Heqiqet.Az » siyaset » 44 günlük Vətən müharibəsi Azərbaycanın zəfər tarixidir


44 günlük Vətən müharibəsi Azərbaycanın zəfər tarixidir

25-09-2021, 10:36
Çap et
44 günlük Vətən müharibəsi Azərbaycanın zəfər tarixidir “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir.”
İlham Əliyev

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribatı nəticəsində, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşlar.
Təcavüzkar, işğalçı Ermənistanın əl atdığı növbəti qanlı təxribat, bütün cəbhə boyu atəşkəsi pozması onun üçün baha başa gəldi, əzmli Azərbaycan ordusu düşməni layiqincə susdurdu.
Bütün cəbhə boyu əks-hücum və əks-həmlə tapşırığı alan Azərbaycan Ordusu qısa zamanda bunu Vətən müharibəsinə, Qələbəyə gedən Zəfər yürüşünə çevirdi. Sentyabrın 27-də Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev televiziyadan Azərbaycan xalqına müraciət edərək, Ermənistanın işğalçılıq siyasətinə artıq dözülməyəcəyini, torpaqlarımız son qarışına kimi azad olunanədək, əks-hücum, əks həmlə əməliyyatının davam etdiriləcəyini bildirdi.
Azərbaycan Ordusu üzərinə düşən müqəddəs vəzifəsini yerinə yetirmək, Qarabağı işğaldan azad etmək üçün Qələbəyə gedən Zəfər yürüşünü davam etdirdi və etdirməkdədir, zəfər dalınca zəfər yazdı. Bütün dünya bir daha İlham Əliyevin simasında əsl lider, əsl dövlət və siyasət xadimini gördü. Dünya birliyi işğalçı və işğala məruz qalanın kim olduğunu tanıdı.
Şanlı ordumuz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 30 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da artırdı.
Bu müharibə Azərbaycan xalqının, onun liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbr göstərən xalqımız qısa vaxt ərzində böyük qələbə qazandı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistanı masa arxasında oturmağa məcbur etdi. Nəhayət Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyənat imzaladılar. Bu sənəd Ermənistanın məğlubiyyətinin açıq etirafı olaraq yaddaşlara həkk olundu. Əminliklə deyə bilərik ki, imzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Bu qələbə düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu, eləcə də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi reallaşmış oldu. Ekspertlərin də fikirlərinə görə, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır.
Onu da qeyd edək ki, sözügedən bəyanatın imzalanmasının tarixi əhəmiyyəti danılmazdır. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Bu müjdə Azərbaycan xalqı tərəfindən böyük coşqu ilə qarşılandı. Eyni zamanda, son illər ərzində ölkəmizdə aparılan inkişaf siyasəti, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Azərbaycan Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Həqiqətdir ki, Şuşaya nəzarət edən Qarabağa nəzarət edir, Şuşa şəhəri isə Azərbaycanın əlindədir.
Azərbaycanda güclü prezident-xalq-ordu vəhdəti bu təzyiqləri dəf etməyə imkan verdi. Azərbaycan əsgəri canı-qanı bahasına torpaqlarını azad etdi. Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub.
Prezident İ.Əliyev Hərbi Qənimətlər Parkının aşılısında çıxışında qeyd etmişdir: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik.
Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”. 44 günlük Vətən müharibəsi Azərbaycanın zəfər tarixidir Qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başladı, kommunikasiya və s. imkanlar genişləndirilir.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan çıxışında demişdir: “İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik! Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!...”
Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə 2021-ci ilin yanvar ayında yaradılan AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Vətən Müharibəsi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan həmvətənlərimizə məxsus geyim, xatirə əşyaları, sənədlər və fotoların toplanması, qorunması, tədqiqi və təbliğidir.
Hazırda 150-dən artıq inventarı olan Vətən Müharibəsi Fondu yeni materialları qəbul etməkdədir. Fondda Azərbaycanın Milli Qəhrəmanları general -mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, polkovnik Şükür Həmidov və Çingiz Qurbanova məxsus əşyalar və fotolar mühafizə olunur.
Vətən Müharibəsi Fonduna daxil olan materiallar arasında işğalçı ölkənin ordusundan hərbi qənimət kimi ələ keçirilmiş nümunələrə də rast gəlinir. Bu hərbi qənimətlər Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları tərəfindən 44 günlük savaşda düşmən mövqelərinin darmadağın edilməsindən sonra ələ keçirilmişdir. Belə qənimətlərin fondda olması və onların gələcək tədqiqatlara cəlb edilməsi, eləcə də sərgilərdə nümayişi ordumuzun qüdrətinin göstəricisidir.
Onu da qeyd edək ki, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin fəaliyyəti davam edir. Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsi və torpaqlarımızın azad edilməsinə həsr olunmuş sərgi döyüş iştirakçılarına məxsus olmuş eksponatlar əsasında qurulub. Sərgidə Vətən müharibəsinin 105 şəhid və qazisinin əşyaları - hərbi uniforma, ləvazimat, qəlpə və güllələr, şəxsi sənədlər, fotoşəkillər və eləcə də, işğalçı ölkənin ordusundan hərbi qənimət kimi ələ keçirilmiş nümunələr də nümayiş olunur.
44 günlük Vətən müharibəsi Azərbaycanın zəfər tarixidir
Aynur Babayeva
Reytinq: