Demo Sayt » » Tələbələrin yataqxana dərdi: köçkünlər yaşayır, pul isə yoxdur


Tələbələrin yataqxana dərdi: köçkünlər yaşayır, pul isə yoxdur

16-09-2015, 14:01
Çap et
Tələbələrin yataqxana dərdi: köçkünlər yaşayır, pul isə yoxdur BDU-nun prorektoru: “Layihələr hazırdır, Hacıbala Abutalıbov cavab vermir”

Əslində tələbənin adını olduğu kimi yazacaqdıq. Sonra adının mətbuatda getməsinin onun üçün problem yaşadacağını düşünərək adını şərti götürdük. Əliyeva Həlimə Azərbaycan Müəllimlər İnstitutunun dördüncü kurs tələbəsidir. Bacısı Əliyeva Səadət isə Bakı Dövlət Universitetinin. Qəbələ rayonundandırlar. İki bacı Bakıda kirayənişin qalırlar. AMİ-nin yataqxanası olduğu halda. Çünki...
- Çünki yataqxana qiymətləri ikimizə sərf etmir. AMİ-nin tələbələri üçün aylığı 100 manat, digər ali məktəbin tələbələri üçün isə 150 manatdır. Bir otaqda isə 3 nəfərin qaldığını nəzərə alsaq, 250 manata bir otaqlı evdə başqa bir qızla qalmalı olarıq. Amma Biləcəridə birotaqlı evdə ikimiz 120 manata qalırıq.
AMİ-nin yataqxanasında olmasa da, orda qalan uşaqlar çox təmiz olduğunu deyirlər: “İsti su saatla gəlir. Yəni razıdırlar. Bircə paltaryuyan maşından istifadə etməyə icazə də versəydilər, lap əla olardı. Yataqxanada paltaryuyan maşın olsa da, tələbələrə ondan istifadə etməyə qoymurlar. Tək şikayətləri budur”.
AMİ-nin mətbuat xidmətinin rəhbəri Nurəddin İbrahimovun sözlərinə görə, institutun yataqxanasında 2005-ci ilə qədər məcburi köçkünlər məskunlaşıbmış. İnstituta yeni rektor təyin olunandan sonra çox böyük əziyyətlə bu problem aradan qaldırılıb və yataqxana yenə tələbələrin ixtiyarına verilib. Yataqxananın 9 mərtəbəli binası var, şəraiti çox gözəldir.
- Paltaryuyan maşından tutmuş, hər bir şəraiti var. Hamısı da işlək vəziyyətdədir və tələbələr istifadə edirlər. Yataqxana əsasən ixtisasartırma müəllimləri üçündür. Bakalavr və magistraturada oxuyan tələbələrimiz çox azdı. Kənardan gələn tələbələrimiz demək olar ki, yoxdur. İnstitutun fiziki qüsurlu tələbələri üçün yataqxanada qalmaq tam ödənişsizdir. Rektorun xüsusi tapşırığı ilə. Ödənişə gəlincə, istilik haqqı, kommunal xərclərdən irəli gəlir. Ödənişin məbləğinə gəlincə, bu haqda yataqxananın komendantı daha düzgün bilər”.
Statistik göstəricilərə görə, 4 nəfərlik ailə qışın ən soyuq ayında belə 100 manat ətrafında kommunal xərclərə pul ödəyir. Bu məbləği adam başına bölsək, hərəyə 25 manat düşür. AMİ-nin yataqxanasında hər otaqda 3 nəfərin qaldığını nəzərə alsaq, bir otağın aylıq kommunal xərci 300 manat edir. Maraqlıdır, bu yataqxananın sobasında elə bahalı “yanan” nədir?! Bu ayrıca bir problem mövzusu olduğundan qayıdırıq mövzumuza.
“Azərbaycan Tibb Universitetinin yataqxanasının 6 korpusu var. Onlardan 5-i gələcək həkimlərin ixtiyarındadır. 1 korpusda məcburi köçkün ailələr yerləşdirilib. Ümumilikdə 1208 tələbə tutumudur. 2 korpus oğlanlar, 2-si qızlar, 1-i isə xarici tələbələr üçündür. Yataqxanadan istifadə Azərbaycan vətəndaşları üçün ödənişsizdir”, deyə universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirir.
Azərbaycan Dillər Universitetinin 2 yataqxana binası var. Bu barədə Lent.az-a universitetin mətbuat xidmətinin rəhbəri Şəfa Kazımova məlumat verir. Onun sözlərinə görə, təhsil ocağının yataqxana binasının birində tamamilə, digərinin də müəyyən hissəsində məcburi köçkünlər məskunlaşıb: “Yataqxananın tələbələr qalan hissəsində tələbələrin rahat yaşaması üçün mümkün lazımi şərait yaradılıb. Yataqxana ötən il tam təmir olunub, bu il yenidən təmir işləri aparılıb. Tələbələrin şəraitinin yaxşılaşdırılması üçün yataqxana yeni avadanlıqlarla da təmin olunub. Otaqlar 2 və 3 nəfərlikdi. Ehtiyacı olan tələbə, ərizə ilə müraciət edir. Tələbələrin müraciəti əsasında onlar yataqxanada yaşayış yeri ilə təmin olunurlar. Onu da qeyd edim ki, heç bir müraciət cavabsız qalmır, tələbələr otaqlarda yerləşdirilirlər”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Marketinq və Kommunikasiya Departamentindən Lent.az-a verilən məlumata görə, universitetin 5 yataqxanası var. Hamısında da məcburi köçkünlər məskunlaşıb.
2010-cu ildən bəri ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünlər mərhələli şəkildə köçürülməsinə başlanılsa da, bu proses hələ də yekunlaşmayıb.
Bəzi universitetlərin yataqxanası tamamən boşaldılsa da, binaların şəraiti yaşamaq üçün yararsız hala düşüb. Bakı Dövlət Universitetinin tələbə şəhərciyi 2013-cü ildən etibarən tamamən yararsız vəziyyətdədir. Qeyd etdiyimiz ildən etibarən yataqxananın 3, 4, 5 saylı binaları tam sökülüb. Məqsəd isə universitetin 2019-cu ildə keçiriləcək 100 illik yubileyinə qədər, yeni yataqxananın inşa edilməsi olub. Lakin hələ də tikinti işlərinə başlanılmayıb.
BDU-nun təsərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlı musavat.com-a açıqlamasında bildirib ki, onların tikinti ilə bağlı layihələr tam hazırdır: “Ancaq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bizim layihə ilə bağlı müraciətlərimizə cavab vermir. Yataqxananın inşasının gecikməsinə səbəb universitet rəhbərliyi deyil. Maliyyə Nazirliyi tərəfindən layihəyə vəsait ayrılması üçün, icra hakimiyyəti tərəfindən inşaat sənədi verilməlidir. Lakin onlar bu sənədin verilməsini gecikdirirlər. Tikintinin nə zaman başlayacağı ilə bağlı H. Abutalıbova dəfələrlə yazılı sorğu göndərmişik. Ancaq bizə icra hakimiyyəti tərəfindən nə rəsmi, nə də qeyri-rəsmi cavab verilməyib”.
Bakı Şəhər İcra Hakimiyyətinin Baş Maliyyə İdarəsinin İnzibati təsərrüfat
sektorunun müdiri Məhərrəmov Məhəmməd isə gecikməyə səbəb kimi Maliyyə Nazirliyini göstərib. “Bizə belə bir layihə daxil olmayıb”.
Qeyd edək ki, BDU-nun tələbə şəhərciyi layihəsi üzrə 5 yeni yataqxana binasının tikilməsi nəzərdə tutulub. Binaların layihəsi yüksək ixtisaslı mütəxəssislər tərəfindən universitetin xüsusi arzu və istəkləri səviyyəsində hazırlanıb. Təxminən 200 milyon manat dəyərində ehtimal edilən layihədə tələbələrin rahatlığını təmin edən hər bir şey nəzərdə tutulub.
Layihəyə görə, şəhərcikdə binaların hündürlüyü həmin ərazinin relyefindən asılı olaraq dəyişəcək. Yerin relyefi yüksəldikcə mərtəbələrin sayı azalacaq. Məsələn, Mətbuat prospekti tərəfdən olan ərazidə 16-17, daha yuxarı qalxdıqca yerin hündürlüyündən asılı olaraq 14, 13, 12 və s. mərtəbəli binalar inşa olunacaq. Ən son hündürlükdə tikiləcək bina 6 mərtəbəli olacaq.
Binalarda Avropa və dünyanın ən qabaqcıl universitetlərinin tələbə şəhərcikləri (kampusları) səviyyəsində müasir standartlara cavab verən bütün şərait yaradılacaq. Hər bir binada tələbələr üçün yeməkxana, kitabxana, İnternet şəbəkəsi, mağazalar və s. təşkil olunacaq. Burada bütün infrastruktur, o cümlədən ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təchizat məsələləri yüksək səviyyədə olacaq. Şəhərcikdə müasir universal multimedia taksofonları, genişzolaqlı İnternet xidmətləri tələbələrin ixtiyarına veriləcək. Təxminən 6 minə yaxın tələbənin yerləşə biləcəyi şəhərcikdə xarici tələbələr üçün xüsusi bina nəzərdə tutulub.
Əvvəllər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (köhnə Azərbaycan Dövlət Neft Akademiyası) də yataqxanası olub. Ölkədəki vəziyyətlə əlaqədar olaraq sonradan məcburi köçkünlər ora məskunlaşdırılıb. İndi universitetin ixtiyarında yalnız bir yataqxana binası var. Digər binalar sökülüb. Orda da əsasən xarici tələbələr pulsuz qalır. Yataqxanada normal şərait var. Gələcəkdə öz vətəndaşlarımızın da yataqxana ilə təmin olunması üçün dövlət səviyyəsində işlər görülür. Lakin buna qədər də, yerli tələbələrimizə də kömək olunur. Məsələn, universitetin Tələbə Həmkarlar İttifaqına müraciət edən tələbə başqa universitetlərin yataqxanasında yerləşdirilir.
BANM-ın tikilməkdə olan kampusunda tələbələr üçün hər cür şəraiti olan, yüksək səviyyədə təchiz olunmuş yataqxana binası da olacaq. Hazırda isə məktəbin bölgələrdən gələn tələbələri SOCAR-ın Təlim, tədris və sertifikatlaşdırma İdarəsinin (TTSİ) Gənc Mütəxəssislər Yataqxanasında yerləşdirilirlər. BANM-ın müvəqqəti yataqxanası Qara Qarayev metrosunun yaxınlığındadır. Bina bütün kommunikasiya sistemi ilə təchiz olunub, hər bir otağın mətbəxi, yataq otağı, 24 saat isti-soyuq suyu, soyuducu, istilik sistemi, televizoru, ayrıca telefon nömrələri var. Yataqxana kamera müşahidə sistemi, Wi-Fi, mini telefon ATS-i, yanğın təhlükəsizlik sistemi, havalandırma sistemi və mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub, burada camaşırxana da fəaliyyət göstərir. Ayda üç dəfə olmaqla tələbələrin yataq dəstləri yuyulub, ütülənib təhvil verilir. Yataqxanada yeməkxana da fəaliyyət göstərir. Bura səhər saat 6-dan axşam saat 9-a qədər açıq olur. Bununla yanaşı, idman zalı da istifadəyə verilib. Bu zaldan da tələbələr asudə vaxtlarını səmərəli keçirmək üçün yararlanırlar.
Ali Məktəbin rəhbərliyi tərəfindən hər bir otaqda yalnız Bakı şəhərində qeydiyyatı olmayan, müxtəlif bölgələrdən tələbələr yerləşdirilirlər. 2015-2016-cı tədris ili üzrə 50-yə qədər tələbənin müraciəti əsasında onların yataqxana ilə təmin olunması nəzərdə tutulub. Onlardan 40-dək tələbə birinci kurs, qalanları əvvəlki illərdə qəbul olanlardır.



Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun sözlərinə görə, indiyə qədər bir neçə yataqxana köçürülüb.
- Bakı Dövlət Universitetinin yataqxanasındakı məcburi köçkünlər Müşfiqabad qəsəbəsinə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindəkilər isə Abşeron rayonu Mazasır qəsəbəsinə köçürüldü. Bu gün hal-hazırda yataqxanaların köçürülməsi gündəmdə deyil. Çünki komitədə mənzil yoxdur. Amma gələcəkdə bu məsləyə baxılacaq. Bununla bağlı yeni dövlət proqramının layihəsi hazırlanıb. Gələcəkdə dövlət proqramına əsasən mərhələli şəkildə daha acınacaqlı şəraitdə yaşayan ailələrin mənzil məişət şəraitinin yaxşılaşdırılması prinsipi nəzərə alınmaqla onların köçürülməsi məsələsinə baxılacaq.
“Bütövlükdə ali məktəblərin yataqxanaları çox ciddi problemdir”, deyən təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov problemin kökündə 90-cı illərin əvvəlində ermənilərin torpaqlarımızın işğalı nəticəsindən yurd-yuvalarından məcburi köçkün düşmüş vətəndaşlarımızın yataqxanalarında məskunlaşdırılması dayandığını qeyd edir.
- Uzun müddət bu yataqxanalarda məcburi köçkünlərin yerləşdirilməsi tələbələrin həmin yataqxanalardan istifadə edə bilməməsi ilə nəticələndi. Bu gün yataqxana ilə bağlı çox ciddi problem var. Universitetlərin çoxunun yataqxanalarında məcburi köçkünlər məskunlaşıblar və bir çoxlarının istismar müddəti başa çatıb və binaların çox ciddi təmirə ehtiyacı var. Yeni binalarına tikintisinə nə vaxt başlanacağı haqda heç nə deyə bilmərəm. Çox yaxşı dərk edirik ki, yataqxana, təhsil, universitetin ümumi şəhərciyinin çox mühüm tərkibi, təhsil fenomeninin bir hissədir. Yataqxana həmin gəncin oxuya bilməsi üçün şəhərciyin daxilində olmalıdır. Dünya universitetlərinin reytinq sıralamasında da yataqxana və kitabxana fenomeni həmin reytinq məsələsində öndə dayanır. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da universitet şəhərciklərinin kampuslarının salınması ilə bağlı çox ciddi maddələr var. Azərbaycan universitetlərinin yaxın gələcəkdə kampuslarının tikilməsi zamanı onların təhsillə bağlı tədbirlər çərçivəsində yataqxanalara daha diqqət yetirməli və bununla bağlı xüsusi layihələrin icra olunmasına zəmin yaradır. Bir yaxşı məqam var ki, ötən il SABAH qruplarının uşaqlarının yataqxana ilə təmin olunması üçün müəyyən qədər vəsait yarandı və indi yataqxanadan istifadə edə bilirlər.
Kirayə evlərin qiymətinə gəlincə, internet üzərindən bir az araşdırma apardıq. “Xozeyka”lı evlərin qiyməti nisbətən ucuz olsa da, normal şəraiti olan 1 otaqlı evlərin qiyməti 300 manatdan başlayır.
2015-2016-ci il tədris ili isə başladı. Amma hələ də bəzi tələbələr kirayə ev tapa bilməyiblər. Səbəbsə, qiymətlərin cibə görə uyğun olmamasıdır.

Ləman Mustafaqızı
Reytinq: