Heqiqet.Az » tehsil » 28 May təkcə tarixi hadisə deyil, milli birliyin və vətən sevgisinin bayramıdır


28 May təkcə tarixi hadisə deyil, milli birliyin və vətən sevgisinin bayramıdır

27-05-2025, 16:51
Çap et
23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Xalq Cümhuriyyəti dərin izlər buraxdı. Parlamentin fəaliyyəti, qəbul olunan qanunlar, milli ordu quruculuğu, təhsil və mədəniyyət sahəsində atılan addımlar dövlətçilik ənənələrimizin formalaşmasına təkan verdi. Azərbaycan vətəndaşlığı institutu yaradıldı, milliləşdirilmiş təhsil sistemi təsis edildi, Bakı Dövlət Universiteti kimi elm ocağı quruldu.
Cümhuriyyətin mühüm nailiyyətlərindən biri də onun beynəlxalq səviyyədə tanınması istiqamətində apardığı məqsədyönlü siyasət idi. Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı, Qərb dövlətlərinə rəsmi məlumatların göndərilməsi, ilk səfirliklərin yaradılması ölkəmizin dünya xəritəsində mövcudluğunu rəsmiləşdirdi.
Azərbaycan Xalq Cümhuriyyəti yalnız siyasi yox, həm də mənəvi dirçəliş idi. Bu dövlətin varlığı xalqımızın milli kimliyini tanıması, öz dəyərlərinə sahib çıxması və tarixi irsinə bağlanması baxımından misilsiz bir mərhələ idi.
Ulu Öndər Heydər Əliyevin çıxışlarından birində dediyi sözü xatırlatmaq yerinə düşər: “Müstəqilliyi qorumaq, saxlamaq onu əldə etməkdən qat-qat çətindir.” XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycan ciddi təhlükələrlə üzləşmişdi. Daxili çəkişmələr, xarici təhdidlər və erməni işğalı ölkəni fəlakətə sürükləyirdi. Məhz belə bir məqamda xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu təmin etdi.
Azərbaycan Respublikası 1991-ci ildə qəbul etdiyi “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu təsdiqlədi. Bu, yalnız hüquqi sənəd yox, həm də bir ideoloji və mənəvi bağ idi. 2007-ci ildə İstiqlal Bəyannaməsi abidəsinin Bakıda ucaldılması Prezident İlham Əliyevin bu dəyərlərə sadiqliyinin bariz nümunəsidir. Bu abidə, eyni zamanda, xalqımızın keçmişə olan ehtiramının və gələcəyə olan inamının rəmzidir.
Azərbaycanın müstəqil dövlət olaraq atdığı hər bir addım – iqtisadi islahatlardan tutmuş enerji və nəqliyyat layihələrinə, diaspor fəaliyyətindən tutmuş beynəlxalq təşəbbüslərə qədər – AXC-nin ruhunun yaşadığını sübut edir. Bu ruh müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır və hər yeni nəsil üçün bir yol xəritəsi rolunu oynayır.
Bu gün qürurla deyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin təməlini qoyduğu ideyalar – xalq hakimiyyəti, hüquqi dövlət, demokratik idarəçilik prinsipləri – müasir Azərbaycanın reallıqlarıdır. 28 May təkcə tarixi hadisə deyil, dövlətçilik ruhunun, milli birliyin və vətən sevgisinin bayramıdır. Azərbaycan xalqı öz tarixinin bu parlaq səhifəsini unutmur və daim bu dəyərlərin keşiyində dayanacaq.
Bugünkü Azərbaycanın əldə etdiyi siyasi və iqtisadi uğurlar da birbaşa olaraq milli istiqlal iradəsinin, strateji baxışın və müstəqil qərarvermə qabiliyyətinin nəticəsidir. Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş, regional lider və qlobal təşəbbüslərlə çıxış edən dövlət kimi tanınması bu siyasətin bəhrəsidir. Xüsusilə, 2020-ci ildə tarixi Zəfərlə başa çatan Vətən müharibəsi xalqın milli birliyini, siyasi iradənin qətiyyətini və istiqlal ideallarına bağlılığını bir daha nümayiş etdirdi.
Ulu Öndər Heydər Əliyev müstəqilliyin memarı, onun qoruyucusu olduğu kimi, bu gün də Prezident İlham Əliyev müstəqil Azərbaycanın inkişafının təminatçısıdır. Onun rəhbərliyi ilə ölkəmiz həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan güclənmiş, torpaqlarımız işğaldan azad olunmuş, üçrəngli bayrağımız yenidən Şuşada, Xankəndidə, Laçında dalğalanır.

28 May təkcə tarixi hadisə deyil, milli birliyin və vətən sevgisinin bayramıdır

Jalə Qədirova,
288 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini
Reytinq: