Demo Sayt » gundem » Dövlət başçısının adı bu Zəfərin müəllifi kimi tarixə əbədi yazıldı


Dövlət başçısının adı bu Zəfərin müəllifi kimi tarixə əbədi yazıldı

Bu gün, 20:09
Çap et

Bizə bu Zəfəri və qürur hissini yaşadan Müzəffər Ali Baş Komandanımız, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında döyüşən Azərbaycan ordusu, qələbəni əldə etmək üçün misilsiz şücaət göstərən Vətən oğullarımız, torpaqlarımızın azadlığı uğruna canlarını fəda etmiş qəhrəman şəhidlərimizdir. Şəhidlərimizin əziz xatirəsi tarix boyu əziz tutulacaq və heç vaxt unudulmayacaq.   

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, Xalq-Prezident-Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı. Möhtəşəm Zəfərlə başa çatan Vətən müharibəsi 44 gün çəksə də, Zəfər gününə gedən yol daha uzun və daha çətin olub. İstər hərbi müstəvidə, istər hərbi-siyasi və diplomatik müstəvidə. Zəfərin əldə olunması üçün böyük zəhmətlər çəkilib, cəsarət nümayiş etdirilib. Biz təkcə Ermənistanı deyil, uzun illər onun arxasında duran böyük gücləri məğlub etmişik.

Ərazilərimizin 20 faizinin erməni işğalı altında qaldığı 30 il müddətində münaqişənin sülh yolu ilə həll edilməsi üçün dövlətimiz və Prezidentimiz əlindən gələni etmiş, siyasi dialoqdan heç bir zaman geri durmamış, münaqişənin həlli üçün yaradılmış beynəlxalq qrumlarla sıx əməkdaşlıq edərək onlara lazımi köməyi göstərmişdir. Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi daxil olmaqla, bütün beynəlxalq sənədlər yalnız kağız üzərində qalmış, işğalçı Ermənistana qarşı heç bir sanksiya, məcburetmə tədbiri görülməmişdir. Başda ATƏT-in Minsk qrupu olmaqla münaqişənin həlli üçün “çalışmalı olan” qurumlar münaqişənin həlli  üçün heç bir iş görməmişdir. 

Buna baxmayaraq Azərbaycan xalqı heç vaxt Ermənistanın işğalçı siyasətini qəbul etməmiş,  işğala qarşı hər zaman mübarizə aparmışdır. Danılmaz faktdır ki, “Azərbaycan xalqı və dövləti heç vaxt işğal faktı ilə barışmayacaq” deyən Prezident İlham Əliyev Vətən müharibəsinə qədər münaqişənin həlli ilə bağlı qətiyyətli mövqeyini dəfələrlə ifadə etmişdir.                 

Münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırırdı. İştirakçısı olduğu ən yüksək beynəlxalq tədbirlərin tribunalarından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpaqğı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırırdı. Eyni zamanda, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchizatının təmin edilməsi üçün səylər göstərdi.

Ermənistan isə öz havadarlarına arxalanaraq hərbi təxribatlarını davam etdirirdi. Xüsusilə 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ildə Tovuzda baş verən döyüşlərdə Azərbaycan Ordusu erməni təxribatlarına qarşı qətiyyətli cavab verməsinə baxmayaraq, Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı, Azərbaycana qarşı diversiyaları davam etdirdi və nəhayət 2020-ci il 27 sentyabr tarixində yenidən Ermənistan silahlı qüvvələrinin  törətdiyi təxribata son qoymaq və öz ərazilərini işğaldan azad etmək üçün Ali Baş Komandanımız İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.  Bununla da Zəfər yürüşünə start verildi və əməliyyatlar uğurla davam edərək, dövlətimizin ərazi bütövlüyü uğrunda müqəddəs Vətən Müharibəsinə çevrildi. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımıza müraciətində güclü siyasi iradə ifadə edərək “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! ”- deyə vurğuladı. 

Beynəlxalq hüquq normalarına, o cümlədən, BMT Nizamnaməsinin 51-ci maddaəsinə əsaslanaraq əks-hücum əməliyyatlarını uğurla həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Qüdrətli Azərbaycanın ordusu Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu hərbi birləşmələrini darmadağın etdi. 

Müharibənin davam etdiyi günlərdə dövlət başçısı xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələri ilə də respublikamızın haqq səsini dünya ictimaiyyətinə tutarlı arqumentlərlə çatdırdı, həmçinin Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldı.

Nəhayət 2023-cü ilin sentyabrın 20-də ordumuz antiterror tədbirləri həyata keçirərək cəmi 23 saat ərzində bütün Qarabağı separatçılardan təmizlədi. Bu gün Qarabağ aranlı-dağlı Azərbaycanın ərazisidir. Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa edərək regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa xidmət edən yeni geostrateji reallıq yaradıb və üçrəngli bayrağımız Azad Qarabağda qürurla dalğalanır.   

Erməni hərbi birləşmələri üzərində qazanılan tarixi qələbədən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə səfərləri də dövlət başçısının sevinc hisslərini ilk növbədə, xalqla bölüşmək arzusundan irəli gəlir. Onun həmin bölgələrdə yaşayan əhali tərəfindən böyük coşqu və izdihamla qarşılanması isə xalqın öz liderinə, müzəffər sərkərdəsinə bəslədiyi ehtiramın təzahürüdür.

Ölkə rəhbəri azad olunmuş hər bir rayona tarixi səfərlər etməklə “Qarabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi bir daha xalqa verdiyi bütün vədlərə sadiqliyini nümayiş etdirdi. Bununla da siyasətdə, diplomatiyada və hərbi strategiyada dövlət başçısının adı bu Zəfərin müəllifi kimi tarixə əbədi yazıldı.

Qalib Mirzəyev,
İmişli Şəhər Bələdiyyəsinin sədri

Reytinq: