» » Qurban bayramı Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir


Qurban bayramı Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir

9-07-2022, 09:17
Çap et
Qurban bayramı Azərbaycan xalqının mənəvi birliyinin  ifadəsidir Yeganə Baxşəliyeva,
Bakı şəhəri general Məhəmməd Əsədov adına 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, “Qızıl Qələm”, “Vətənpərvər xanım”, “Azərbaycan bayrağı”, “Qabaqcıl təhsil işçısı”, “İlin nüfuzlu ziyalısı”, “İlin müəllimi” və “Sadiq Heydərçı” mükafatları laureatı


Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd edilir.
Qurban bayramının əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. İnsanları halallığa, paklığa səsləyən Qurban bayramı mənəvi birlik rəmzidir. Xalqımız öz milli adət-ənənələrinə həmişə hörmətlə yanaşdığını, bütün dini mərasimləri, o cümlədən Qurban bayramını böyük sevinclə qeyd edir. Bu bayram cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin təntənəsinə çevrilib.
Ulu öndər Heydər Əliyev həmişə milli-mənəvi dəyərlərimizin formalaşmasına böyük önəm verib. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra dini bayramlar, o cümlədən Qurban bayramı böyük təntənə ilə keçirilir. Bu bayram insanlara həmrəylik, şəfqət və mərhəmət hisslərini aşılayır. Qurban bayramı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının ən böyük mənəvi dəyərlərindən hesab etdiyi İslam dininin müqəddəs bayramlarından biridir. Əsrlər boyu xalqımız Qurban bayramını böyük sevinc və coşqu hissi ilə qarşılamış, qurban kəsmə mərasimini öz milli adət-ənənəsinə, mənəvi dəyərinə çevirmişdir.
Cəmiyyətimizdə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən Qurban bayramı hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə qeyd olunur. Bu müqəddəs bayramda dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri və qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir.
Qurban bayramı xalqımığın heç zaman unudulmayan mənəvi mirasıdır. İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirmiş Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır. Bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir.
Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev də tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, xüsusən də dini ziyarətgahların əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramının Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqətin parlaq təzahürüdür.
Bu əziz bayram münasibətilə başda möhtərəm Prezidentimiz olmaqla, xalqımızı təbrik edir, can sağlığı, əmin-amanlıq diləyirəm.
Qurban bayramınız mübarək!


 
Reytinq: