Heqiqet.Az » sehiyye » Səhiyyə Nazirliyi: Tarif Şurası 2183 adda dərmanın qiymətini təsdiqləyib


Səhiyyə Nazirliyi: Tarif Şurası 2183 adda dərmanın qiymətini təsdiqləyib

20-10-2015, 18:35
Çap et
Səhiyyə Nazirliyi: Tarif Şurası 2183 adda dərmanın qiymətini təsdiqləyib Hazırda ölkədə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin sayı 4600-ə yaxındır.
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov bildirib ki, bu günədək 2183 adda dərman vasitəsinin qiymətləri Tarif Şurası tərəfindən təsdiqlənib:
“Bunlardan 1104-nün təsdiqlənmiş qiymətləri qüvvəyə minib, qalan 1079 adda dərman vasitəsinin təsdiqlənmiş qiymətləri bu ilin 1 dekabr tarixindən qüvvəyə minəcək. Hamı razılaşar ki, real qiymətindən 300-500 faiz baha satılan dərman vasitələrinin idxalının dayanması və əczaçılıq bazarından çıxması sevindirici haldır”.
P. Əzizbəyov qeyd edib ki, dərman vasitələrinin qiymətləri mərhələli şəkildə Tarif Şurası tərəfindən təsdiqləndikcə, eyni preparatlar bütün ölkə ərazisində təsdiqlənmiş vahid qiymətlə satılacaq.
Qeyd edək ki, 2014-cü ilin 16 dekabr tarixində “Dərman vasitələri haqqında” qanuna edilmiş dəyişikliklərdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilib. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsinə dair müddəa təsbit edilib.
Reytinq: