Fərhad Əsgərov: "Vicdanlı “baba”" (hekayə)22-09-2015, 09:57
Çap et Fərhad Əsgərov (Ramizoğlu),Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Nüanslar” qəzetinin baş redaktoru İnsan uşaqlıq dövründə bəzən elə hərəkət edir ki, sonra heç vaxt bunu istəsə də, yaddan çıxara bilmir və bütün həyatı boyu vicdan əzabı çəkir. Bu barədə bir tanışımın mənə danışdığı maraqlı bir əhvalatı oxucuların nəzərinə çatdırmaq istəyirəm: “Uşaqlıqda mən utandırıcı hərəkətə yol vermişəm və buna görə bu gün də məni tez-tez xəcalət hissi ilə qarışıq acı gülmək tutur. Orta məktəbdə təhsil alarkən çox dəcəl olmuşam. Dərslərdə şuluq salmaq üçün ən xırda hadisəni, ən kiçik imkanı belə əldən verməzdim. Düzdür, enerjinin çoxluğundanmı, yoxsa daha nədən bu yaşda əksər oğlan uşaqları belə olurlar. Lakin qeyd edim ki, məndə bu, daha qıcıqlandırıcı alınırdı. İndiki məktəblilər “nümunə” götürməsinlər deyə o vaxtkı hərəkətlərimi, bütün bunları necə etdiklərimi deməyəcəyəm. Bircə onu bildirəcəyəm ki, əlimdən zara gələn məktəbin direktoru növbəti dərsə valideynimlə gəlməyimi tapşırdı. Əks təqdirdə dərslərə buraxılmayacağımla hədələdi. Məni fikir götürdü: atama desəydim. O, məni cəzalandırmamış rahat olmayacaqdı. Anama da deməyi məqbul saymırdım: yəni bu boyda oğlanın anası məktəbə gəlsin, özü də nəyin üstündə... Xeyli fikirləşib bir çarə tapdım. Özümdən bir neçə yaş böyük bir oğlanla dostluq edirdim. Səkkizinci sinifdən sonra təhsilini davam etdirməmişdi. Ailə vəziyyəti ilə əlaqədar zavodda tornaçı işləyirdi. Əlləri qızıl idi. Necə deyərlər, dəmirdən adam düzəldirdi. Məndən böyük olmasına baxmayaraq xasiyyətimiz tuturdu və tez-tez görüşüb söhbət edərdik. Çox da təmiz ürəyi vardı. İşdən sonra boş vaxtlarında qəsəbədəki parkda görüşərdik, tennis oynayar, çayxanada oturub çay içər, söhbət edərdik. Məktəb, valideyn məsələsi baş qaldıranda fikirləşdim ki, bəs, dost-dosta hansı gündə gərəkdir: elə yaxşı olar – dostumu dayı adı ilə apararam məktəbə, bu məsələni bir təhər yoluna qoyarıq. Fikrimi dostuma anlatdım. Xətrimi çox istəməsinə baxmayaraq, əvvəlcə bu işə qol qoymadı. Dedi ki, mənə ayıb olar ki, kimisə aldadım. Tanış var, biliş var, eşidən-bilən mənə nə deyər? Lakin mənim əl çəkmədiyimi görüb və həm də başa düşəndə ki, mənim bundan savayı daha başqa əlacım qalmayıb, çarəsizlikdən axır ki, razılaşdı. Bu iş müvəffəqiyyətlə bitəcəyi təqdirdə ona bir qonaqlıq da verəcəyimi bildirdim. O, qonaqlıqdan imtina etməyə çalışsa da dedim ki, axı, həmişə sən məni qonaq eləyirsən, qoy bir dəfə də məndə bəhanə olsun ki, mən səni qonaq edim. Əslində isə onun məktəbə getməkdən imtina edəcəyindən qorxurdum. Qorxurdum ki, dostum çox tərbiyəli olduğundan gedib fikirləşər, bunun pis bir hal olmasına görə “dayım” olmaq istəyindən vaz keçər. Şərtləşdik ki, daha inandırıcı çıxsın deyə, direktorun yanında mənə hətta bir şapalaq da vursun... Qısa deyəcəyəm, hər şey yaxşı qurtardı: şapalaq, dalınca qonaqlıq... Düzü, özüm-özümə heyran qalmışdım. Necə oldu ki, bu işi asanlıqla yoluna qoya bildim. Yüksək əhval-ruhiyyə ilə dərslərimə davam etməyə başladım. Məndən aşağı sinifdə bir dostum da vardı. Atalarımız yaxşı deyiblər: taylı-tayın tapmasa günü ah-vayla keçər. Tənəffüslərdə çox vaxt bir yerdə olurduq. Düzü, həm çox şuluq uşaq idi, dalaşqanlığı ilə ad çıxarmışdı, həm də siqaret çəkirdi. Bir gün gördüm ki, həmin dostumun qanı bərk qaradır. Öyrəndim ki, mənim başıma gələn onun da başına gəlib. Direktor onun da valideynini çağırıb. Bu işdə artıq təcrübəli olduğumdan ona dedim ki, heç fikir-zad çəkməsin, özüm hər şeyi düzüb-qoşacağam. Nə etməli olduğunu, yəni bir “dayı” tapmağın vacibliyini ona başa saldım. Bildirdi ki, ona “dayılıq” edə biləcək elə bir dostu, tanışı yoxdur. Lakin arabir həmin parka gələn yaşlı bir kişini yaxşı tanıyır. Bəlkə o, kömək edə. Əlüstü dedim ki, nə olsun: “dayı” olmasın, “baba” olsun. Qəm yemə, hər şey nəzarət altındadır. Təcrübəli bir böyük yoldaş kimi dərsdən sonra dostumla birgə həmin yaşlı kişinin görüşünə getdik. Yol boyu dostuma ürək-dirək verdim ki, burada elə bir çətin iş yoxdur. Yaşlı kişidir, itirəcəyi nədir axı, beşdən-ondan verərik ona, bir neçə dəqiqə vaxtı gedəcək... Pensiyaçı adamdır da... Bir də ki, direktor sənin atanı tanıyır. Buna görə də elə “baba” yaxşıdır. Yaşlı kişi ilə parkda görüşüb məsələnin təfsilatını ona izah etdik. Həm də bir qədər fərqli surətdə başa salaraq bildirdik ki, dərslərini yaxşı oxuyan, ictimai işlərdə çalışan, məktəbin hər işinə yarıyan bu oğlan axı nə üçün boş bir şeyin üstündə dərsə buraxılmasın. Kişiyə izah etdik ki, ezamiyyətdə olmasaydı atası gedəcəkdi direktorun yanına. Nə edəsən axı. Atası bir aydan sonra qayıdacaq. Deyə bilməzdik ki, atası evdədir, uşağın özü isə yaxşı oxumur, dərslərdə şuluqluq edir, siqaret çəkir, digər şagirdlərə sataşır və s. Dostum onluğu da elə əvvəlcədən “baba”nın cibinə dürtdü. Səhər tezdən dostumla “baba” məktəbə gəldilər. Direktor onları hörmətlə qarşıladı və dostumun məktəbliyə yaraşmayan hərəkətləri barədə “baba”ya məlumat verdi. Evdə onunla ciddi məşğul olmağın vacibliyini “baba”nın nəzərinə çatdırdı. Yaşlı kişi bərk əsəbiləşmişdi. İki məktəbli uşaq onu aldatmışdı. Direktorun ona söylədiklərini bilsəydi, heç bura gələrdimi? Ömrü boyu vicdanla işləyib təqaüdə çıxmışdı. İndi bir “onluğa” görə vicdanını ləkələməli idi? Yaşlı kişi direktorun gözü qarşısında, sərt bir hərəkətlə on manatı cibindən çıxarıb oğlana verdi: - Al, sənin kimisinin bir qəpiyi də mənə lazım deyil, - dedi. Mən də bunu yaxşı oxuyan, tərbiyəli, vicdanlı bilib haqsızlığı aradan qaldırmaq üçün durub gəlmişəm məktəbə. Üzünü oğlana tutub, ayıb olsun sənə, - dedi və çıxıb getdi. Direktor yaxşı adam idi. Məktəbli dostum bir töhmətlə canını qurtardı. Mən isə belə bir halla qarşılaşdığım üçün dərin xəcalət hissi keçirdim”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Fərhad Əsgərov (Ramizoğlu),