Bakıda 1 milyon pul oğurlayan şəxsi oğurlayanlara AĞIR CƏZA2-03-2017, 17:55
Çap et Adam oğurluğunda təqsirləndirilən Zamiq Xasıyev, Aqil Şəmiyev və Ruslan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Zamiq Xasıyev və Aqil Şəmiyev 12 il, Ruslan Əliyev isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror çıxışında Zamiq Xasıyev və Aqil Şəmiyevin 12 il, Ruslan Əliyevin isə 15 il azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, Abşeron rayon Polis Şöbəsi əməkdaşları Xırdalan şəhərində yerləşən “Karat MMC”-nin Dəyirman şöbəsinin ofisindən 1 milyon manat məbləğində pul oğurlanması cinayətinin üstünü açıb. Keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Abşeron rayonu Qobu qəsəbə sakini, 28 yaşlı Ramil İmaməliyev saxlanılıb. İstintaqla müəyyən olunub ki, əvvəllər “Karat MMC”-də çalışan Ramil İmaməliyev işdən çıxdıqdan sonra ofisdən oğurluq etmək fikrinə düşüb. O, şirkətin ofisindəki seyfdə külli miqdarda pul olduğunu qabaqcadan bilib. 2014-cü il aprelin 11-də gecə saatlarında ofisin binasına gələn Ramil İmaməliyev dam örtüyünü sökərək içəri daxil olub. O, ofisdəki seyfin qapısını sındıraraq 1 milyon manat pulu idman çantasına dolduraraq gedib. Oğurluq pulları Qobu qəsəbəsində yaşadığı evə gətirən Ramil İmaməliyev bu barədə qardaşı Ramiz İmaməliyev və anası Ceyran İmaməliyevaya məlumat verib. Onlar pulun əsas hissəsini evin müxtəlif yerlərində gizlədiblər. Ramil İmaməliyev pulun bir hissəsini özü ilə götürərək “İnfiniti” markalı, 90 HZ 200 dövlət nömrə nişanlı avtomobil alıb. Saxlanılarkən maşının yük yerindən 5000 manat, Qobu qəsəbəsindəki evdən isə 31 min 338 manat pul aşkarlanaraq götürülüb. Ramil İmaməliyev istintaqa ifadəsində bildirib ki, oğurladığı pulların demək olar, yarısını bir qrup şəxs hədə-qorxu gələrək onun əlindən zorla alıb. Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları bu cinayətdə şübhəli bilinən 4 nəfəri - Kürdəmir rayon sakini, 35 yaşlı Aqil Şəmiyevi, Qobustan rayon sakini, 31 yaşlı Zamiq Xasıyevi, Beyləqan rayon sakinləri, 30 yaşlı Röyal Qədirovu və 32 yaşlı Ruslan Əliyevi də saxlayıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər R. İmaməliyevi izləyərək Bakıda yerləşən restoranlardan birinin qarşısında başına torba keçirib, zorla avtomobilə oturdublar. Onlar özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək 450 min manat pul tələb ediblər. Ramil İmaməliyev girovluqdan azad olmaq üçün anasına zəng edərək 400 min manat göndərməyi tapşırıb. Anası Ceyran İmaməliyeva isə pulu kiçik oğlu Ramizə verib və deyilən yerə göndərib. Ramiz İmaməliyev pulu təqdim etdikdən sonra qardaşı sərbəst buraxılıb. Əldə olunan pul saxlanılan şəxslər arasına bölüşdürülüb. Əməliyyat istintaq tədbirləri zamanı pulun 20 min manatı Zamiq Xasıyevlə Aqil Şəmiyevdən, 98 min manatı isə Ruslan Əliyevdən götürülüb. Eləcə də İmaməliyevlərin evində axtarış aparılarkən gizlədilmiş 6600 manat və 800 ABŞ dolları tapılıb. Ramiz İmaməliyev daha sonra etiraf edib ki, qardaşı tutulmazdan bir neçə gün əvvəl ona və anasına zəng edərək, oğurluq pulların 200 min manatını qəbiristanlıqda gizlətməyi tapşırıb. Ramiz İmaməliyev həmin pulu sellofan torbaya bükərək nənəsinin Qobu qəsəbə qəbiristanlığındakı qəbrinin yanında basdırıb. Polis əməkdaşları deyilən əraziyə baxış keçirərkən 190 800 manat pulu taparaq istintaqa təhvil veriblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
