədikdən sonra müdiriyyət ona əsas şöbəyə rəhbərlik etməyi tapşırdı. Əsasən qızların və gənc qadınların çalışdıqları Layihə bürosunda işləmək elə də asan deyildi. Bu iş insandan bilik və səriştədən savayı diqqətli olmağı, rəhbərlik qabiliyyəti tələb edirdi. Bütün bu keyfiyyətlər Raufda vardı. O, layihə sənədlərini həmişə böyük məsuliyyətlə, diqqətlə yoxlayır, qüsurları əməkdaşların nəzərinə çatdırır, onların düzgün hazırlanması üçün məsləhətlər verir və kömək edirdi. Məhz belə fəaliyyət üsulu, diqqətlilik nəticəsində şöbənin işi təriflənirdi. Bütün bunlar yaxşı idi və rəhbərlik tərəfindən qiymətləndirilirdi. Lakin kollektivdə hamının üzündən bir sual oxunurdu: Rauf müəllim niyə subaydır? Axı, yaşı 45-i keçib. Belə əxlaqlı, tərbiyəli, bacarıqlı kişinin ürəyini fəth eləyən qadın olmayıbmı? Lakin cəsarət edib bu sualları ona verə bilən kimsə yox idi. Əvvəlcə şöbə əməkdaşlarının hər birinin ürəyində narahatlıq hissi yaradan bu sual vaxt ötdükcə açıq şəkildə müzakirə obyektinə çevrilməyə başladı. Hər dəfə bu məsələdən söhbət düşəndə Şövkətin sifət cizgilərinin dəyişildiyi şöbə əməkdaşlarının nəzərindən qaçmasa da onlar buna əvvəllər məhəl qoymurdular. Hamı yaxşı bilirdi ki, dedi-qodunun nə olduğunu bilməyən Şövkət həmişə belə söz-söhbətdən kənar olub. Lakin bu hal getdikcə daha sirayətedici olduğundan hamını maraqlandırmağa başladı. Şövkət şöbədə çoxdan çalışırdı. Təvazökarlığı, xüsusilə də ciddiliyi ona məxsusi hörmət qazandırmışdı. Büronun rəhbərliyindən tutmuş, ta sıravi işçilərədək hamı ona “Siz” deyə müraciət edirdi. İş yoldaşları yaxşı bilirdilər ki, hələ erkən gənclik çağlarından başı təhsilə, yaşlı valideynlərinə göstərdiyi qayğıya və digər ailə problemlərinə qarışdığından Şövkət şəxsi həyatını qura bilməmiş, beləcə də vaxt sürətlə axıb keçmiş, bir də başını qaldıranda yaşının 42-ni haqladığını görmüş və taleyinin bu axarı ilə barışmış, Allahın bəxş etdiyi alın yazısı ilə razılaşmışdı. Səhərdən axşamadək iş, sonra yüngül bazarlıq, ev, mətbəx və s. Özü üçün tərtib etdiyi belə fəaliyyət cədvəli zaman keçdikcə onun həyat tərzinə çevrilmiş, sonra belə yaşayış üsuluna vərdiş etdiyindən digərinin mümkünsüzlüyü qənaətinə gəlmişdi. Raufun şöbəyə ilk gəlişindən sonra Şövkət özündə nəsə başqa bir əhval-ruhiyyənin yarandığını duysa da buna çox diqqət ayırmamışdı. Düşünmüşdü ki, belə ötəri hisslərin hər kəsdə olması mümkündür. Düzdür, Rauf subaydır, ağıllıdır, ciddi adamdır... Bəs axı yaşı? Bu yaşda yenidən ailə qurmağa cəhd göstərmək... Adama nə deyərlər? Eləcə də mən... İndi artıq nə onun, nə də mənim o dövrümüzdür. Yox... Artıq belə şeylər üçün gecdir. Şövkət sağlam ağılla nə qədər belə düşünürdüsə də, ürəyi əksinə, başqa cür döyünürdü. Rauf da qəlbində nəsə izaholunmaz hisslərin baş qaldırdığının fərqindəydi. Hər dəfə səhər-səhər işə tez çatmağa çalışırdı. Özü də hiss edirdi ki, bu hisslər təkcə işinə bəslədiyi dərin maraq və istəklə bağlı deyil. İş saatlarında hər dəfə Şövkət ilə rastlaşanda nəzərlərini yayındırırdı. Qorxurdu ki, baxışları qəlbindəkilərini ələ verər. Rauf ən çox bundan çəkinirdi. O da yaxşı bilirdi ki, artıq hər şey arxada qalıb. Özlüyündə yəqinləşdirmişdi ki, dünya dağılsa da bundan sonra ürəyindəkiləri heç kəsə aça bilməz. Axı, insan bir dəfə sevər. O da bir dəfə sevib. Cəmiləni. Bir də heç kəsi sevə bilməz. Nə qədər çalışırdı ki, bu düşüncələrdən uzaq olsun yenə də alınmırdı. Evə daxil olan kimi yenidən bu düşüncələrin məngənəsində sıxılırdı. Rauf belə böyük məhəbbəti öz daxilində saxlamaqda aciz qalmışdı. Bu hal davam edə bilməzdi... Günlər, saatlar, dəqiqələr Rauf üçün olduqca çətin keçirdi. Bu vəziyyətə son qoymaq lazım idi. Bəs, nə etsin. Bilirdi ki, Şövkətə olan sevgisini açıq etiraf etsə bəlkə də yaxşı olardı. Yüngülləşərdi. Qəbul ediləcəyinə əmin deyildi. Uzaq başı rədd olunacaqdı. Bununla belə, həm özü yüngülləşərdi, həm də başqasının əzabını azaldardı. Lakin o bunu bacaracaqdımı? Bir gecə ağır düşüncələrlə səhəri dirigözlü açan Rauf, yuxusuzluğun bir qədər də ağırlaşdırdığı səhhətinin fənalığını hiss etdiyindən, işə gedə bilməyəcəyini yəqinləşdirdi. Telefonla Layihə bürosunun rəhbərliyinə zəng edib xəstələndiyini və bu səbəbdən də işə gələ bilməyəcəyini bildirdi. Bəs, sonra. Sonrası qalır Allahın ümidinə... Bunu fikirləşən Rauf azacıq da olsa yuxulamağa səy göstərdi. Axı, yuxu bütün dərdlərin dərmanıdır! Əhval-ruhiyyəsinin bu vaxtında belə fikirləşə bildiyinə görə Rauf ürəyində hətta gülümsündü də... Nə qədər keçmişdi? Bunu həmin an anlaya bilməzdi. Bir saat, yoxsa iki saat... Qapı zənginin aramsız çalınması onu yuxudan oyadanda üstəlik başının ağrıdığını da hiss etdi. Bu kimdir belə? Narazı halda qapıya tərəf getdi. Heç kəsi gözləmədiyindən qəfil qonağın kimliyi, onu necə qarşılayacağı barədə götür-qoy edərək qapını açdı. Gözlərinə inanmadı. Bunun hələ də yuxusunun davamı olduğunu zənn etdiyindən əvvəlcə gözlərini ovuşdurdu. Ağlı heç nə kəsmədi. Özünü elə itirmişdi ki, qonağı hələ də kandarda saxlamışdı. -İçəriyə dəvət etmək fikrin yoxdur? – Gülümsər bir sual eşitdi. İncə səs onu sanki yuxudan oyatdı. Rauf yer üzünün sakinlərindən hər kimi desən görsəydi belə təəccüblənməzdi. Kimin gəlişini qabaqcadan desəydilər inanardı. Yalnız buna inanmazdı. Səsi titrədiyindən yalnız bircə söz ifadə edə bildi: -Buyurun! Əlində tər çiçək dəstəsi tutub qapıda dayanan Şövkət idi. -Dedilər xəstələnmisən. Narahat olub gəldim. Gəldim ki, görüm necəsən. Tarixdə sonrakı bir an qarşısında baş əyən dahilər çox olub. Lakin bu an o anlardan deyildi. Bu an tamam ayrı bir zaman məvhumu idi. Rauf üçün artıq zaman məvhumu yox idi: dayanmışdı... Raufun siması işıqlanmışdı. Əhvalı yaxşılaşmışdı. Əlbəttə ki, bütün bunlar həmin bu dayanmış anın içərisində baş vermişdi... Şövkətin gəlişi, üstəlik çox yaxın məhrəm adam kimi ona sən deyə müraciət etməsi Rauf üçün gözlənilməz idi. Həmişə əlçatmaz bildiyi bu olay çəkdiyi bütün əzabları ona bir anın içində unutdurmuşdu... -Buyurun! – bir də təkrar etdi. –Keçin içəri – deyib, qonağı mənzilə dəvət etdi. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
