» » 2020-ci ilin büdcəsinə dəyişikliklər yeni iqtisadi çağırışlara əsaslanır (MÜSAHİBƏ)


2020-ci ilin büdcəsinə dəyişikliklər yeni iqtisadi çağırışlara əsaslanır (MÜSAHİBƏ)

11-08-2020, 09:46
Çap et
2020-ci ilin büdcəsinə dəyişikliklər yeni iqtisadi çağırışlara əsaslanır (MÜSAHİBƏ) Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovla müsahibə
- Aydın müəllim, məlum olduğu kimi Milli Məclis 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsini qəbul etdi. Büdcənin dəyişməsini zəruri edən əsas iqtisadi əsaslar hansılardır?
- Azərbaycan iqtisadiyyatı 2020-ci ili çox nikbin iqtisadi-sosial göstəricilərlə başlamışdı və cari ildə ölkəmizdə inkişaf dinamikasının sürətlənəcəyi proqnozlaşdırılırdı. Bütün makroiqtisadi göstəricilər ümidverici idi, birinci rübdə ölkəmizdə ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 18 milyard 321,1 milyon manat təşkil etmişdi. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz artmışdı. ÜDM-in tərkibində bütün sektorların artımı qeydə alınmışdı. Ancaq mart ayından sonra dünyada baş verən qlobal təlatümlərin Azərbaycana təsirləri artmağa başladı, xüsusilə də koronavirus pandemiyasının geniş yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına və dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb oldu. Dünyanın bir parçası olan Azərbaycan bu proseslərdən heç cür kənarda qala bilməzdi və iqtisadi təzyiqlər ölkəmizə təsirlərini göstərməyə başladı. Xüsusilə də, neft qiymətlərinin kəskin ucuzlaşması ölkəmizin xarici valyuta daxilolmalarının kəskin azalmasına və tədiyyə balansının pisləşməsinə səbəb oldu. Eyni zamanda, pandemiya və ölkəmizdə tətbiq olunan karantin rejimi və sosial təcrid tədbirləri işgüzar fəallığın və iqtisadi inkişafın zəifləməsinə səbəb oldu. Belə ki, cari ilin ilk altı ayında ötən ilin eyni dövrü iləmüqayisədə ÜDM 2,7 faiz, o cümlədən qeyri neft-qaz ÜDM-i 2,5 faiz, əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,7 faiz, o cümlədən qeyri neft–qaz sektoru üzrə 15,5 faiz azalıbdır, kənd təsərrüfatı, informasiya və rabitə sahələri istisna olmaqla, ölkədəki digər bütün iqtisadi sektorlarda azalma müşahidə olundu. İqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması sözsüz ki, dövlət büdcəsinin gəlir və xərclərinəki möhkəm tarazlığın pozulmasına səbəb oldu.
Bütün bu mənfi tendensiyalara baxmayaraq hökumət 2020-ci ilin birinci yarısında bütün iqtisadi-sosial tədbirləri tam uğurla başa vurdu, xüsusilə də büdcə-maliyyə öhdəlikləri artıqlması ilə icra edildi. Belə ki, cari 2020-ci ilin altı ayında dövlət büdcəsinin gəlirləri 11 milyard 684,5 milyon manat proqnoza qarşı 12 milyard 022,7 milyon manat olmaqla 2,9 faiz artıq icra olunubdur. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz çoxdur. Eyni zamanda. altı ayda dövlət büdcəsində 291,9 milyon manat profisit yarandı. Dövlət büdcəsinin xərcləri isə 6 ay ərzində 11 milyard 625,7 milyon manat proqnoza qarşı 11 milyard 730,8 milyon manat və ya 0,9 faiz artıq icra edilibdir. Eyni zamanda, bu dövrdə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə öhdəliklər tam və vaxtında maliyyələşdirilibdir.
Ancaq məsələ ondadır ki, ilk 6 ayda ayda dövlətin maliyyə-büdcə-fiskal öhdəlikləri tam və vaxtında icra olunsa da, qarşıdakı aylarda pandemiyanın diktə etdiyi yeni tələblər iqtisadi və maliyyə davranışının, fiskal mühitin də xüsusiyyətlərinin dəyişməsini labüd edir. Nəzərə alsaq ki, pandemiya hələ davam edir və nə vaxt bitəcəyini müəyyən etmək çox çətindir, onda qarşıdakı aylarda bir sıra vacib sahələrin - səhiyyənin artan ehtiyaclarının ödənilməsi, əhalinin həssas sosial qruplarının, dövlət şirkətləri, sahibkarlıq subyektləri və kiçik-orta biznesə dövlət dəstəyinin göstərilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, digər dövlət ehtiyaclarının təmin edilməsi olduqca zəruridir. Bütün bunlar isə dövlət büdcəsinin xərclərinin artırılması ilə bağlı yeni çağırışları formalaşdırır. Bu çağırışlar dövlət büdcəsi qarşısında yeni çağırışların təmin olunması,büdcənin gəlir və xərcləri arasında tarazlığın bərqərar edilməsi məqsədi ilə büdcə qaydasının tətbiqini müvəqqəti dayandırmaqla cari ildə yumşaq kontrsiklik büdcə siyasətinin həyata keçirilməsini dövlət və icmal büdcələrinə yenidən baxılmasını zəruri etmişdi. Məhz buna görə də, büdcəyə dəyişiklik, daha doğrusu 2020-ci ilin dövlət büdcəsinin dürüstləşdirilməsi ilə bağlı qərar qəbul edildi.
- Dəyişikliklərdən sonra dövlət büdcəsinin gəlir və xərcləri hansı həcmdə müəyyən edildi?
- Cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24 milyard 124 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3faizi həcmində olmaqla, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə10,5 milyon manat azdır. Nəticədə yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəyə transferti 850 milyon manat, dövlət büdcəsinin sair daxilomaları isə 30 milyon manat artırılıb. Dürüstləşdirilmiş dövlət büdcəsi gəlirlərinin 58 faizi və yaxud 13 milyard 990 milyon manatı neft sektorunun, 42 faizi və ya 10 milyard 134 milyon manatı isə qeyri-neft sektorunun payına düşür.
Beləliklə, dövlət büdcəsi gəlirlərinin 12 milyard 200 milyon manatını və ya 50,6 faizini Dövlət Neft Fondunun transferti, 7 milyard 190 milyon manatını və ya 29,8 faizini Dövlət Vergi Xidmətinin daxilolmaları, 3 milyard 830 milyon manatını və ya 15,9 faizini isə Dövlət Gömrük Komitəsinin daxilolmaları təşkil edəcəkdir. Büdcənin 804 milyon manatı (3,3 faiz) büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları olacaqdır. Yəni burada qeyri-neft gəlirlərinin, yəni vergi və gömrük daxilolmalarının həcminin azalmasının əsas səbəbləri koronavirus pandemiyası ilə əlaqədar qeyri-neft sektoru üzrə maliyyə gəlirlərinin azalmasıdır.
2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri isə 27 milyard 492,2 milyon manat təşkil edəcəkdir. Bu, ötən il təsdiq edilmiş büdcə göstəricinə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz çoxdur. Dövlət büdcəsinin xərclərinin 18 milyard 46,9 milyon manatı və ya 65,6 faizi cari xərclərə yönəldiləcəkdir.
Dövlət büdcəsinin kəsiri dürüstləşmədən 608 milyon manat artırılaraq 3 milyard 368,2 milyon manat səviyyədə olacaqdır.
- Büdcədə əlavə tələb olunan 1 milyard 371,5 milyon manat zəruri xərclərin əsas istiqamətləri hansı sahələrdir?
- Büdcə dəyişikliklərindən sonra büdcə layihəsində konkret hansı sahələr və istiqamətlər üzrə xərc maddələrinin istiqamətləri müəyyənləşibdir. Bunlar ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması, pandemiyaya qarşı mübarizə ilə bağlı əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan əlavə xərclərin örtülməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün yaradılmış 465 milyon manat ehtiyat vəsaitlərin ayrılması, səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün 369,0 milyon manat xərclərin yönəldilməsi, pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat əlavə vəsaitin sərf edilməsi, pandemiya ilə əlaqədar dövlət şirkətlərinə maliyyə dəstəyinin davam etdirilməsi üçün 136,6 milyon manat, iqtisadi dəstək üzrə tədbirləri üçünsə 100,0 milyon manat vəsaitlərin ayrılmasıdır. Bundan başqa, cari ildə bir sıra təşkilatlar üzrə artırılmış əmək haqlarının maliyyə təminatı və vakant vəzifələrin komplektləşdirilməsi üçün 37,3 milyon manat, bəzi təşkilatların maddi-texniki təminatının möhkəmləndirilməsi, hərbiçilərə ev kirayəsi haqqının ödənilməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün 9,1 milyon manat, “ASAN xidmət” üzrə elektron hökumətin tətbiqinin maliyyə təminatı üçün 7 milyon manat, pandemiya dövründə ölkəyə xaricdən gələn Azərbaycan vətəndaşlarının sərhəddə yaradılmış səyyar düşərgələrdə karantindən keçmələri üçün 2,8 milyon manat, biometrik pasport blanklarının və yeni nəsil şəxsiyyət vəsiqələrinin çap edilməsi ilə bağlı əlavə 6,7 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulubdur.
- Aydın müəllim, büdcə siyasətinə dəyişikliklərdən biri də 2019-cu ildən tətbiq edilən büdcə qaydasının dəyişdirilməsidir. Bunun əsas səbəbini necə izah etmək mümkündür?
- Məlum olduğu kimi 2019-cu büdcə ilindən tətbiq edilən yeni büdcə qaydasına əsasən icmal büdcə xərclərinin və Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı hədləri xalis maliyyə aktivləri və proqnozlaşdırılan neft gəlirləri əsasında müəyyən edilir. Eyni zamanda, büdcə qaydası icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin də hər il əvvəlki ilin müvafiq göstəricisindən az olmasını tələb edir. Dürüstləşdirilmədən sonra 2020-ci ildə neftin bir barelinin orta illik qiymətinin 35 dollar əsasında götürüldküdə büdcə parametrlərinin də yenidən hesablanması qaçılmaz olur. Büdcə qaydasından kənarlaşmamaq üçün icmal büdcə xərclərinin və Neft Fondundan dövlət büdcəsinə transfertin gözlənilən həcmləri təqribən 2,5 milyard manat və ya 8,4 faiz və 21,7 faiz azaldılmalıdır. Yeni neft qiyməti reallıqları və neft hasilatının azalması nəzərə alınmaqla 2021-ci il vəsonrakı üç il üçün fiskal çərçivənin hazırlanması zamanı büdcə qaydasının tətbiqi ortamüddətli dövrdə büdcəxərclərinin kəskin azaldılmasını da zəruri edir. Baş vermiş iqtisadi və maliyyə böhranlarından əldə olunan təcrübə göstərir ki, iqtisadiyyatın böhranlı dövrlərində tətbiq edilən kəskin daraldıcı fiskal siyasət ölkələrdə iqtisadi faəllığın və məşğulluğun kəskin azalmasına və tənəzzülün dərinləşməsinə səbəb olur. Bu baxımdan, məcmu tələbin dövlət xərcləri vasitəsilə müəyyən səviyyədə stimullaşdırılmasına ehtiyac yarandığı bir şəraitdə cari və növbəti ildə büdcə qaydasına uyğun olaraq büdcə xərclərinin və Neft Fondundan dövlət büdcəsinə transfertin kəskin azaldılması vəziyyəti daha da çətinləşdirə bilər. Ona görə də, 2020-ci ilin dövlət büdcəsinin təsdiq olunmuş xərclərinin təmin olunması və növbəti ilin dövlət büdcəsinin gəlir və xərclərinin proqnozlaşdırılmasında tarazlığa nail olmaq məqsədilə büdcə qaydasının müvəqqəti dayandırılması labüddür.
- Büdcəyə dəyişiklikdən sonra, ölkəmzin iqtisadi və sosial sahələrində nəzərdə tutulan maliyyə məslələrini icra etməkdə çətinlik yaranmayacaqdır ki?
- Dürüstləşdirilən büdcəmiz ölkəmzin maliyyə planlarını tam və bütün istiqamətlər üzrə icra etməyə imkan verəcəkdir. Büdcəmiz yenə də əsas etibarilə sosialyönümlü olmaqla, sosial müdafiə və dsətək tədbirlərinin gücləndirilməsinə, bütün sosial layihələrin uğurla başa çatdırılmasına, dövlətin iqtisadi sahələrə dəstəyinin tam şəkildə başa çatdırılmasına, biznesə və investorlara maliyyə dəstəyinin davam etdirilməsinə, nəzərdə tutulan vacib iqtisadi proqramların gerçəkləşməsinə güclü maliyyə təminatı yaradır. Eyni zamanda, büdcəmiz qeyri-neft sektorunun dayanıqlı inkişafını, maliyyə intizamının gücləndirilməsini və şəffaflığın artırılmasını təmin edir. Ölkəmiz pandemiyanın yaratdığı bu həssas dövrü cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə arxada qoyacaq və yenidən inamla öz inkişaf yoluna davam edəcəkdir.
Reytinq: