Demo Sayt » medeniyyet » Azərbaycan tarixi qələbələyə imzasını atdı


Azərbaycan tarixi qələbələyə imzasını atdı

18-03-2021, 13:24
Çap et
Azərbaycan tarixi qələbələyə imzasını atdı Otuz ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan inkişaf yolunun son 17 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ərazi bütövlüyümüzün təmin olunması, 30 ilin işğalına son qoyulması ilə tariximizə Zəfər Gününü yazdı. Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin siyasi təcrübəsi, bilikləri, müdrikliyi, xalq qarşısında göstərdiyi xidmətlər, bütün dövrlərdə nümayiş etdirdiyi əsl sarsılmaz vətənpərvərlik ruhu və öz xalqına, Azərbaycan dövlətçiliyinə olan sadiqliyi səbəbindən ölkəmizin mütərəqqi insanlarını onun ətrafında birləşməsi nəticəsində yaradılıb. Dövlət başçısının da Partiyanın VII qurultayında etdiyi çıxışında dediyi kimi, faktiki olaraq məhz 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı.
Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında ulu öndər Heydər Əliyev xalqın dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi də məhz həmin tarixdən başladı. Əgər ulu öndər ölkəmiz üçün, xalqımız və dövlətimiz üçün sözün əsl mənasında ölüm-qalım məsələsinin həll edildiyi həmin dövrdə hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan ya bir dövlət kimi artıq mövcud deyildi, ya da ən yaxşı halda böyük dövlətlərin əlinin altında marionet bir dövlət kimi yarımmüstəmləkə həyatını yaşayırdı. Lakin bunların heç biri baş vermədi. Xalqın təkidi və tələbi ilə ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin səyləri ilə 1993-2003-cü illər Azərbaycanın tam müstəqil dövlət kimi formalaşması üçün həlledici illər oldu. Həmin dövrdə dövlətçiliyin əsasları qoyuldu, Konstitusiya qəbul edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yaradıldı. Ölkə beynəlxalq təcriddən çıxdı. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı və ölkəmizə böyük investisiyalar cəlb edildi. Məhz həmin illərdə ordu quruculuğuna start verildi. Bütün bu başlanğıclar isə son 17 il ərzində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və nəticədə Azərbaycan bu gün siyasi və iqtisadi baxımdan tam müstəqil, öz ərazi bütövlüyün öz gücünə bərpa etmiş, regionda şəriksiz lider mövqelərini inamla özündə saxlayan, yüksək beynəlxalq nüfuza sahib olan güclü və suveren bir dövlət kimi beynəlxalq aləmdə özünü təsdiq etmişdir.
Bununla yanaşı xüsusi olaraq qeyd etmək lazımdır ki, 2003-2020-ci illər ərzində həyata keçirilmiş hazırlıq işləri sayəsində Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi və torpaqlarımızın işğaldan azad edilməsini Azərbaycanın bu günə qədər əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən olmuşdur. Dövlət başçımızın da qeyd etdiyi kimi, 2003-2020-ci illər ölkəmiz üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi məqsədilə həlledici addımların atılması üçün, bütün bu dövr ərzində Azərbaycan Prezidenti İlham Əliyev daima bildirmişdir ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə biz bunu həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq, Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. Az qala bütün dünya deyirdi ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Beynəlxalq təşkilatlar çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yalnız Prezident İlham Əliyevin siyasi iradəsi buna yol vermədi. 17 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində, ilk növbədə, daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Əlbəttə ki, güclü ordunun yaradılması güclü iqtisadiyyat tələb edir. Eyni zamanda, həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. İşğalçı Ermənistandan başqa bütün qonşu dövlətlərlə çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər quruldu. Həmçinin digər ölkələrlə də qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında münasibətlər quruldu. Ölkə rəhbərliyi tərəfindən beynəlxalq təşkilatlarda iri miqyasda işlər aparıldı. Nəticədə, 2005-ci ilə qədər Azərbaycan üçün əsas hüquqi bazanın yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri olduğu halda, 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası uzun müzakirələrdən sonra ölkəmizi qane edən qətnamə qəbul etdi. Ardınca BMT Baş Assambleyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri buna oxşar qərar və qətnamələr qəbul etdilər.
Beləliklə, göründüyü kimi, Prezident seçkilərindən sonra dövlət başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi müəyyən olunub və bu vəzifə uğurla icra olundu. Bundan sonra da, irəli sürülən bütün konsepsiyalar ölkəmizin inkişafını daha yüksək dinamika ilə təmin edəcək və Azərbaycan yeni dövrdə daha böyük tarixi qələbələrə öz imzasını atacaqdır.
Böyük qələbəmiz və Bahar bayramı münasibətilə Prezidentimizi, Şanlı Ordumuzun Ali Baş Komandanını səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı arzu edir və bildirirəm ki, biz də Prezidentimizin haqq işini dəstəkləyirik.
Azərbaycan tarixi qələbələyə imzasını atdı
Həcər Nəsirova,
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ev muzeyinin baş fond mühafizi (fond müdiri), “Müstəqil Azərbaycan-100”, “Zirvədəki Azərbaycanlılar”, “Fəxri Fərman”, “Azərbaycan Qadını” media mükafatı laureatı
Reytinq: