Demo Sayt » medeniyyet » DAĞLARDAN SÜZÜLƏN SƏS


DAĞLARDAN SÜZÜLƏN SƏS

14-06-2016, 10:23
Çap et
DAĞLARDAN SÜZÜLƏN SƏS O, Kəlbəcəri məcburi tərk edəndə 8 yaşı var idi. Bu yaşda doğma elini, obasını tərk edən uşaq bilmirdi ki, onu qarşıda çətinliklə yanaşı uğurlarda gözləyir. Beləliklə, tanınmış muğam ifaçısı, prezident təqaüdçüsü, Babək Niftəliyevin həyatı belə başladı.
Məcburi köçgünlüyün ilk günlərini Gəncə şəhərində başlamışdı. Uşaqlıq dövrünü Gəncədə keçirən Babək öz uşaq yoldaşlarından getdikcə fərqlənməyə başladı. Onu fərqləndirən cəhət Babəkin musiqi duyumunun güclü olması və səsində xoş bir avaz olması idi. Onun doğulduğu Kəlbəcər rayonunun yaylaqları, bulaqları, şəlalələri, isti suyu uşaqlıq xatirələrinə həkk olunmuşdu. Bu üzdən Aşıq Şəmşir yurdunda doğulmuş bir uşaq sözə-saza biganə qala bilməzdi. Odur ki, Babək harda bir saz görürdü ona həsrətlə baxırdı. Düşünürdü ki, kaş mənim də bir sazım olardı. Uşağın bu istedadını, həvəsini görən Bahadur müəllim bir gün Babəki və atasını öz evinə dəvət edir. Babəkin atasına izah edir ki, bu uşağın yaxşı gələcəyi var, gələcəkdə böyük sənətkarlardan biri ola bilər. Bundan sonra Babəkin atası Mugan müəllim Babək üçün bir saz hazırlanmasını sifariş edir. Sonra həmin sazda o, müxtəlif aşıq havalarını çox həvəslə ifa etməyə başlayır. Atası Muğan müəllim Babəkin bu istedadına əmin olmaq üçün ustad sənətkar Qəmkeş Allahverdinin yanına aparır.
Demə ustadların öz şagirdlərini yoxlama metodu var imiş. Həmin sazın simlərinin birini ustad kökdən salır və Babəkə söyləyir ki, həmin simi əvvəlki kökünə qaytarsın. O, da çox təmkinlə həmin simi öz kökünə qaytarır. Beləliklə Babək ilk ustad sınağından fərəhlə çıxır. Bir müddət sazda çalib oxuyan bu gənc oqlan hiss edir ki, muğam sahəsi onu daha çox cəlb edir. Onun səsinə qulaq asan musiqidən, muğamdan anlayanlar məsləhət görür ki, Babək musiqinin bu sahəsinə diqqət etsə, daha yaxşı olar. Çünki onun səsi muğamın bütün şöbələrində rahat işləyir. Ona görə də 1997-ci ildə Gəncədə musiqi müəllimi Sərdar Bağırovdan bir müddət muğam dərsləri alır. Sonra Sərdar müəllim Babəkə bildirir ki, gələcəkdə tanınmış muğam ustası olmaq istəyirsənsə, Bakıya get, orada böyük ustadlardan dərs al və bir şeyi yadında saxla “balıq dəryada böyüyər”.
Müəllimin sözünü dinləyən gənc musiqiçi Bakıya gəlir. Gəncədən sonra artıq Babəkin ikinci dəfə məskunlaşdığı Bakı həyatı başlayır. Burada o, 6 saylı Musiqi Məktəbində ustad sənətkar Məmmədbağır Bağırzadədən musiqi dərsi alır. 2005-ci ildə “Spase” kanalında keçirilən muğam musiqi yarışmasında üçüncü yeri tutan Babək Niftalıyev xoşbəxt gənc muğam ifaçılarından biri idi. Çünki bu elə bir vaxt idi ki, Babəkin özünün dediyi kimi dövlət tərəfindən, rüspublikanın birinci xanımı Mehriban xanım Əliyevanın muğamımıza xüsusi diqqəti və qayğısı olduğu və indiyənədək davam etdiyi bir vaxt idi.
Babək Niftalıyevin sözlərinə görə bu gün muğamımıza, musiqimizə Mehriban xanımın diqqəti sayəsində sanki bir muğam ifaçısı ordusu yaranmışdı. Sonra isə Asəf Zeynallı adına Musiqi Texnikumunda ustad sənətkar Canəli Əkbərovdan dərs almışdır. Getdikcə musiqi təhsilini artıran Babək Niftəlıyev Azərbaycan Dövlət Konservatoriyasina daxil olub və orada Xalq artisti Arif Babayevin sinifində dərs alıb və konservatoriyanı qırmızı diplomla bitirmişdir.
Hazırda Babək Niftəlıyev mənfur qonşumuz ermənilərin bizdən oğurlayıb ifa etdiyi “Sarı gəlin”, ”Qarabağ şikəstəsi”, “Rast” və “Cahargah” ifa etməklə döyüşü davam edirir və onlara sübut edir ki, bu musiqi sənəti bizə məxsusdur. Yaxşı ki, bu gün Babək Niftalıyev öz əzizlərindən fərqli olaraq səsi, avazı ilə muğamımıza, xalqımıza xidmət edir və vətəndaşlıq borcunu layiqincə yerinə yetirir.
Söhbətimizin sonunda Babək müəllim Azərbaycan musiqisinin banisi böyük Üzeyir Hacıbəylini unutmayaraq bildirdi ki, dahi Üzeyir bəy demişdir: “Musiqi var baş yellədir, musiqi də var ayaq”. Biz də ümid edirik ki, Babəkin ifa etdiyi muğamlar daim baş yellədəcək. Bu yolda ona uğurlar arzulayırıq və deyirik ki, səsin əsirlikdə olan daglarımızdan gəlsin.

Ülviyyə Aydınqızı
Reytinq: