
Bu gün 26 sentyabr 2016-cı il tarixində keçiriləcək Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Suraxanı rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun bir qrup fəal qadınları ilə görüş keçirib.
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Referendum Aktı lahiyəsinin ümumxalq səsverməsinə (referenduma) çıxarıldığını qeyd edib. Rayon təşkilat sədri Referendum Aktının ayrı-ayrı maddələrinin qəbul olunması zərurətindən, yeni maddələrin ölkənin idarəçiliyində vacibliyindən söz açıb. Ölkə üçün bu mühüm tədbirin keçirilməsində hər bir vətəndaşın yaxından iştirak etməsinin, vətəndaş mövqeyi nümayiş etdirməyin zəruriliyini vurğulayaraq, hər zaman olduğu kimi, Suraxanı rayon qadınlarının da növbəti referendumda da fəal iştirak edəcəyinə əminliyini ifadə etdi.

Görüşdə çıxış edən YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin deputatı Sevinc Fətəliyeva Referendum Aktı lahiyəsində edilmiş dəyişikliklərə nəzər salaraq, bu dəyişikliklər hazırlanan zaman qabaqcıl ölkələrin təcrübəsinin nəzərdən keçirildiyini bildirib: "Cənab Prezidentin müvafiq Sərəncamına əsasən, konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərin xalqımızın gələcəyi üçün zəruri olduğunu hər birimiz çox yaxşı dərk edirik. Çünki əsas niyyət milli, dövlət maraqlarının qorunması və reallaşması üçün müasir iqtisadi və siyasi mexanizmlərin təmin edilməsidir. İlk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir, dövlətin bu sahədə məsuliyyətini və fəaliyyət istiqamətlərini konkretləşdirir"

Rayon təşkilatı qadınlar şurasının sədri Zəkiyyə Musayeva çıxışında konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin günün reallığı və tələblərindən, ölkənin inkişafından, respublikanın gücünün, qüdrətinin artmasından, onun təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət göstərən əsas amillərdən irəli gəldiyini qeyd edib: "Burada cəmiyyətdən gələn sosial sifarişlər də mühüm rola malikdir. Azərbaycanda 2009-cu ildə keçirilmiş referendumdan sonrakı 7 il ərzində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən əsaslı dəyişikliklər, regionda və dünyada cərəyan edən proseslər, yeni qlobal çağırışlar, dövrün reallıqları konstitusiyamızın bu tələblərə uyğunlaşdırılmasını da zəruri edir. Referendum Aktı çərçivəsində təklif edilən dəyişiklikləri də, ilk növbədə, ölkədə aparılan siyasi və iqtisadi islahatların davamıdır. O, görüş iştrakçılarını referendumda hamılıqla iştirak etməyə, gələcək tərəqqi və inkişafımıza səs verməyə çağırıb.

Suraxanı rayonunun fəal qadın seçiciləri Şövkət Xanməmmədova, Sevda Hacıyeva, Arzu Həsənzadə çıxış edərək, bütün seçicilərin yüksək səviyyədə həmrəylik nümayiş etdirərək, 26 sentyabr 2016-cı il tarixində seçki məntəqələrinə gələrək, konstitusiyamızda edilən əlavə və dəyişikliklərə öz müsbət münasibətlərini bildirərək, "HƏ" deyəcəklərini bildiriblər.
ZÜMRÜD BAYRAMOVA