Demo Sayt » iqtisadiyyat » İpoteka kreditlərinə tələb artıb


İpoteka kreditlərinə tələb artıb

Bu gün, 21:08
Çap et

Cari ilin üçüncü rübü üzrə sorğu nəticələrinə əsasən, ümumi biznes portfeli üzrə standartlarda nəzərəçarpan dəyişiklik müşahidə olunmayıb. Lakin biznes portfelinin hər üç seqmenti (iri, KOS, mikro) üzrə tələb artıb.

Bu barədə Mərkəzi Bankın Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğusunun nəticələrində deyilir.

Bildirilib ki, banklar növbəti rübdə biznes portfeli üzrə standartların ciddi dəyişməyəcəyini, tələbdə isə artımın davam edəcəyini proqnozlaşdırırlar.

Sorğu nəticələrinə əsasən cari ilin üçüncü rübündə ümumi istehlak kreditləri üzrə standartlar nisbətən sərtləşdirilib, kreditə tələb isə artıb. Banklar növbəti rübdə ümumi istehlak kreditləri üzrə standartların və kreditə tələbin dəyişməyəcəyini proqnozlaşdırırlar. 2026-cı ilin üçüncü rübü üzrə sorğu nəticələrinə əsasən ipoteka kreditləri üzrə standartlarda dəyişiklik müşahidə edilməyib. Banklardan gələn məlumatlara əsasən cari ilin üçüncü rübündə ipoteka kreditlərinə tələb artıb. Respondentlər növbəti rübdə ipoteka kreditləri üzrə standartların və kreditə tələbin dəyişməyəcəyini proqnozlaşdırırlar. Sorğuda iştirak edən respondentlər maliyyələşmə mənbələrinin strukturunda fiziki şəxslərin müddətli depozitlərinin və hüquqi şəxslərin depozitlərinin artdığını, banklararası bazarın payının isə azaldığını bildirib. Banklar növbəti rübdə də maliyyələşmənin strukturunda daha dayanıqlı maliyyələşmə mənbəyi hesab olunan fiziki şəxslərin müddətli depozitlərinin payının artacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, sorğunun məqsədi bank sektorunun kreditləşmə fəaliyyətinin və maliyyələşmə mənbələrinin monitorinqi və təhlili, maliyyə sabitliyinə təhdidlərin erkən rejimdə aşkarlanması, qiymətləndirilməsi və müvafiq prudensial siyasətin müəyyən edilməsi, habelə maliyyə sektoru iştirakçılarının müvafiq trendlər barədə məlumatlandırılmasıdır. Sorğu 2022-ci ilin I rübündən etibarən rüblük əsasda keçirilir. Hesabatda təqdim olunan gözləntilər Azərbaycan Mərkəzi Bankının gözləntilərini əks etdirmir.

Reytinq: