Heqiqet.Az » sosial » Qadın cəmiyyətin hərəkətverici qüvvəsidir


Qadın cəmiyyətin hərəkətverici qüvvəsidir

8-03-2024, 14:42
Çap et
Qadın cəmiyyətin hərəkətverici qüvvəsidir Hicran Hüseynova
Milli Məclisin Komitə sədri, professor

"Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”
Ümummilli Lider Heydər Əliyev

Qadınsız heç bir cəmiyyət, sosial təsisat ola bilməz, olsa da o natamam olar. Qadın ailənin möhkəmliyini, onun bütövlüyünü qoruyan, yeni nəsli böyüdən, tərbiyə edəndir. O eyni zamanda, cəmiyyətin inkişafında, dövlət quruculuğunda xüsusi rol oynayan xanımdır, vətəndaşdır. Bizim qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar.
Azərbaycan qadınının istər torpaqlarımızın müdafiəsində, milli dövlətçiliyin formalaşmasında və idarə olunmasında, istərsə də xalqımıza məxsus dəyərlər sisteminin yaşadılmasında misilsiz xidmətləri olub və bu gün də var. Əgər biz müstəqillik dövründən indiki günlərə qədər olan tarixi təhlil etsək, əldə etdiyimiz nəticə ondan ibarətdir ki, qadınlar hər zaman öz hüquqlarını reallaşdırmaq üçün, dövlətimizin inkişafı üçün layiqli töhfələrini vermişlər. Hər bir dövlətin, xalqın inkişafında əsas hərəkətverici qüvvələrdən biri qadındır. Bu baxımdan qadına olan münasibət, onun hüquqlarının qorunması həm də həmin xalqın inkişaf tarixində özünü ifadə edir. Biz müstəqilliyimizi çox çətin və mürəkkəb bir şəraitdə əldə etmişik. Və bu mübarizədə qadınlar da öz üzərinə düşən məsuliyyəti dərk edərək fəaliyyət göstəriblər.
Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi və gender bərabərliyinin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində qadınların ictimai-siyasi həyata daha fəal transformasiyası, onların idarəetmədə təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş qanun layihələri, dövlət proqramları və çoxtərəfli fəaliyyət, eləcədə Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüskarlığı və diqqəti nəticəsində yeni bir mərhələyə yüksəlmişdir.
Hazırda dünya ölkələrinin qarşısında dayanan əsas məqsədlərdən biri cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün bərabər imkanların yaradılmasıdır. Və bu tendensiya bütün dövlətlərinin həyata keçirdikləri siyasətdə öz əksini tapır. 2015-ci ilin sentyabrında dünya liderləri insanların və planetimizin dayanıqlı inkişafına nail olmaq üçün 169 hədəfdən ibarət olan yeni Dayanıqlı İnkişaf Məqsədlərini qəbul etdilər. Dünya əhalisinin yarısını, bəzi ölkələrdə isə hətta yarıdan çoxunu qadınlar təşkil etdiyindən yeni inkişaf gündəliyi, məhz qadın hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə hesablanmışdır.
Müasir dövrdə qadınların ictimai həyatın bütün sahələrində iştirakı olmadan güclü, sabit dövləti təsəvvür etmək mümkün deyil. Bu səbəbdən də qlobal gündəlikdə dayanan məsələlər ayrı-ayrı ölkələrin məqsədləri ilə üst-üstə düşür: iqtisadiyyatın bütün sahələrində qadınların iqtisadi fəallığının artırılması, onların idarəetmə və qərarların qəbulu proseslərinə cəlb edilməsi, özünü realizə etməsi üçün şəraitin yaradılması, iş və ailə həyatı arasında balansın qorunması – bu, sabit, bərabər cəmiyyət və davamlı iqtisadi artımı təmin edən təməl prinsiplərdir.
XXl Azərbaycan qadınının qarşısında bir sıra vəzifələr qoyur. Bu missiya nədən ibarətdir? Biz informasiya və innovativ texnologiyalar dövründə yaşayırıq. Biz necə etməliyik ki, qadın dünyadakı inkişafa uyğunlaşa və rəqabətə davam gətirə bilsin? Bunun üçün nə lazımdır? Əlbəttə ki, qadın ilk növbədə təhsilli, peşəkar olmalıdır ki, əmək bazarında rəqabətədayanıqlı olsun. Digər tərəfdən, iqlim dəyişikliyi, qlobal ekoloji problemlər və onların yaratdığı mənfi təsirlərin qarşısının alınması da gündəlikdə dayanan məsələdir. Və bunun üçün ölkədə hansı imkanlar var? Qeyd etmək lazımdır ki, Azərbaycanda qadın hərəkatı gündən-günə inkişaf edir. Bu həm bizim zəngin ənənələrlə, həm də həyata keçirilən dövlət qadın siyasəti və yaradılan şəraitlə bağlıdır. Qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Onlar hər zaman möhtərəm Prezident İlham Əliyev və Birinci vitse – prezident Mehriban Əliyevanın diqqətini görürlər. Bu gün qadınlarımız, gənc qızlarımız sərbəst təhsil alır, peşəkarlıq səviyyələrini artırır, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Biz birlikdə qadınlara kömək etməliyik ki, onlar öz güclərinə inansınlar.
Dünyanın bütün məşhur şəxsləri “Hər bir uğur qazanmış kişinin arxasında bir qadın dayanır” fikrini təsdiq edir. Fikrimcə, hər bir uğur qazanmış qadının arxasında ona hərtərəfli dəstək olan kişi dayanır. Və təkcə kişi deyil, bütövlükdə ailə, mənəvi dəyərlərə bağlılıq dayanır. Biz qadınlarımızı hansı obrazda görmək istəyirik? Özünə inamlı, güclü, professional, eyni zamanda, öz ocağının qoruyucusu kimi. Belə bir balans və harmoniya mümkündür. Bu gün bizim qadınlarımız arasında belə nümunələr var. Cənab Prezident İlham Əliyev tərəfindən Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi də cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisidir. Respublikanın Birinci vitse-prezidentiti Mehriban xanım, ailəsinə göstərdiyi qayğı, eyni zamanda, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir.
Vətəni, ailəni qorumaq daha çox kişilərin borçudur. Lakin Qarabağ müharibəsi zamanı qadınlarımız da kişilərlə bərabər müharibənin ən qaynar nöqtələrində böyük şücaət göstərdilər. Gültəkin Əsgərova, Qaratel Hacımahmudova, şəhid jurnalist Salatın Əsgərova, kimi neçə-neçə şəhid qadınlarımızın, II Qarabağ müharibəsinin yeganə şəhid qadını Arəstə Baxışovanın əziz xatirəsi xalqımızın yaddaşında əbədi qalacaqdır. Bu gün onlar həyatda olmasalar da, bu qəhrəman qadınlar xalqımızın müstəqillik yolunda ən ağır günlərini keçirdiyi zaman qanları, canları bahasına tarixə, xalqımızın qan yaddaşına qəhrəman Azərbaycan qadınları adını yazmağı bacardılar. Həmin döyüşçü xanımların hazırda elmlər doktoru, həkim, polkovnik rütbəsinə sahibidir. Onların sayı yüzlərlədir. Biz neçə-neçə igid xanımlarımızı və dünyasını dəyişmiş şəhid xanımlarımızı heç vaxt unutmayacağıq.
Bu gün biz döyüşlərdə qəhrəmancasına iştirak etmiş, igidliklər göstərmiş, şəhid olmuş qadınlarımızı, eləcə də, mərd, qorxmaz əsgərlər yetişdirən, Vətən yolunda qurban getməyi öyrədən ana-bacılarımızı, ərinin, oğlunun, qardaşının cənazəsini çiyninə alan, öz məğrurluğu ilə dastan çevrilən, atasının yarımçıq qalan arzularını həyata keçirən şəhid qızlarını göz önünə gətirdikdə Azərbaycan qadınının nə qədər güclü və uca zirvədə olduğunu bir daha dərk edirik.
Hazırda 30 ilə yaxın erməni işğalına məruz şəhər və kəndlərimiz yenidən qurulur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “bu gün prioritet məsələ Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır, bütün qüvvələr buna səfərbər edilmişdir”. Qadınlarımızın cəmiyyətin bütün sahələrinə daha fəal cəlb edilməsi üçün yeni perspektivlər, reallıqlar yaranmışdır. Əlbəttə ki, onlar bu prosesdən kənarda qala bilməzlər və qalmırlar. Bir sözlə, Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığının təminatlarından biridir.
Əziz analar, bacılar, xanımlar, hər birinizi 8 Mart Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, hamınıza xoş və səmimi arzularımı çatdıraram. Azərbaycanımızın daha da güclənməsi və qüdrətlənməsi sizin inkişafınızdan, əldə etdiyiniz nailiyyətlərdən asılıdır.

Reytinq: