Demo Sayt » sosial » GƏRGİNLİK ALTINDA YAŞAMAQ, SIXINTI KEÇİRMƏK TƏDRİCƏN ORQANİZMDƏ FƏSADLAR YARADIR


GƏRGİNLİK ALTINDA YAŞAMAQ, SIXINTI KEÇİRMƏK TƏDRİCƏN ORQANİZMDƏ FƏSADLAR YARADIR

23-01-2018, 18:34
Çap et
GƏRGİNLİK ALTINDA YAŞAMAQ, SIXINTI KEÇİRMƏK TƏDRİCƏN ORQANİZMDƏ FƏSADLAR YARADIR FƏRHAD ƏSGƏROV (RAMİZOĞLU),
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Son 15-20 ildə əhalinin çox hissəsinin gərginliyə məruz qalmasını və sıxıntı keçirməsini müşahidə etmişəm. Belə ki, ər - arvad, uşaq bağçasının tərbiyəçisi - uşaq, valideyn - övlad, məktəbdə müəllim - şagird, direktor - sıravi işçi, həkim - xəstə, müxtəlif təşkilatlar - sənəd düzəltmək üçün gələn vətəndaşlar, yol patrul xidmətinin əməkdaşı - sürücü, hüquq işçisi - vətəndaş, yüksək çinli məmur - idarə müdiri münasibətləri çox zaman normal insani münasibətlər üzərində qurulmur.
Məlumdur ki, ancaq orta aylıq əmək haqqı ilə dolanan və pensiya təminatlı ailələrdə ailənin gəliri ancaq vacib tələbatı ödəyir (bəzi ailələrdə isə heç ödəmir). Az əmək haqqı ilə yaşayan ailələrdə böyüyən uşaqların bir çox mənəvi və maddi tələbatını ödəmək qeyri mümkündür. Tələbatın çox böyük olduğu dövrümüzdə aztəminatlı ailələrdə böyüyən uşaqlar öz yaşıdları arasında sıxıntıya məruz qalırlar. Bu da onların daxilində narazılığın, aqressiyanın yaranmasına gətirib çıxarır.
ƏR - ARVAD MÜNASİBƏTLƏRİ. Hələ uşaq dünyaya gələndə mənəvi cəhətdən saf, təmiz, pak olur. Lakin fiziki tərəfdən götürdükdə hələ ana bətnində olarkən ananın keçirdiyi bütün hisslər – sevinc, kədər, həyəcan, qorxu, stress doğulacaq körpənin fiziki sağlamlığına öz təsirini göstərir. Ona görə də hamilə qadının yaşadığı mühit normal, sıxıntısız olmalıdır. Uşaq dünyaya gəldikdən sonra ailədə olan emosional mühit də uşağın psixi durumunu formalaşdırır. Ailədə zorakılıq varsa, bu ailədə böyüyən uşaq gərginlik keçirir, bu onun psixikasına öz mənfi təsirini göstərir, gələcəkdə isə onun cəmiyyətdə insanlarla olan münasibətində problemlər yaranmasına səbəb olur.
UŞAQ BAĞÇASININ TƏRBİYƏÇİSİ - UŞAQ MÜNASİBƏTLƏRİ. Uşaqların əksəriyyəti uşaq bağçasına gedir və günün səkkiz saatını orada keçirir. Bağçada çalışan tərbiyəçinin uşağa və yaxud bütün uşaqlara olan münasibəti normal deyilsə, bu da uşaqlarda gərginlik yaradır. Müxtəlif uşaq bağçalarından gördüklərimi, eşitdiklərimi qeyd etmək istərdim. T. adlı gənc oğlan danışır ki, uşaq vaxtı uşaq bağçasında ayaqyoluna gedən zaman tərbiyəçinin və xadimənin ona qarşı zorakılığı ilə qarşılaşıb. Tərbiyəçi oğlanı döyərək ona deyirmiş ki, bağçada ayaqyoluna gedib oranı çirkləndirmə. Başqa bir çəxs danışır ki, günorta vaxtı tərbiyəçi qrupun bütün uşaqlarına hədə-qorxu gələrək yatmalarını tələb edirdi, yatmayan uşaqlar isə döyülürdü. Şəxsən mənim övladımla da belə bir situasiya yaranıb. Belə ki, 2005-ci ildə qız övladımı Mərdəkan qəsəbəsindəki uşaq bağçalarından birinə qoydum. Uşaq bağçasında övladıma yaxşı baxmadıqlarına görə üç aydan sonra uşağı oradan çıxarmağa məcbur oldum.
VALİDEYN - ÖVLAD MÜNASİBƏTLƏRİ. Bəzi valideynlər öz dəcəl uşaqlarına tərbiyə verə bilmir, onların səhvlərini başa salmaq əvəzinə ya onları daim danlayır, yaxud da cəzalandırırlar. Belə olduqda övlad valideyndən qorxur və gərginlik keçirir. Qeyd edim ki, ən gözəl tərbiyə nümunədir. Yəni tərbiyəli, mədəni valideynin övladı da tərbiyəli olur. Əgər valideyn evdə söyüş söyürsə, həyat yoldaşını döyürsə, hər gün spirtli içki qəbul edib özünü pis aparırsa, həmin valideynin övladı da elə özünə oxşayacaq.
MÜƏLLİM - ŞAGİRD MÜNASİBƏTLƏRİ. Elə müəllimlər var ki, dərsə hazırlıqsız gələn şagirdə hədə-qorxu gəlir. Bununla da dərs oxumayan şagird dərs boyu gərginlik keçirir. Və yaxud müəllim dərsə həmişə hazırlıqlı gələn şagirdin qiymətini kəsir, şagird isə daxilən əsəbiləşir, eləcə də gərginlik keçirir, lakin qorxudan öz haqqını tələb etmir. Bütün neqativ münasibətlər şagirdlərin psixikasında öz mənfi izini qoyur. Yeri gəlmişkən onu da qeyd edim ki, müəllim öz pedaqoji bacarığı ilə şagirdlərdə özünə və tədris etdiyi fənnə qarşı sevgi yaratmalıdır. Tədris etdiyi fəndən asılı olmayaraq, müəllim yaxşı pedaqoq olmaqla yanaşı, həm də yaxşı psixoloq olmalıdır. Uzun illər ərzində bir çox məktəbdə olmuşam və həmin məktəblərdən müxtəlif qəzetlər üçün məqalələr yazmışam. Məktəblərə gedən zaman tənəffüs vaxtı şagirdləri kənardan müşahidə etmişəm. Müşahidələrimə görə belə qənaətə gəlmişəm ki, məktəblərdə çalışan bütün müəllimlər yaxşı müəllim və psixoloqdurlarsa, həmin məktəblərdə dərsi pozan, davranış normalarından kənara çıxan şagirdlərə az təsadüf olunur. Ölkəmizdə müəllimlik peşəsinə ləyaqətlə yanaşan müəllimlər yetərincədir. Lakin etiraf edək ki, çalışqan şagirdin qiymətini kəsən və bununla da şagirdin ürəyində əbədi nifrət yaradan müəllimlərə rast gəlmək olur.
DİREKTOR - SIRAVİ İŞÇİ MÜNASİBƏTLƏRİ. Bəzən hər hansı bir idarə müdiri öz tabeçiliyində olan işçilərlə münasibət zamanı etik normalardan kənara çıxır, davranışında kobudluğa, mədəniyyətsizliyə, bəzən isə təhqirlərə yol verir. Sıravi işçi isə işdən çıxarılacağından qorxaraq susmağa məcbur olur.
Bəzən isə rəhbərlik etdiyi sahədə özünü mədəni, sakit aparan şəxs öz prinsiplərini və qərəzli, məkrli ideyalarını tədricən həyata keçirir. Hər iki halda belə münasibətlər işçinin gərginlik, sıxıntı keçirməsinə səbəb olur.
HƏKİM - XƏSTƏ MÜNASİBƏTLƏRİ. Gördüklərimdən, eşitdiklərimdən belə qənaətə gəlirəm ki, ölkəmizin səhiyyə ocaqlarında çalışan həkimlərin əksəriyyəti xəstəni müayinə etdikdən sonra onun diaqnozunu düzgün müəyyən etmir, nəticədə müalicə tamam səhv istiqamətdə aparılır. Bu isə xəstəni sağaltmaq əvəzinə onda daha pis fəsadlar yaranmasına gətirib çıxarır. Sağala bilməyən xəstə savadsız həkimə rast gəldiyinə və həkimin günahı ucbatından xəstəliyinin daha da kəskinləşməsi səbəbindən gərginlik, yaxud sıxıntı keçirir. (Qeyd edim ki, dediklərim bütün həkimlərə şamil olunmur).
Hələ Sovet dövründən respublikanın hər bir rayonunda, şəhərlərdə poliklinika və xəstəxanalar fəaliyyət göstərir. Respublikamızın müstəqilliyi illərində isə, ələlxüsus Bakı şəhərində özəl klinikaların sayı artmışdır. Əlbəttə, bu təqdirəlayiq haldır. Lakin müasir tipli avadanlıqlarla təchiz olunmuş dövlət və özəl səhiyyə ocaqlarının bol olmasına baxmayaraq imkanı olan şəxslərin əksəriyyəri qonşu dövlətlərə, mümkün olduqda isə Avropaya müalicə üçün üz tuturlar.
Ümumiyyətlə, respublikamızda çalışan həkimlərin səriştəsizliyi barədə xeyli informasiyaya malikəm. Mən öz başıma gələn bir faktı qeyd etmək istərdim. Belə ki, 1999-cu ildə xəstələndim. Mənə müalicə olunmaq üçün Mərdəkan qəsəbəsində yaşayan bir savadlı həkimin yanına getməyi məsləhət bildilər. Həmin həkim xəstələri evindəki şəxsi kabinetində qəbul edirdi. Həkimin qəbuluna gedən zaman qəbulda daha 7-8 nəfər xəstənin olduğunu gördüm. Xülasə, həkimin yanına həftədə bir dəfə olmaqla bir ildən çox getməli oldum. Hər dəfə də həkim mənə 4-5 adda ən ağır dərmanı yazırdı. Həkimin dediklərinə əməl edirdim. Düşünürdüm ki, sağalacağam.
İl yarımdan sonra həkim məni digər bir həkim dostunun yanına göndərdi. Yeni həkimin evində oldum. O, mənə 10 günlük iynə terapiyası kursu keçdi (demək çirkinlikdir, amma deyəcəyəm, hər dəfə hansısa həkimin yanına gedirdimsə, çəkdiyi “zəhmətə” görə pul verirdim).
Kursu bitirib yenidən əvvəlki həkimin yanına qayıtdım. Bu dəfə isə həkim məni Semaşko adına xəstəxanaya özünün dəqiq ünvanını verdiyi digər həkimin yanına göndərdi. Ertəsi gün həmin həkimin yanında oldum. Yeni, daha doğrusu artıq üçüncü həkim məni müayinə etdi və onun da haqqını ödədim. Həkimin xarici görünüşü, üz cizgiləri mənə birinci həkimin üz cizgilərini xatırlatdı və ondan biixtiyar soruşdum ki, siz .....-in qızısınız? Cavan həkim qız həqiqətən də həmin həkimin qızı olduğunu təsdiqlədi və hiss etdim ki, utandı.
Bəli, əziz oxucular, həkimin mənim ona olan inamımdan sui-istifadə etməsi mənə aydın oldu. Bu səbəbdən də artıq həmin həkimdən uzaqlaşdım.
Xəstəliyimlə əlaqədar başqa bir şəxsin məsləhət bildiyi həkimin yanına getdim. Həmin həkim məni müayinə etdi, diaqnoz qoydu və cəmi iki adda dərman yazdı. Dərmanları qəbul etdim, bir aydan sonra şəfa tapdım və özümü yaxşı hiss etməyə başladım.
Yeri gəlmişkən qeyd edim ki, hər bir həkim xəstəni müayinə və müalicə edərkən ilk növbədə vicdan hissini əsas tutmalı, ancaq şəxsi mənafeyini güdməməlidir.
MÜXTƏLİF TƏŞKİLATLAR - SƏNƏD DÜZƏLTMƏK ÜÇÜN GƏLƏN VƏTƏNDAŞLARLA MÜNASİBƏTLƏR. Yaşadığımız illər ərzində müxtəlif lazım olan sənədləri əldə etmək məqsədilə ayrı-ayrı təşkilatlara müraciət etməli oluruq. Lakin bəzən bir sənədi əldə etmək üçün bürokratik əngəllərlə rastlaşır, vətəndaş get-gələ salınır, incidilir, nəticədə həmin vətəndaş əsəbiləşir və gərginlik keçirir.
YOL PATRUL XİDMƏTİNİN ƏMƏKDAŞI - SÜRÜCÜ İLƏ OLAN MÜNASİBƏTLƏR. Müşahidələrimə görə belə nəticəyə gəlmişəm ki, bizim millətin nümayəndələrinin əksəriyyəti şəxsi avtomobillərin mülkiyyətçisi olmağa çox meyllidir. Bu səbəbdən hər hansı bir yolla olursa-olsun, hətta bəzi kasıb şəxslər də maşın alırlar. Bəzi sürücülər maşını idarə edən zaman yol hərəkəti qaydalarını kobudcasına pozurlar. Lakin bu zaman onların əksəriyyəti magistral yollarda, küçələrdə, prospektlərdə qoyulmuş radarlara düşməkdən və yaxud yol patrul xidməti əməkdaşlarının onları saxlaya biləcəklərindən qorxaraq gərginlik keçirirlər.
HÜQUQ İŞÇİSİ - VƏTƏNDAŞLARLA MÜNASİBƏTLƏR. Hüquq mühafizə orqanları vətəndaşların hüquqlarını müdafiə etmək üçün yaranıb. Bu sahədə çalışanlar vətəndaşlara qarşı daha diqqətli olmalı və obyektiv mövqe tutmalıdırlar. Lakin bəzən bu sahədə çalışanlar arasında xüdpəsənd, eqoist, kobud, mədəniyyətsiz əməkdaşlara da rast gəlinir. Şəxsən mən küçələrdə özünü mədəniyyətsiz, kobud aparan neçə-neçə polis əməkdaşına rast gəlmişəm.
Bilavasitə mənim özümlə bağlı bir məsələni oxucuların nəzərinə çatdırmaq istəyirəm. 1996-cı ildə sənədli povestim çap edilmişdi. Əsərdə gedən tənqidi fikirlərə görə qarşı tərəf prokurorluğa şikayət etdi və güya böhtan yazdığıma görə mənim üçün cinayət işi açıldı. İstintaq təxminən üç aydan çox çəkdi. Həmin müddətdə prokurorun və müstəntiqin kobud rəftarının şəxsən şahidi oldum. İbtidai istintaq bitdikdən sonra iş məhkəməyə göndərildi. Məhkəmə işi mənim xeyrimə həll etdi. Lakin buna baxmayaraq, bu bir neçə ay müddətində müstəntiqin kobud davranışı, ədalətsizliyi mənim daxilən gərginlik və əsəb keçirməyimə səbəb oldu. Qeyd edim ki, bu sahədə belə hallar digər vətəndaşların da başına gəlir.
YÜKSƏK ÇİNLİ MƏMUR - İDARƏ MÜDİRİ İLƏ MÜNASİBƏTLƏR. Bəzi yüksək çinli məmurlar tabeçiliyində olan idarə müdirlərinə təzyiq göstərir, onun tələbləri ilə razılaşmayan idarə müdirini hər hansı bir bəhanə ilə vəzifədən uzaqlaşdırmağa çalışır. Əgər idarə müdiri yüksək yüksək çinli məmurun ona qarşı müsbət münasibətdə olmadığını bilirsə, daim gərginlik altında işləyir.
...Yuxarıda qeyd etdiklərimizdən belə nəticəyə gələ bilərik ki, əhalinin müəyyən bir hissəsi gərginlik altında yaşayır və ya sıxıntı keçirir. Bu isə son vəziyyətdə orqanizmdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Son illərdə əhali arasında əsəb, ürək-damar, şəkər və digər bu kimi xəstəliklərin artması da buna sübut ola bilər.
Son nəticə olaraq düşünürəm ki, bütün bunların baş verməməsi üçün ilk növbədə harada çalışmasından, hansı vəzifəni tutmasından asılı olmayaraq, adamlar bir-birinə qarşı münasibətlərini düzgün qurmalıdırlar. Bir-birinə diqqətlə, hörmətlə yanaşmalı, vəzifəli şəxs isə vəzifəsini layiqincə yerinə yetirməlidir.
Reytinq: