Heqiqet.Az » siyaset » Media və insan hüquqları mövzusunda məlumatlandırma sessiyası keçirilib


Media və insan hüquqları mövzusunda məlumatlandırma sessiyası keçirilib

Bu gün, 20:28
Çap et
“İnsan Hüquqları Aylığı” çərçivəsində iyunun 12-də Hüquq və İnsan Haqları İnstitutu və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Media və insan hüquqları” mövzusunda maarifləndirici məlumat sessiyası keçirilib.

Sessiyanın məqsədi jurnalistlərin peşə fəaliyyətlərini həyata keçirərkən insan hüquqlarının qorunması sahəsində qüvvədə olan qanunvericiliyin tələbləri və etik davranış standartları barədə məlumatlılığının artırılması olub.

Tədbirdə çıxış edən Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə bildirib ki, media nümayəndələri insan hüquqlarının təbliği və ictimai şüurun formalaşdırılmasında mühüm rol oynayırlar. Onun sözlərinə görə, institut tərəfindən müxtəlif media resurslarında yayımlanan materiallar mütəmadi təhlil edilir və monitorinqlər aparılır.

Məhəmməd Quluzadə qeyd edib ki, aparılan monitorinqlərin nəticələrinə əsasən, insan hüquqları ilə bağlı qaydaların pozulması halları əvvəlki dövrlərlə müqayisədə azalıb. O bildirib ki, hazırda 4-5 saytda müəyyən pozuntu halları müşahidə olunsa da, ən azı 15 media resursu əvvəlki nöqsanları aradan qaldırıb. Onun sözlərinə görə, 23 elmi jurnalda hüquq mövzusunda məqalələr dərc olunur və son beş ildə bu istiqamətdə yayımlanan materiallar xüsusi məqalə bazasında toplanıb.

İnstitut rəhbəri vurğulayıb ki, əhalinin hüquqi maariflənmə səviyyəsinin artırılması istiqamətində görüləcək işlərdə medianın dəstəyinə ciddi ehtiyac var.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə çıxışında insan hüquqlarının qorunması sahəsində medianın üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. O qeyd edib ki, redaksiyalar jurnalistlərin insan hüquqları mövzusunda keçirilən təlimlərdə və dəyirmi masalarda iştirakında maraqlıdırlar.

Natiq Məmmədli vurğulayıb ki, jurnalistlər informasiya hazırlayarkən insan hüquqlarına hörmət etməli, peşə etikası və qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Onun sözlərinə görə, bu prinsiplərin media fəaliyyətində daha geniş tətbiqi Azərbaycanın beynəlxalq imicinin formalaşmasına da töhfə verə bilər.

O, xüsusilə uşaq hüquqlarının qorunması məsələsinə diqqət çəkərək bildirib ki, yetkinlik yaşına çatmayan şəxslərlə bağlı məlumatlar yayımlanarkən daha həssas yanaşma nümayiş etdirilməlidir. Natiq Məmmədli qeyd edib ki, bəzi hallarda məhkəməyədək araşdırma mərhələsində yeniyetmələrin üzləri göstərilir və şəxsi məlumatları ictimaiyyətə açıqlanır ki, bu da hüquqların pozulmasına səbəb olur.

Sessiya çərçivəsində İnstitutun təlimçi-ekspertləri jurnalist fəaliyyətində daha çox rast gəlinən insan hüquqları pozuntuları və onların hüquqi nəticələri barədə təqdimatlar ediblər. Tədbirdə təqsirsizlik prezumpsiyasının pozulması, şəxsi və ailə həyatına müdaxilə, fərdi məlumatların icazəsiz açıqlanması, uşaq hüquqlarının pozulması, ayrı-seçkilik və nifrət nitqini təşviq edən materialların yayılması, intihar xəbərlərinin hazırlanması zamanı etik qaydalara əməl olunmaması, həmçinin təhqir və böhtan xarakterli məlumatların yayılmasının yolverilməzliyi barədə ətraflı məlumat verilib.

Bildirilib ki, insan hüquqlarının pozulmasına səbəb olan hərəkətlər qanunvericiliklə müəyyən edilmiş hüquqi məsuliyyət yaradır və bu baxımdan media nümayəndələrinin peşə fəaliyyətində hüquqi normalara və etik prinsiplərə ciddi əməl etməsi vacibdir.

Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb, insan hüquqlarına həssas yanaşmanın media fəaliyyətində rolu və əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Reytinq: