Demo Sayt » siyaset » Cibuti parlamentinin sədri Azərbaycana səfər edəcək


Cibuti parlamentinin sədri Azərbaycana səfər edəcək

24-02-2017, 19:51
Çap et
Cibuti parlamentinin sədri Azərbaycana səfər edəcək Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə naziri Mahmud Əli Yusufun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, O. Əsədov Azərbaycanın dost Cibuti ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu, xalqlarımızın eyni dini və mənəvi dəyərləri bölüşməsinin münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaratdığını bildirib.
Milli Məclis sədri beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimizin prinsipial məsələlərdə eyni mövqedən çıxış etməsini müsbət dəyərləndirib, Cibuti parlamentində Azərbaycanla dostluq qrupunun fəaliyyət göstərməsini təqdir edib. O. Əsədov belə bir qrupun Milli Məclisdə də yaradılacağını nəzərə çatdırıb. Spiker Cibuti Milli Assambleyasında bu il fevralın 11-də Xocalı soyqırımına ədalətli hüquqi-siyasi qiymət verən qətnamənin qəbul olunmasını müsbət dəyərləndirib, Milli Məclisin üzvləri və şəxsən öz adından Cibuti Milli Assambleyasının rəhbərliyinə və bu ölkənin parlament üzvlərinə təşəkkürünü bildirib. O qeyd edib ki, Dağlıq Qarabağ probleminin həllində Cibuti həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib: “Biz gələcəkdə də bu dəstəyə ümid edirik”.
O. Əsədov Cibuti parlament sədrini Azərbaycana səfərə dəvət etdiyini xatırladaraq, bu ölkənin nümayəndələrinin mayda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında fəal iştirak edəcəklərinə inandığını deyib.
M. Ə. Yusuf isə Cibuti Milli Assambleyası sədrinin Azərbaycan tərəfinin dəvətini qəbul edərək İslam Həmrəyliyi Oyunları ərəfəsində ölkəmizə səfər edəcəyini və burada bir sıra görüşlər keçirəcəyini bildirib. M. Ə. Yusuf Azərbaycan Prezidenti tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasını yüksək dəyərləndirib. M. Ə. Yusuf Afrika İttifaqının üzvü kimi ölkəsinin bu təşkilatda həmişə Azərbaycanın maraqlarını müdafiə etdiyini, Dağlıq Qarabağ probleminin həllində mövqelərinin dəyişməz olduğunu nəzərə çatdırıb: “Gələcəkdə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcəyik”.
Söhbətdə parlamentlərarası, siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişafı, dünyada mövcud olan ikili standartlara qarşı həmrəylik nümayiş etdirmək barədə fikir mübadiləsi aparılıb.
Reytinq: