» » Əhməd Cavadın işıqlı xatirəsi yaşayır və əbədi yaşayacaq


Əhməd Cavadın işıqlı xatirəsi yaşayır və əbədi yaşayacaq

27-09-2022, 19:08
Çap et
Əhməd Cavadın işıqlı xatirəsi yaşayır və əbədi yaşayacaq
Əhməd Cavad Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir, bütün Türk dün¬yasında tanınmış istiqlal şairimiz, maarifçi və ictimai xadimimizdir. Türk dünyası ilə bağlı elə bir böyük ədəbi-musiqili tədbir, Türk dünyası gənclərinin elə bir Qurultayı olmayıb ki, orada “Çırpınırdın, Qara dəniz” səsləndirilməsin...
Ddövlət himnimizin söz yazarı Əhməd Cavad, Prezidentin imzaladığı Sərəncamda da vurğulandığı kimi, ədəbi-bədii fikri tariximizdə özünəxas dəst-xətti, üslubu ilə seçilən, istiqlal düşüncəmizdə müstəsna mövqeyə malik ustadlardandır. Canından əziz bildiyi doğma xalqının müstəqillik ideallarına öz yanar ürəyi ilə tam bağlı olan ədibin həyatı sədaqət, vəfa, inam və dözüm örnəyi təşkil edir.
Müstəqil dövlətçiliyini bərpa etmiş əzmkar xalqımızın Əhməd Cavada bəslədiyi yüksək və həssas münasibət onun mübarizəsinin hədər getmədiyini sübut edən ən önəmli hadisədir. Xalqımızın, dövlətimizin Əhməd Cavad irsinə münasibəti qədirbilənliklə yanaşı, şairin haqq etdiyi sədaqətin, vəfanın təcallasıdır. Sonrakı illərdə milli məfkurə ilə silahlanmış, istiqlaliyyət və Turan motivlərinə davamlı müraciət etmiş onlarla şair, yazıçımız həm də Əhməd Cavadın yarımçıq qalmış yolunu davam və inkişaf etdirib.
Əhməd Cavad şeirləri 1913-cü ildən çap olunub. 1916-cı ildə "Qoşma" adlı ilk kitabı, 1919-cu ildə isə "Dalğa" adlı kitabı, "İstiqlal uğrunda" kitabı isə 1928-ci ildə İstanbulda buraxılıb. 1914-cü ildə I Dünya müharibəsinə gedən Əhməd Cavad Qara dənizi görərək Türkiyənin ikinci himni, hərbi marşına çevrilən "Çırpınırdı Qara dəniz" şerini yazır.
O, Şekspirin "Otello", "Romeo və Culyetta", Şoto Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərlərini dilimizə tərcümə edib. 1937-ci ildə şair həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb, güllələnib
Maarifçi ədibimiz, XX yüzilin 30-cu illərinin dəhşətli repressiyasına məruz qalaraq, totalitarizmin günahsız qurbanına çevrilsə də, işıqlı xatirəsi yaşayır və əbədi yaşayacaqdır.
Əhməd Cavadın işıqlı xatirəsi yaşayır və əbədi yaşayacaq Könül Səmədova
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan dili" kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, "Qabaqcıl təhsil işçisi" döş nişanı, "Azərbaycan qadını" media medalı və "Əhməd Cavad-130" media mükafatı laureatı
Reytinq: