Nizami Cəfərov: “Bizim dilimiz ikiləşib”23-04-2015, 18:07
Çap et ![]() Heqiqet.az Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərovun APA-ya müsahibəsini təqdim edir. - Nizami müəllim, mətbuata verdiyiniz açıqlamalardan birində “Dövlət dili haqqında” qanunun zaman-zaman təkmilləşdirildiyini demişdiniz. Sizcə, mövcud qanunun qloballaşma şəraitində hər hansı bir əlavə və dəyişikliyə ehtiyacı varmı? - Azərbaycan dilinin inkişafı ilə bağlı bizim kifayət qədər zəngin qanunvericiliyimiz var. Müstəqillikdən sonra Milli Məclisdə “Dövlət dili haqqında” üç qanun qəbul olunub. 2001-ci ildə isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Bundan başqa, 1995-ci ildə Azərbaycan Konstitusiyasının qəbulu zamanı da Heydər Əliyev dil məsələsinə xüsusi diqqət yetirdi. 2004-cü ildə prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan və dünya ədəbiyyatının nümunələri kütləvi şəkildə latın qrafikasında çap olundu. Bu da çox mühüm hadisə idi. İki il bundan əvvəl bu ərəfələrdə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Artıq bu proqramda sizin dediyiniz qloballaşma məsələsi də öz əksini tapıb. Bu proqramın layihəsinin müzakirəsində mən də bir neçə dəfə iştirak etmişəm. Proqram çox mükəmməl şəkildə hazırlanıb. Burada proseslər dəqiq müəyyənləşdirilib. Yəni hansı işlər görülməlidir və s. Həm də konkret olaraq ayrı-ayrı nazirliklərə, komitələrə, elmi idarələrə illər və tarixlər göstərilməklə konkret tövsiyələr verilib ki, bu işlər görülməlidir. Bu gün Azərbaycan dövləti dövlət dilinin qayğısına qalır. - Sizin də dediyiniz kimi, qanunvericilikdə hər şey qaydasındadır. O zaman belə çıxır ki, cəmiyyətimizin ayrı-ayrı fərdləri, lap mətbuat işçiləri qanunlara əməl etməyib bu problemləri yaradır? - Dil proseslərində xeyli problemlər var. Bu nədən irəli gəlir? Dil həm də təbiətdir. Dil heç də hər yerdə qanunla tənzimlənmir. Dil inersiyadır, hərəkətdir. Dil təbii ki, dövlətdən qayğı görməlidir. Dövlətdən qayğı görməyən dil lazımi şəkildə inkişaf edə bilməz. Amma məsələnin bir tərəfini də unutmamalıyıq ki, çox xalqların dövlətləri olmasa da, onların dilləri inkişaf edib. İşin bu tərəfi də var. Bu, həm də Azərbaycan dilinin tarixi taleyi ilə bağlı məsələdir. Biz dilimizin tarixini öyrənəndə ən çox yazıçıların, şairlərin, dramaturqların dilinə istinad edirik. Misallar da gətirəndə həmişə Nəsimidən, Füzulidən misallar gətiririk. Məsələn, Atabəylər dövründə Azərbaycan dili, Şirvanşahlar dövründə Azərbaycan dili, Xanlıqlar dövründə Azərbaycan dili, Səfəvilər dövründə Azərbaycan dili, baxmayaraq ki, dil özünün yüksəliş dövrünü bu dövrdə yaşamışdı. Bu ifadələri çox az-az işlədirik. Lakin Nəsimi dövrü Azərbaycan dili, Füzuli dövrü Azərbaycan dili deyirik. Müasir dövrdə isə Azərbaycan dili bədii üslubdan daha çox publisistik üslubun hesabına inkişaf edir. Bəli, biz bu gün yazıçı dilindən çox da danışmırıq. Bu gün mətbuatın, publisistikanın, kütləvi informasiya vasitələrinin dili aparıcıdır. Mübahisəsiz bu belədir. Elmin də dili var. Ondan da çox danışmırıq. Elə tariximiz boyu da elmin dilindən az danışmışıq. Çünki Azərbaycan elmi adətən ərəb-fars dillərində, sonra da rus dilində inkişaf edib. İndi də təbii ki, ingilis dilinə meyl kifayət qədər güclüdür, çünki elm ümumbəşəridir, kosmopolitdir. Bizim elmi üslubumuz təxminən 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində müxtəlif elm sahələri - humanitar, təbiət və texniki elmlər üzrə formalaşıb. Yəni bizim elmi üslubumuzun tarixi o qədər dərin deyil. Burda bir məsələ də var: publisistikamızın da tarixi qədim deyil. Ancaq publisistika elə bir hadisədir ki, bu gün əmələ gəldisə, deməli bu gün hakimdir. Sovet dövründə publisistika, ümumiyyətlə, publisistik təfəkkür məhv oldu. Bu gün kim deyə bilər ki, məsələn, 20-ci, 30-cu, 40-cı, 50-ci, 60-cı illərdə, lap olsun 70 və ya 80-ci illərdəki publisistik üslubun imkanları bədii üslubun imkanlarından güclü idi. Xeyr, elə deyildi. Artıq bu gün cəsarətlə deyə bilərik ki, müstəqillik dövründən bəri publisistik üslub həm elmi, həm də bədii üslubu üstələyib. Özü də keyfiyyət həddinə çatacaq qədər üstələyib. Hər yerdə olduğu kimi burda da bir paradoks var. Nədən ibarətdir o paradoks? Bədii üslubu yaradan yazıçıdır. O peşəkar olduğu çün demək olar ki, heç bir səhv etmir. Nə orfoqrafiyada, nə leksikada, nə də qrammatikada. Elmi üslubu da inkişaf etdirən alimdir. O da peşəkardır. Terminologiyanı bilir və sair. Onun da səhv etmək imkanı yoxdur. Həm də nəzərə almaq lazımdır ki, həm bədii, həm də elmi üslubda peşəkarlıq səviyyəsi fərdi səviyyə ilə birbaşa bağlıdır. Bunlar seçilmiş insanlardır və bunların hər birinin ayrıca məsuliyyəti var. Bu publisistikada yoxdur. Publisistikada bütün ictimai ruh, bütün ictimai düşüncə - az savadlı, çox savadlı, az peşəkar, çox peşəkar, heç bir peşə xüsusiyyəti olmayan, bunlar hamısı ehtiva olunur. Ona görə də həm burda inkişaf var, çünki kütləvi bir enerji daxil olur bura, həm də burda qüsurlar çoxdur, çünki peşəkarlıq səviyyəsi aşağıdır. Harada kütləvilik varsa, orada peşəkarlıq aşağıdır və bu dildə də təzahür edir. Külli miqdarda material gəlirsə, deməli külli miqdarda dil enerjisi gəlir. Burda kəmiyyət də əsasdır. Publisistikada kəmiyyət həm də keyfiyyət deməkdir. Məsələn, bir xalqın sayı bir milyondursa, onun jurnalistikasının səviyyəsi ayrı olacaq. Bir xalqın sayı 25 milyondursa, onun jurnalistikasının səviyyəsi tamam ayrı cür olacaq. Əgər bu dildə danışırsansa, sən potensial jurnalistsən, potensial publisistsən. Hansısa bir mitinqdə olacaqsan, orada ağlına gələni də, gəlməyəni də danışacaqsansa, bu, artıq publisistikadır. Bəs çoxlu səhvlərin yaranmasının səbəbləri nədən ibarətdir? Səbəblərin biri budur ki, bu gün yazı dili şifahi dilin çox güclü təsiri altındadır. Azərbaycanda da şifahi dil az inkişaf edib. Gəlin bunu etiraf edək. Yəni rus, ingilis, fransız və alman dilləri ilə müqayisədə bizdə şifahi dil, şifahi dilin normaları daha az inkişaf edib. Bizim orfoqrafiya qaydalarımızda, eləcə də dilimizin yazılı qrammatikasında, sintaksisində xüsusilə problemlər yoxdur, normalar çox dəqiqdir. Amma şifahi dilimizdə normalılıq səviyyəsi aşağıdır. Dialekt xüsusiyyətləri güclüdür. Bunlar əhəmiyyətli amillərdir. Dialekt yalnız tələffüz tərzində, fonetikada meydana çıxmır axı. Dialekt həm leksikada, həm də qrammatikada meydana çıxır. Düzdür, bu, bir tərəfdən rəngarənglikdir, ikinci tərəfdən isə normasızlıqdır. Bunun nəticəsində də yazılı mətbuatımızda, yazılı publisistikamızda da qüsurlar meydana çıxır. İndi sual oluna bilər, biz mətbuata, mətbuatın dilinə hücum edək? Bu mümkün deyil və nəticəsi də yaxşı olmaz. Tez normativlər qoymaq, sən yaxşı danışa bilmirsən, sən yaxşı yaza bilmirsən. Bunu nə qədər adama deyəcəksən? Bu praktik olaraq mümkün deyil. Əgər enerji dilə qüsurlarla birlikdə bir sel kimi, axın kimi gəlirsə, onun qarşısını almaq lazım deyil. Quru çaydansa, selin gəldiyi çay yaxşı olar. Heç olmasa su var. Bilirsən ki, material var. Bu baxımdan elə bilirəm ki, çox da narahat olmağa dəyməz. Amma bununla yanaşı təbii ki, müzakirələr getməlidir. Dəqiqləşdirmələr aparılmalıdır ki, həm dil enerjili olsun, həm də normalara əməl olunsun. Başqa bir problemimiz isə ondan ibarətdir ki, bizim dilimizin uzun illər müxtəlif dillərin təzyiqi altında olub. İstər-istəməz bu gün dilimizdə ərəb sözləri, fars sözləri də var. Qrammatik xüsusiyyətləri, hətta tələffüz xüsusiyyətləri var. Rus dilinin, ingilis dilinin təsiri ilə intonasiya təsirinə qədər bu proses gedir. Buna qarşı mübarizə aparmaq lazımdır. Amma təcrid olunmaq da mümkün deyil. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

