Heqiqet.Az » siyaset » Xalqımızın başına gətirilən qətliamlar və soyqırımların arxasında erməni millətçiləri, onların havadarları dayanıblar


Xalqımızın başına gətirilən qətliamlar və soyqırımların arxasında erməni millətçiləri, onların havadarları dayanıblar

30-03-2022, 16:41
Çap et
Xalqımızın başına gətirilən qətliamlar və soyqırımların arxasında erməni millətçiləri, onların havadarları dayanıblar Xalqımızın başına gətirilən müsibətlər, ağlasığmaz qəddarlıqlar, vəhşiliklər, qətliamlar və soyqırımların arxasında bütün zamanlarda erməni millətçiləri, onların havadarları dayanıblar. Baxın, İkinci Qapabağ savaşında ağır məğlubiyyətdən sonra da mənfur qonşularımız dinc oturmur, revanş götürmək barədə plan cızırlar. Düzdür, onların belə cəhdləri boşa çıxacaq, di gəl öz fitnə-fəsadlarından, çirkin və riyakar niyyətlərindən də əl çəkmək istəmirlər.
Erməni lobbisi yenə işə düşüb. Çünki qondarma “erməni soyqırımı” məsələsini aprel ayında yenidən gündəmə gətirməklə ABŞ-ın buna dair qətnamə qəbul etməsi ümidi ilə yaşayır və Türkiyənin nüfuzuna zərbə vurmaq məqsədi güdürlər. Digər yandan Qarabağ savaşı xeyli dərəcədə erməni mifini dağıtdı, dünya bir çox həqiqətlərə şahidlik etdi.
Bəlli olduğu kimi, 31 mart azərbaycanlıların soyqırımı günüdür. Bu məqamda mən ümummilli liderimiz Heydər Əliyevin bir sitatını yada salmaq istəyirəm: “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.
Nəzərə alaq ki, Azərbaycan uzun müddət Sovet imperiyasının tərkibində qaldığına görə bu məsələ insanların yaddaşından silinirdi. Lakin ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Ermənilər həmişə öz çirkin məqsədlərinə çatmaq üçün tarixi situasiyalardan məharətlə, daha doğrusu fəndgirliklə yararlanıblar. Belə bir mühit isə XX əsrin əvvəllərində yarandı. Mənfur düşmən düşünülmüş hiylə işlədərək erməni adı ilə yox, məhz bolşevik adı altında bu planı icra etdi. Həmin vaxt Rusiyada baş verən oktyabr inqilabının ardınca, mənşəcə erməni olan Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı soveti elə Bakı quberniyasında hakimiyyətə gəldi. Bununla da Azərbaycan türkləri üçün acı günlər başladı. Qeyd etmək yerinə düşər ki, artıq bu dövrə qədər - 1905-1907-ci illərdə ermənilər bu cür qırğınlar törətmək istəsələr də, bir sıra çətinliklərə görə geri çəkilməli olmuşdular. Həmin illərdə xalqımızın döyüşkən ruhu, Osmanlı və Cənubi Azərbaycandan könüllülərin köməyə gəlməsi, H.Z.Tağıyev və digər azərbaycanlı xeyriyyəçi milyonçuların əhaliyə ərzaq və maliyyə yardımı göstərməsi erməni quldurlarının qarşısını kəsmişdi.
1918-ci il 15 mart tarixində keçirilən toplantıda S.Şaumyan azərbaycanlılara qarşı soyqırımı göstərişi verdi. Tarixi mənbələrdən aydın olur ki, Şaumyan tərəfindən Leninə göndərilən məktubda hətta bu qırğını qəsdən törətdiklərini, o, açıq şəkildə etiraf etmişdi. Lakin Şaumyan yaxşı bilirdi ki, bu qırğını törətmək üçün bir bəhanə göstərmək lazımdır və o, bunu böyük hiyləgərliklə yerinə yetirdi. Belə ki, H.Z.Tağıyevin oğlu Lənkəran şəhərində bolşeviklər tərəfindən qətlə yetirilmişdi və dəfn mərasimində iştirak etmək üçün müsəlman korpusunun komandiri Talışinskinin başçılıq etdiyi alay da Bakıya gəlmişdi.
Tağıyevin oğlunun cəsədi “Evelina” gəmisi ilə Lənkərandan Bakıya gətirilirdi. Erməni milli şurası yalan məlumat verərək bildirdi ki, gəmidə olan 48 hərbçi Muğandakı rus kəndlərini məhv edəcək. Şaumyan bunu bəhanə edərək zabitlərin tərksilah edilməsinə dair göstəriş verdi. Eyni zamanda, general Talışinski və alay üzvləri də həbs olundu. Bu zaman azərbaycanlılar Bakı Sovetinə qarşı etiraz etməyə başladılar. Bundan sonra azərbaycanlılara qarşı soyqırımı başladı. 30 mart tarixindən başlayan bu qanlı hadisə aprel ayının sonlarınadək mərhələli şəkildə həyata keçirildi.
Azərbaycan dövləti bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün sistemli fəaliyyət göstərir, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Yeri gəlmişkən, 30 dekabr 2009-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev erməni millətçilərinin ölkəmizə qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sözügedən kompleksin açılışında iştirak ediblər.
Bir daha vurğulamaq istərdim ki, son Qarabağ müharibəsi bir daha erməni faşizminin iç üzünü açdı və sözsüz ki, bu məğlubiyyətdən sonra mənfur qonşularımız uzun illər özlərinə gələ bilməyəcəklər.
Xalqımızın başına gətirilən qətliamlar və soyqırımların arxasında erməni millətçiləri, onların havadarları dayanıblar


Yeganə Baxşəliyeva,
Bakı şəhəri general Məhəmməd Əsədov adına 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, “Qızıl Qələm”, “Vətənpərvər xanım”, “Azərbaycan bayrağı”, “Qabaqcıl təhsil işçısı”, “İlin nüfuzlu ziyalısı”, “İlin müəllimi” və “Sadiq Heydərçı” mükafatları laureatı.
Reytinq: