Zəfər Günü - milli qürur və şərəf tariximizdir31-10-2025, 13:47
Çap et 8 Noyabr - Zəfər günü tariximizə qızıl hərflərlə yazılıb. Qarabağ Zəfəri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Rəşadətli Ordumuz 30 illik işğala 44 gündə son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Prezident-Xalq birliyinin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Bu gün isə Qarabağda möhtəşəm bərpa-quruculuq işləri gedir, bu yerlərə həyat yenidən qayıdır. 2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Düşmənin on illiklər boyu qurub möhkəmləndirdiyi müdafiə xətti müharibənin ilk günündə yarıldı. Füzuli, Cəbrayıl rayonlarının altı kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olundu. Vətən müharibəsinin ilk günündən başlayaraq daim irəli gedən ordumuz düşmənə sarsıdıcı zərbələr endirir, yaşayış məntəqələrimizi bir-birinin ardınca azad edirdi. Oktyabrın 3-də strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndləri, bir gün sonra Cəbrayıl şəhəri və rayonun 9 kəndi düşmən tapdağından xilas olundu. Qələbəmizin zirvəsi noyabrın 8-də Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində səbirsizliklə gözlənilən bu müjdəni verdi. Vətən müharibəmiz, xüsusən Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifəsidir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, dünyanın aparıcı hərbi məktəblərində öyrənilir. İlk dəfə idi ki, pilotsuz uçuş aparatları döyüş meydanında bu miqyasda, indiyədək görünməmiş uğurla tətbiq olunmuşdu. Bununla yanaşı, yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan uzun məsafə qət etmək, keçilməz sayılan yolları keçərək Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilir. Düşmənin yerlə-yeksan etdiyi həmin torpaqlarda iki ilə yaxındır ki, genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunan rayonlarımıza çoxsaylı səfərləri zamanı mühüm infrastruktur obyektləri istifadəyə verilir, yenilərinin təməli qoyulur. Cəmi beş il ərzində Füzulidə və Zəngilanda ən müasir beynəlxalq aeroportlar tikilərək istifadəyə verilib, Şuşaya Zəfər yolu çəkilib, bir çox tarixi abidələr bərpa olunub. Azad olunmuş ərazilərdə yeni yollar salınır, körpülər və tunellər tikilir, yaşayış, məktəb, xəstəxana binalarının və digər infrastruktur obyektlərinin tikintisi gedir. Zəngilanda inşa olunmuş “Ağıllı kənd”ə ilk sakinlərin köçürülməsi ilə “Böyük Qayıdış” prosesi başlanıb. Prezidentimizin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan olunub. Xalqımız Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümünü Qarabağda aparılan bu möhtəşəm bərpa-quruculuq işləri fonunda yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Küçələrdə, prospekt və meydanlarda, binaların eyvanlarında üçrəngli bayrağımız dalğalanır. Həmçinin Zəfər Günü monitorlarda və banerlərdə “Xarıbülbül” emblemi, Zəfər şüarları nümayiş olunur. Beləliklə, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə əbədiləşdirildi. Prezidentimiz İlham Əliyevin “Dəmir yumruq” siyasəti bir gecənin içərisində xalqımızı, ordumuzu bir bayraq altında birləşdirmişdir. Minlərlə oğul ordu sıralarına yazılmış, bütün vətəndaşlarımız birgəlik nümayiş etdirmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət artıq ordumuz irəlilədikcə özünü göstərməyə başlamışdır. Cəmi 44 gün ərzində həm döyüş xəttində, həm siyasi arenada Azərbaycan öz sözünü dedi. 30 ilə yaxın lövhələrdən asılan işğal olunan ərazilərimizin cədvəlini Zəfər dolu, şanlı qələbə cədvəlimiz əvəzlədi. Qürurla fəxrlə deyirik ki, biz bir millət olaraq ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasətinin altında güclü ordumuzla torpaqlarımızı azad etdik. Təqvimimizə Qələbə günü yazıldı. 8 noyabr – gözəl Şuşamızın azad olunduğu tarix.10 noyabr tarixində Ermənistan rəsmi şəkildə üçtərəfli bəyanatın imzalanması ilə çökdüyünü bildirdi. Azərbaycanımızın digər torpaqlarını (Ağdam, Kəlbəcər və Laçın) qeyri-şərtsiz boşaldacağına söz verdi. 10 dekabr tarixində keçirilən Zəfər paradımız həqiqətən Qələbə diplomatiyasının bariz nümunəsi idi. Xalqımız “Qarabağ Azərbaycandır”- deyən Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşdi. Haqq müharibəsində bizi dəstəkləyən ölkələri heç vaxt unutmayacaq. Dövlətimiz qardaş Türkiyəmizin mərhəmətli əllərini həmişə öz çiyinlərində hiss edəcəkdir. İkinci Qarabağ müharibəsi xalq olaraq birliyimizi daha da gücləndirdi. Bizə qələbə sevincini yaşadan igid şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə şəfa diləyirik. Bu gün Zəfər muzeylərini, Qənimətlər parkını qürurla ziyarət edirik. 2023-cü ilin sentyabrında baş verən antiterror əməliyyatı nəticəsində tarixi torpağımız Xankəndimizi də geri qaytardıq. Oktyabrın 15-də Xankəndində bayrağımız dalğalandı. Biz Qarabağımızı dirçəldirik. Qarabağımızda quruculuq tədbirləri uğurla həyata keçirilir. Yaşasın bütöv, müstəqil Azərbaycanımız! Yaşasın bizə bu sevinci yaşadan cənab prezidentimiz və müzəffər ordumuz! Zəfər Günümüz mübarək, Azərbaycan! ![]() Jalə Hacıyeva, 111 saylı tam orta məktəbin direktoru Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

