Ədəbi dildə danışmaq mədəniyyətimizin bir hissəsidir16-07-2015, 11:28
Çap et Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” və “İti Qələm” mükafatları laureatı Jurnalistin düşüncələri – təklif edirəm Hər bir millətin mənəvi mədəniyyətinə onun adət-ənənələri, əxlaq normaları, məişət qayda-qanunları, ədəb-ərkan qaydaları ilə yanaşı ən mühüm ünsiyyət vasitəsi olan danışıq dili də aiddir. Bildiyimiz kimi Azərbaycanın hər bir regionunun özünəməxsus adət-ənənəsi, məişət qanunları və ləhcələri mövcuddur. Bütün bunlara biz hörmətlə və diqqətlə yanaşırıq. Lakin xalqımızın ədəbi dili də mövcuddur ki, müəyyən sahədə çalışan insanlar, müəyyən peşə sahibləri bu dilin qanunlarına əməl etməlidirlər. Hər hansı bir insanla ünsiyyət qurduqda onun ədəbi dildə danışması qarşısındakı adamda müsbət bir fikir oyadır. Əziz oxucu! Bu məqalədə qoyulan məsələ ola bilsin ki, bəzi məmurların, müəyyən sahədə çalışan peşə sahiblərinin – müəllimlərin, jurnalistlərin xoşuna gəlməsin. Lakin mənim öz dilimə olan sevgim bu məqaləni yazmağa məni vadar etdi. Qeyd edim ki, jurnalist işlədiyim 30 ildən çox fəaliyyətim dövründə respublikamızın bütün rayonlarında olmuş və yüzlərlə idarə müdiri ilə ünsiyyətdə olmuşam. Bu insanların içərisində az bir faizi Azərbaycan dilinin ədəbi qanunlarına riayət edirlər. Əksər idarə müdirləri ali təhsil almalarına baxmayaraq ünsiyyət zamanı öz ləhcələrində danışırlar. Əbəs deyil ki, hər bir ali məktəbə qəbul zamanı Azərbaycan dilində imtahan verilir. Bu o deməkdir ki, müəyyən sahə üçün hazırlanan mütəxəssis həm də öz ana dilini yaxşı bilməlidir. Bu sahədə yaranmış boşluğun əsas səbəblərindən biri yəqin ki, təbliğatın olmaması və ya çox zəif olmasıdır. Bildiyimiz kimi əsas təbliğat vasitələrindən biri televiziyadır. Televiziyada çıxış edən hər bir aparıcı, jurnalist ədəbi dilin qanunlarına riayət etməlidir. Çünki, onların çıxışları hər bir ailəyə təsir edir. Adi bir misal: Əgər 15 ildən çox jurnalist işləyən şəxs televiziya kanalının verilişində “olubdur” əvəzinə “olufdu” deyirsə, ona qulaq asan hər hansı savadsız bir tamaşaçı belə deyilişin düzgün olduğunu düşünə bilər. Son dövrlərdə televiziya kanallarında çıxış edən bəzi aparıcılar, jurnalistlər öz çıxışları ilə ədəbi dilimizi korlayır, efirə yaraşmayan bayağı sözlər işlədir, bununla da televiziyanın nüfuzunu aşağı salır və dilimizə hörmət edən tamaşaçıda narazılıq yaradır. Orta nəslə məlumdur ki, sovet dövründə televiziya verilişlərinin aparıcıları, diktorlar müəyyən amillər nəzərə alınaraq seçilirdi. Belə ki, onların diksiyası, tələffüzü, ədəbi dilin qanunlarına riayət etmələri əsas amillərdən idi. Nəticədə onların çıxışı, danışıq tərzi hər bir azərbaycanlı üçün nümunə olurdu. Hal-hazırda isə televiziya verilişlərində hər cür ləhcə ilə danışan, hətta Azərbaycan hərflərini düzgün tələffüz etməyən aparıcılara, jurnalistlərə rast gəlirik. Bu ədəbi dilimizə olan hörmətsizlikdir. Ədəbi dilin formalaşmasında məktəbin rolu danılmazdır. Belə ki, şagird elə kiçik yaşlarından öz müəllimlərindən nümunə götürür. Müəllim şagirdlə ədəbi dildə ünsiyyət qurursa, eləcə də dərsi ədəbi dildə izah edirsə, (əgər bunu məktəblərdə çalışan bütün müəllimlər edərsə - F.Ə.) şagird də istər-istəməz ədəbi dildə danışmağa səy göstərəcək. Əgər məktəblərdə, peşə liseylərində, kolleclərdə, universitetlərdə çalışan bütün müəllimlər ədəbi dilin normalarına riayət etsələr, onda daim bu dili eşidən nəsil bu dilin qanunlarına riayət etməyə çalışacaq. Əgər hər hansı bir şəxs əvvəlcə məktəbdə müəllimlərinin, sonra təhsil aldığı hər hansı bir tədris ocağında çalışanların, sonradan hərbi hissə komandirinin, daha sonradan isə işləyəcəyi idarədəki rəhbərliyin ədəbi dildə danışdığını görsə, inanıram ki, təxminən 15-20 ildən sonra Azərbaycanda yaşayan hər bir şəxs ədəbi dildə danışacaq. Təklif edirəm ki, cəmiyyətdə ədəbi dilin formalaşması üçün bir neçə aylıq kurslar təşkil olunsun və bu kurslara əsasən müəllimlər, jurnalistlər, eləcə də idarə müdirləri cəlb olunsun. Bu kurslar təxminən 2-3 il ərzində fəaliyyət göstərsə, minlərlə şəxs bu kurslardan bəhrələnə bilər. Və digər təklifim isə ondan ibarətdir ki, bütün ali məktəblərdə bir semestr müddətində tələbələrə ədəbi dilin normaları öyrədilsin. Əgər deyilənlər tətbiq olunsa, inanıram ki, Azərbaycan mədəni mühitində ədəbi dilin problemləri öz həllini tapacaq. Ədəbi dildə danışmaq isə mədəniyyətimizin bir hissəsidir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
