Ümummilli Lider yaddaşımızda qurucu və xilaskar kimi əbədi olaraq yaşayacaq12-12-2022, 14:04
Çap et On doqquz il bundan əvvəl Vətən öz böyük oğlunu itirsə də, ancaq bu illərin hər bir ili Heydər Əliyev siyasətinin təntənəsi ili olmuşdur. Çünki bu illər ərzində Heydər Əliyev siyasəti davam etdirilmiş, Azərbaycan uğurla inkişaf etmişdir. Dünya tarixində elə şəxsiyyətlər vardır ki, o şəxsiyyətlər təkcə öz xalqına, millətinə deyil, bütün bəşəriyyətə mənsub olurlar və bəşəriyyət onlardan örnək alır. Belə şəxsiyyətlərdən biri də Azərbaycan dövlət müstəqilliyinin qurucusu Ulu öndər Heydər Əliyev idi. O deyirdi ki, mənim əsas silahım sözdür. Bu silah sayəsində Ulu Öndər insanlara özlərinə güvənməyi öyrətdi və xalqı inandırdı ki, Azərbaycanın gələcəyi də, onun iqtisadiyyatı və mədəniyyəti də öz əlindədir. Heydər Əliyevin sülh məramlı daxili və xarici siyasəti nəticəsində və xalqımızın haqq səsini dünya xalqlarına çatdırdığı üçün bu gün Azərbaycan tanınır. 1993-cü ildə Azərbaycan xalqı böyük müdriklik göstərmiş, ölkəmiz, xalqımız üçün ən ağır anlarda Heydər Əliyevə müraciət etmiş, onu hakimiyyətə dəvət etmişdir. Nə üçün? Bir neçə səbəb var idi. İlk növbədə, Heydər Əliyevin 1970-1980-ci illərdə gördüyü işlər xalqın yaddaşında yaşayırdı. Azərbaycan 1970-ci ilə qədər sovet məkanında ən geridə qalmış respublika idi. Heydər Əliyevin fəaliyyəti nəticəsində 1980-ci illərin əvvəllərində sovet miqyasında ən qabaqcıl respublikaya çevrilmişdi. Sovet İttifaqının süqutundan sonra Vətənə dönən Heydər Əliyev ən çətin dönəmlərdə - 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini kimi fəaliyyət göstərib. 3 oktyabr 1993-cü ildə xalqımız Ulu Öndərə 98.84 faiz səs verərək, Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsini böyük ruh yüksəkliyi ilə dəstəkləmişdir. Ümummilli liderin ardıcıl səyləri nəticəsində 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafının bünövrəsi qoyulmuşdur. Həmin illərdə həyata keçirilmiş iqtisadi, hüquqi, sosial, humanitar islahatlar nəticəsində ölkəmiz regionun qüdrətli dövlətinə çevrilmişdir. Müstəqil, milli maraqlara əsaslanan xarici siyasəti gerçəkləşdirən Azərbaycan beynəlxalq müstəvidə də öz prinsipial yanaşması ilə fərqlənmişdir. Ulu Öndərin ən böyük xidmətləri sırasında Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və bütün problemlərin yalnız Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları çərçıvəsində həll edilməsi xüsusi olaraq qeyd olunmalıdır. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsini qoydu. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi strategiyasının bütün hədəflərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli var idi. Ümummilli liderin əhəmiyyətli səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı. Münaqişənin ATƏT çərçivəsində həll edilməsi üçün təşkil edilən Minsk qrupunda, həmçinin bir sıra zirvə toplantılarında məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Ulu öndər Heydər Əliyev dünya dövlətlərini münaqişəyə yanaşmada diqqətli olmağa və məsələnin tezliklə beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsi işində yaxından iştirak etməyə çağırırdı. Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində məhz bu gün qalib və qüdrətli Azərbaycan regional və qlobal miqyasda aparıcı mövqeyə sahibdir. Azərbaycan xalqının birliyi, əzmi, fədakarlığı və özündən də çox inandığı Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi dövlətimizin daha da güclənməsinə, regionda və dünyada nüfuzunun artmasına, 30 ilə yaxın erməni işğalına məruz qalan tarixi torpaqlarımızın azad olunmasına, ərazi bütövlüyümüzün bərpa edilməsinə səbəb oldu. Xalqımızın böyük oğlu Heydər Əliyev azərbaycanlıların yaddaşında qurucu və xilaskar kimi əbədi olaraq yaşayacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
