Kimlərə masaj etdirmək olmaz? - MÜTƏXƏSSİS RƏYİ15-10-2015, 13:46
Çap et - Azərbaycanda fizioterapiyanın bu günü barədə nə deyə bilərsiniz? - Əvvəla, onu deyim ki, fizioterapiya son 3 ildə ciddi şəkildə inkişaf etməyə başlayıb. Xüsusilə, bir çox xəstəxana fizioterapiyanın əhəmiyyətini başa düşərək, şöbə açmağa başlayıb. Son dövrlər texnologiyanın inkişafı ilə əlaqədar insanlar çox az hərəkət edirlər. Bu da oynaq-dayaq problemlərinin yaranmasına səbəb olur. Əgər problem sinir mənşəli deyilsə, müalicəsini, daha doğrusu, cərrahiyyəsini travmatoloq-ortopedlər, amma sinir mənşəlidirsə, neyrocərrahlar aparır. Söhbət müalicədən gedirsə, bu işlə sırf fizioterapevt həkimlər məşğul olur. XXI əsrdə bu tip problemlər yaşayan insanların sayı artdığına görə, fizioterapiya şöbələri çoxalmağa başlayıb. Müraciət edən xəstələrin 10-dan 7-də oynaq–dayaq problemləri var. Kiminin dizi ağrıyır, kiminin çiyni, kiminin də boynu. Təhlillərdən sonra müvafiq müalicə aparılır. Dünyada indiyə qədər heç bir dərman, maz və ya iynə ilə iradi hərəkətləri geri qaytarmaq mümkün olub. Oynaq ağrıları başlayan insanlarda əzələ problemləri yaşanır. Nəticədə əzələlər zəifləyir və hərəkət məhdudiyyəti yaranır. Bunu ancaq fizioterapiya və reabilitasiya üsulu ilə müalicə etmək mümkündür. - Hərəkət məhdudluğu adətən, anadangəlmə bəlli olur, ya sonradan? - Ən son statistik nəticələrə görə, Azərbaycanda yeni doğulan uşaqların 10%-də oynaq-dayaq, beyin mənşəli və s. problemlər yaşanır. Bu uşaqların əksəriyyətinin bərpaya ehtiyacı var. Hər iki hal yaşanır. Texnologiya inkişaf edib, hər şey pultla, düymə ilə idarə olunur. Buna görə də hərəkət azaldıqca, bu problemlər çoxalacaq. - Hansı halda problemin öhdəsindən gəlmək daha asandır? - Bu, xəstəliyin patologiyasından asılıdır. Problem sinir mənşəlidirsə, həlli uzun illər davam edə bilər. Anadangəlmə bud-çanaq displaziyaları (bunun da dərəcələri var), hər hansı boyun tortikolisi, bronxial pleksus travmalarının yüngül formalarını çox qısa zamanda aradan qaldırmaq olar. - Hansı xəstəliklərdə fizioterapiya daha az effekt verir? - Əlbəttə ki, nevroloji problemi olan uşaqlarda. Biri var santral sinir sistemi, yəni birbaşa beyinlə əlaqədar, biri də var ətrafdakı sinirlər. Əfsuslar ki, beyinlə əlaqəli problemlərə illər sərf olunur. Müalicə aparılsa da, istənilən nəticəni əldə etməkdə çətinlik çəkirik. Amma onu da qeyd edim ki, belə uşaqların müalicəsi nə qədər tez başlansa, bir o qədər effektiv olar. Çünki zaman keçdikcə, yaş artdıqca məhdudiyyətlər əmələ gəlir, oynaq-dayaq problemləri yaranır, bu da sadəcə fizioterapiya və reabilitasiyanı edən həkimlərin deyil, digər həkimlərin də işini çətinləşdirir. - Elə xəstəliklər varmı ki, onların mənşəyini müəyyən etmək çətinlik yaradır? - 16 ildir, gün ərzində 30-40 xəstə qəbul edirik. Daha çox genetik faktorlarla əlaqədar yaranan xəstəliklərin mənşəyini müəyyən etmək çətin olur. Belə xəstələri adətən, Almaniya, ABŞ kimi böyük dövlətlərə göndəririk və təhlillərdən sonra mənşə müəyyən olunur. Amma istənilən halda, əgər oynaq-dayaq xəstəliyi varsa, orda fizioterapiyanın rolu çox böyükdür. - Masaj haqqında nə deyə bilərsiniz? - Fizioterapiya iki hissəyə ayrılır. Biri elektroterapiyadır – bu, tibbi avadanlıqlar vasitəsilə müalicə üsuludur. İkincisi isə reabilitasiyadır. Reabilitasiya itirilmiş funksiyaların bərpasıdır. Reabilitasiyaya manipulyasiya, idman hərəkətləri, masaj kimi üsullar aid edilir. Ölkəmizdə masaj o qədər lazımlı və lazımsız yerlərdə istifadə edilir ki, hətta fizioterapiyanı belə, üstələyib. Azərbaycanda iflicli uşaqların 70%-ə masaj yazırlar. Bu, doğru deyil. Bunu dünyanın heç bir ölkəsində tətbiq etmirlər, nə Türkiyədə, nə Almaniyada, nə ABŞ-da, nə də İranda. Bu, sadəcə, sovet təbabətindən qalma müalicə üsuludur. Bunu dünyanın heç bir yerində qəbul etmirlər. Əlbəttə ki, masajın xeyirli olduğu məqamlar var. Məsələn, boyun, bel, əzələ spazmalarında, miozitlərdə effekt verir. Amma hipertonik uşaqlar var ki, qucağa aldıqda zatən süst olduğu sezilir. Belə uşaqları masaj etmək olmaz. Onsuz da uşaq zəifdir. Onu masaj etməklə əzələlərini zəiflətməyin mənası varmı? Bunu tək mən demirəm. Dünyada bu işlə məşğul olan həkimlər də belə düşünür. Fizioterapiya həkiminin işi xəstəyə tətbiq olunacaq müalicə üsulunu müəyyən etməkdir. Yəni, əsas məsələ düzgün diaqnozdur. - Oynaq-dayaq problemlərinə ən çox uşaqlarda rast gəlinir, yoxsa böyüklərdə? - Yarı-yarıyadır. Uşaqlar da çoxdur, böyüklər də. Son illər rayonlardan gələnlərin sayı çoxalıb. Orada istədikləri müalicəni ala bilmirlər. Bakıya gəlmək isə xeyli maliyyə tələb edir. Sözsüz ki, biz də istərdik, fizioterapiya bölgələrdə də inkişaf etsin. - Bölgələrdə insanlar təsərrüfat işləri ilə əlaqədar daha hərəkətli olurlar. Bəs onlarda oynaq-dayaq problemlərinin yaranması hansı səbəblərlə əlaqədardır? - Texnologiyanın inkişafı hər yerə təsir edir. Son zamanlar valideynlər “touchscreen” məhsulları uşaqlara verirlər, onlar isə istifadə müddətində bədənin vəziyyətinə fikir vermirlər. Nəticədə problemlər yaranır. Biri var qazanılmış problemlər, biri də var anadangəlmə. Qazanılmış problemlər daha çoxdur. Bölgələrdə həm də qohum nikahları mövcud olduğundan genetik problemlər daha çox yaşanır. Bu növ evlilikdən dünyaya gələn uşaqlarla bağlı müraciətlər daha çoxdur. - Bu cür xəstələrin sayında azalma müşahidə olunurmu? - Çalışırıq azalsın. Amma mümkün deyil. Çünki texnologiya getdikcə inkişaf edir, əhali artır. Bu problemlərin qarşısını kiçik yaşlardan mümkün qədər almaq olar. Məsələn, müəllimlər dərslər arasında uşaqlara idman hərəkətləri etdirə bilərlər. Əhalini bu şəkildə maarifləndirmək olar. - Hər xəstəlik üzrə müalicə proqramı ayrıdırmı? Və bunu kim müəyyən edir? - Hər xəstəliyin öz müalicə proqramı var. Bunu fizioterapevt təyin edir. Hər xəstəlik fərdidir. Məsələn, bel yırtığı olan xəstələrdə eyni zamanda şəkər və ya endokrinolji problem ola bilər. Buna görə də gələn xəstəni hərtərəfli müayinə edib, düzgün diaqnoz qoymaq mütləqdir. Əks halda, müalicə heç bir effekt verməyəcək. Nigar Həsənli Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
