Demo Sayt » sehiyye » Rəfibəyovlar – Qırğızıstan səhiyyəsi tarixində parlaq iz qoymuş həkimlər sülaləsi


Rəfibəyovlar – Qırğızıstan səhiyyəsi tarixində parlaq iz qoymuş həkimlər sülaləsi

27-02-2017, 12:40
Çap et
Rəfibəyovlar – Qırğızıstan səhiyyəsi tarixində parlaq iz qoymuş həkimlər sülaləsi Azərbaycanlıların Qazaxıstana və Orta Asiya respublikalarına köçürülməsi xalqımızın tarixində ən faciəli səhifələrdən biridir. Minlərlə insanın taleyini şikəst etmiş bu hadisələr nəticəsində bu adamlar bircə anda hər şeydən – ev-eşiklərindən, adət etdikləri həyat tərzindən məhrum oldular. XX əsrin 30-cu illərində Azərbaycandan repressiya edilənlər arasında dünyaya çox istedadlı və maraqlı şəxsiyyətlər, öz işinin peşəkarları - söz ustaları, sərkərdələr və həkimlər bəxş etmiş Rəfibəyovlar ailəsi də vardı.
Rəfibəyovlar. Bu soyaddan söz düşəndə hər bir azərbaycanlı ilk növbədə, Xalq Şairi Nigar Rəfibəylini xatırlayır. Taleyin qismətindən bu şanlı sülalənin üzvləri dünyanın müxtəlif guşələrinə gedib çıxıb, bir qismi isə Türkiyəyə köçüb.
Səməd bəy Rəfibəyovun adı Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə düşüb. 1920-ci ildə I Cavanşir piyada alayının komandiri olan Səməd bəy Rəfibəyov Qarabağın erməni separatçılardan müdafiəsində fəal iştirak edib. Cümhuriyyətin süqutundan sonra Türkiyəyə mühacirət edən Səməd bəy orada hərb sənətində böyük uğurlar qazanıb, türk ordusunun generalı olub. Göstərdiyi şücaət və igidliklərə görə o, şəxsən Mustafa Kamal Atatürk tərəfindən dəfələrlə təltif edilib.
Eyni zamanda, bu nəsil şanlı həkimlər sülaləsi də yetişdirib. Onları Azərbaycanın hüdudlarından uzaqlarda – vaxtilə Rəfibəyovlara sığınacaq vermiş Qırğızıstanda da yaxşı tanıyırlar.
Tibb üzrə fəlsəfə doktoru Əziz Rəfibəyov deyib: “Bizim nəslin tarixi görkəmli Azərbaycan maarifçisi Ələkbər bəy Rəfibəylidən başlanır. O, yoxsul ailələrdən olan istedadlı uşaqların təhsil almasına maddi kömək göstərirdi, həmçinin Yelizavetpol (indiki Gəncə) şəhərində türk məktəbi açılmasının təşəbbüskarlarından biri idi. Onun 1878-ci ildə anadan olmuş oğlu - Xudadat bəy Rəfibəyli 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmişdi. O, nəslimizdə ilk həkim idi”.
Əziz Rəfibəyovun sözlərinə görə, Xudadat bəy Gəncəyə qayıdandan sonra təkcə həkimlik fəaliyyəti ilə kifayətlənməyib, mədəniyyət sahəsində də böyük işlər görüb.
“Xudadat bəyin təşəbbüsü ilə Azərbaycan poeziyasının korifeyi Nizami Gəncəvinin irsini öyrənən cəmiyyət təsis olunur. 1918-ci il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Səhiyyə Nazirliyi yaradılır və ilk nazir vəzifəsinə Xudadat bəy Rəfibəyli təyin edilir. Bu vəzifədə o, 1918-ci il dekabrın 26-dək işləyir. 1919-cu ilin may ayından 1920-ci il aprelin 28-dək, yəni, XI qırmızı ordu hissələri Bakıya soxularaq milli hökuməti devirənə qədər X.Rəfibəyli Azərbaycanın Gəncə quberniyasının general-qubernatoru olub, 1920-ci ildə yeni hökumətə etibarsızlıqda ittiham edilərək güllələnib”, - deyə Əziz Rəfibəyov qeyd edib.
Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Rəfibəyovlar ailəsinin bir hissəsi Türkiyəyə mühacirət edir. Lakin hər şeyin yaxşı olacağına ümid edənlər də vardı. Təəssüf ki, onların ümidləri doğrulmadı. Bu barədə danışan müsahibimiz deyir: “1929-cu ildə ulu babam Cahangir Səlim oğlu ailəsi ilə bərabər əvvəlcə Aral dənizindəki bir adaya sürgün edilir, bir ildən sonra isə onları Qırğızıstana köçürürlər. Ulu babamın ailəsi yalnız 1935-ci ildə Azərbaycana qayıda bilib. Mənim babam Səlim Cahangir oğlunun o vaxt 18 yaşı vardı. O, Qırğızıstanda qalır və 1938-ci ildə tibb məktəbini bitirir, 1940-cı ildə isə Tibb İnstitutuna daxil olur. 1944-cü ildə institutu bitirən babamı 3-cü Belarus cəbhəsinə göndərirlər. Sanitar bölüyünün komandiri vəzifəsində xidmət edir, Qırmızı Döyüş Ulduzu ordeni və medallarla təltif olunur. Orduda xidmətini Kaunasda başa vurur. Atam Cahangir Rəfibəyov 1946-cı ildə Kaunasda doğulub. 1952-ci ildə Səlim Rəfibəyov Cəlalabad vilayət səhiyyə şöbəsinin müdiri, 1959-cu ildə isə Qırğızıstan Respublikası klinik xəstəxanasının baş həkimi təyin edilib. İyirmi il bu vəzifədə çalışıb, Qırğızıstan SSR Səhiyyə Nazirliyinin kollegiya üzvü seçilib. Onun qardaşı Akif Rəfibəyov ali kateqoriyalı həkim-terapevt, Qırğızıstan Respublikasının Səhiyyə Əlaçısı olub. Qırğızıstan Dövlət Tibb İnstitutunun daxili xəstəliklər kafedrasında 32 il müəllim işləyib. Atam da təbabət sahəsini seçib. 1977-ci ildə o, İ.K.Axunbayev adına Qırğızıstan Dövlət Tibb Akademiyasının (QDTA) hospital cərrahiyyəsi kafedrasının assistenti, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə edəndən sonra QDTA-da kafedra müdiri olub. 2002-ci ildə “Qırğızıstan Respublikasının Əməkdar Həkimi” adına layiq görülüb. Qardaşım Eldar Rəfibəyov da həkimdir, Qırğızıstan Respublikası Milli Hospitalında işləyir, tibb elmləri namizədidir. Onun oğlu isə artıq beşinci nəsildə həkimlər sülaləsini davam etdirir.
Görünür, təbabət bizim nəslin, necə deyərlər, qanındadır. Həkim Rəfibəyovlar Qırğızıstanda, Azərbaycanda, Rusiyada və Türkiyədə işləyirlər. Məsələn, ulu nənəmin qan qohumları Türkiyədə yaşayır. İnanıram ki, haçansa bütün Rəfibəyovlar bir yerə toplaşacaq və böyük bir bayram süfrəsi arxasında əyləşəcəklər”.
Xatırladaq ki, 1989-cu il noyabrın 15-də Azərbaycan SSR Daxili İşlər Nazirliyinin bəraət komissiyası Rəfibəyovlar ailəsinə qarşı bütün ittihamların qanuna zidd olduğunu nəzərə alaraq, bu ittihamları ləğv edib.
Reytinq: