Demo Sayt » musahibe » Əhməd Əhmədzadə: “O zaman sel-su altında qalan torpaqlar son illər əvvəlkindən iki dəfə yaxşı məhsul verib”


Əhməd Əhmədzadə: “O zaman sel-su altında qalan torpaqlar son illər əvvəlkindən iki dəfə yaxşı məhsul verib”

4-05-2015, 14:39
Çap et
Əhməd Əhmədzadə: “O zaman sel-su altında qalan torpaqlar son illər əvvəlkindən iki dəfə yaxşı məhsul verib”
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin Gün.Az-a müsahibəsi:

- Əhməd müəllim, yazın gəlişi ilə artıq belə demək mümkünsə, təsərrüfat, əkin-biçin, sel-daşqın mövsümü başlayıb.

Bu baxımdan, bu il Azərbaycanda güclü sel-daşqın gözlənilirmi və bununla bağlı qabaqlayıcı addımlar atılırmı? Bir sözlə, bir neçə il öncə Mil-Muğan zonasında yaşanan sel-daşqın fəlakəti yenidən təkrarlana bilməz ki?

“O vaxtı baş verən daşqınlar isə daha çox İranla əlaqəli oldu”

- Bilirsiniz, əvvəla, indidən dəqiq heç nə demək olmur. Bununla belə, bir neçə il öncə yaşanan sel-daşqın fəlakəti də gözlənilmir, belə bir təhlükə hələ ki yoxdur. O vaxtı baş verən daşqınlar isə daha çox İranla əlaqəli oldu.

Bir də bizim Mingəçevir su anbarı da birdən-birə çox doldu. Amma əsas İran tərəfdən - Araz çayından birdən-birə 1200 kub su gəldi və dalğa kimi vurdu, hər şeyi dağıtdı. Yəni, məlum daşqınlar daha çox onun hesabına oldu.

Bununla yanaşı, çox sevindirici haldır ki, artıq həmin yerlər hamısı bərpa olunub. O zaman sel-su altında qalan torpaqlar son illər əvvəlkindən iki dəfə yaxşı məhsul verib.

“Selbasmanın bir zərəri varsa, bir xeyri də var. Belə demək mümkünsə, torpaqların yararlı hala düşməsi üçün həmin sel-suyun xeyri olub”

- Nəyə görə?

- Çünki həmin torpaqlar şorandan yuyulub, keyfiyyətli hala düşüb. Selbasmanın bir zərəri varsa, bir xeyri də var. Yəni, belə demək mümkünsə, torpaqların yararlı hala düşməsi üçün həmin sel-suyun xeyri də olub.

Eyni zamanda, dediyim kimi, su altında qalan ərazilər, yaşayış məskənləri yenidən tikilib-bərpa olundu. Hökumətimiz, ölkə Prezidenti cənab İlham Əliyev sağ olsun, seldən, daşqından əziyyət çəkmiş insanlarımızın hamısına ev tikdirdi, məktəb tikdirdi, əvvəldən çiy kərpicdən, torpaqdan tikilən evlər var idi, indi hamısı daş evlərdir.

Həmin zərər çəkmiş insanların hamısının villası var belə götürsək.

İndi moddur jurnalistikada deyirlər villa-villa, bu villa odursa, o da - sadə kəndçi də hökumətdən villa hədiyyə alıb. Oturub yaşayır özü üçün...

“Sovet hökumətindən-quruluşundan yeni çıxmışdıq, keçid dövrü idi, o vaxtlar əldə pul da yox idi”

- Yəni, sözlərinizdən belə başa düşmək olar ki, Azərbaycanı məlum fəlakət bir daha gözləmir...

- Yenə deyirəm ki, hələlik belə bir təhlükə yoxdur, görünmür. Çünki o zamandan bu yana sel-daşqının qarşısının alınması, onun fəlakətli nəticələrə gətirib çıxarmaması üçün çox tədbirlər görülüb, ondan sonra çox bəndlər möhkəmləndirilib.

Bilirsiniz, sovet hökumətindən-quruluşundan yeni çıxmışdıq, keçid dövrü idi, o vaxtlar əldə pul da yox idi. O işlərin görülməsi ilk dövrlər asan deyildi, onları birdən-birə həll etmək olmurdu. Hökumət nə qədər güclü olsa da, o yüz illə görülməyən işi bir ildə görmək, iki ildə görmək üçün vaxt, vəsait, resurs tələb edirdi.

Amma indi dövlətimiz də güclüdür, maliyyə resurslarımız da ildən-ilə artır, Azərbaycan da artıq regionun lider dövlətinə çevrilib, yəni, Allaha çox şükür ki, bu istiqamətdə də əsaslı işlər görülür.

“Təbii fəlakətdən heç kəs, heç nə sığortalanmayıb”

Amma bununla belə, təbii fəlakətdən heç kəs, heç nə sığortalanmayıb. Özünüz də hər gün görürsünüz, eşidirsiniz, izləyirsiniz ki, təbii fəlakət nəticəsində Amerikanın başına nələr gəlir, Yaponiya və onun kimi super dövlətlər, güclü dövlətlər seldən, sudan nə qədər əziyyət çəkirlər...

Çilisi, Meksikası, Braziliyası, hamısı görürsən, suyun-selin içindədir. Təbii fəlakətdən sığortalanma yoxdur, amma bununla yanaşı, qabaqlayıcı tədbirlər keçirilir və keçirilməlidir.
Çünki o tədbirlərin hesabına yaşamaq mümkün olur.

“Tam şoranlaşmış torpaqlar bizdə azdır”

- Yuxarıda şoranlaşmış torpaqlardan danışdınız. Azərbaycanda hazırda nə qədər şoranlaşmış torpaqlar var?

- Tam şoranlaşmış torpaqlar bizdə azdır. O suvarılan torpaqların təxminən 1-2 faizi qədər də tam şoranlaşmış var, hansı ki, bunlar həmişə olub, indi də var. O torpaqlar qabaqlar kolxoz-sovxoz vaxtında yuyulurdu, belə 100 hektarla, 200 hektarla bir yerdə yuyulurdu.

İndi torpaqlar hamısı camaatın özünündür. Onun yuyulmasını artıq biz aparmırıq. Belə demək mümkünsə, insanlar özləri suvarma aparır. Amma böyük, o qabaqkı kimi yuyulmalar, böyük suvarma normaları ilə aparılan yuyulmalar faktiki mümkün deyil.

“Hələlik fermerlər arasında təşkilatlanma işləri getməyib”

Bu gün birisi lobya əkir, o birisi pambıq əkir, digər biri qarpız əkir, yəni, bunlar bir-biri ilə uyğunlaşmadığı üçün onlar gərək birləşə. Fermerlər özləri qərar qəbul edib dayandıralar işi, bir ay, iki ay yuyalar, sonra təzədən başlayalar işlərini davam etdirməyə.
Ancaq hələlik o təşkilatlanma işləri fermerlər arasında getməyib. Lakin gələcəkdə bu da olacaq, amma vəziyyət əvvəlkilərdən çox yaxşıdır.

Deyirlər, ay, filan yerdə şoran torpaq var. Onlar hamısı dildə deyilən sözdür. Faktiki ölkədə ortada tam şoranlaşmış, nə bilim sıradan çıxmış torpaqlar yoxdur. Hamısından istifadə olunub. 600 min hektar meliorasiya olunan torpaq var. Onun hamısından istifadə olunur, hamısından da məhsul götürülür.

“İldə 300-dən artıq artezian quyusu qazılır. Qabaq heç 3 dənə qazmağa imkan yox idi ölkənin”

- Ümumiyyətlə, meliorasiya sahəsində hansı işlər görülür və ya görülməsi nəzərdə tutulur?

- Meliorasiya sahəsində, suvarma sahəsində çox böyük işlər görülür. İki böyük su anbarı tikilib, böyük magistral kanallar çəkilib, böyük işlər görülüb.

İldə 300-dən artıq artezian quyusu qazılır. Qabaq heç 3 dənə qazmağa imkan yox idi ölkənin. On illərlə heç 3-5 quyu qazılmırdı. Amma indi cənab Prezident sağ olsun, vəsait verir, ayırır və özü də nəzarətdə saxlayır, ildə 300 quyu qazıb veririk camaata. Bu, çox böyük məsələdir.

Yəni, daxili təsərrüfat şəbəkələri, kolxoz və sovxozdan, baxımsız vəziyyətdə qalmış torpaqlar vardı ki, hamısı pis gündə idi, indi bunların hamısının üstündə müasir texnika var, müasir texnologiya tətbiq olunur, təmizlənir, qaydaya salınır, yenidənqurulması gedir. Amma işlərin həcmi çoxdur, hamısını birdən etmək mümkün olmur. Növbələşdirməklə bu işləri görürük.

“Bunların hamısının hesabatı var”

- Bu ilin sonuna və gələn il nə qədər artezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulur?

- Bunların hamısının hesabatı var. Tələbat hesablanılır, qoyulur. İldə büdcənin imkanları nəzərə alınmaqla da bu işlər görülür. İşlərin də hamısı qrafikləşdirildiyi yerdə, yəni, yerli icra hakimiyyətləri ilə birlikdə həyata keçirilir.

Baxılır ki, məsələn, filan rayonun 30 min hektarı var, yəni, bunun haralarda, hansı ərazilərdə artezian quyularına daha çox ehtiyac var ki, ayrılan vəsait ora yönəldilsin və o işlər görülsün.

Kamil Həmzəoğlu
Reytinq: