Demo Sayt » hadise » Xızı-Altıağac avtomobil yolunda torpaq sürüşməsi davam edir


Xızı-Altıağac avtomobil yolunda torpaq sürüşməsi davam edir

2-12-2016, 10:28
Çap et
Xızı-Altıağac avtomobil yolunda torpaq sürüşməsi davam edir Xızı-Altıağac avtomobil yolunda noyabrın 22-dən başlayan torpaq sürüşməsi hələ də davam edir.
Sürüşmə 11 yaşayış məntəqəsini birləşdirən ümumi uzunluğu 19,8 kilometr olan yola ciddi ziyan vurub. Yolun 10-cu kilometrliyindən başlayaraq Altıağac qəsəbəsinədək olan hissəsində bir çox ərazilərdə yol yatağı yerini dəyişib, çökmələr baş verib, suötürücü qurğular sıradan çıxıb və asfalt qatı dağılıb.
Torpaq sürüşməsi baş verən əraziyə Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, “Azəravtoyol” ASC-nin və digər əlaqədar qurumların mütəxəssislərinin iştirakı ilə baxış keçirilib, mövcud vəziyyət barədə akt tərtib edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, sürüşmə hələ də aktiv fazadadır. Ə.Qaralov qeyd edib ki, sürüşmə zonasında torpaq qatı əsasən doymuş süxurlardan ibarətdir. Son dövrlər yağıntıların normadan artıq olması da təbii prosesə münbit şərait yaradıb. Mütəxəssisin fikrincə, noyabrın son ongünlüyündə Xəzər dənizində qeydə alınan zəlzələnin də prosesə təkan verə biləcəyini ehtimal etmək olar.
Torpaq sürüşməsi nəticəsində Altıağac qəsəbəsini təbii qazla təmin edən ortatəzyiqli qaz xəttinə də ziyan dəyib. Bununla yanaşı, 35 min kilovatlıq Siyəzən-Altıağac hava xəttinin iki dayağı da sürüşmə nəticəsində qəzalı vəziyyətə düşüb.
Xızı-Altıağac yolunda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılsa da, qısa müddətdən sonra gediş-gəliş bərpa olunub.
Hazırda yolun sürüşmədən zərər çəkmiş hissələri ağır texnikaların köməyi ilə bərpa edilir.
Reytinq: