Azıx paleolit düşərgəsi və Azərbaycanın ilk sakinləri13-06-2018, 16:28
Çap et Kəşfiyyat işlərində əsas məqsəd bu ərazidə paleolit dövrünün yaşayış məskənlərini müəyyən etmək və həmin abidələrdə kompleks qazıntı aparmaqdan ibarət idi. Kəşfiyyat ilinin ilk ili ekspedisiya üçün olduqca səmərəli keçdi. Elə həmin ildə aparılan kəşfiyyat işləri zamanı hazırda dünya şöhrəti qazanmış çoxtəbəqəli Azıx və Tağlar düşərgələri qeydə alındı. 1960-cı ildən başlayaraq 1968-ci ilə qədər Azıx paleolit düşərgəsində aparılan arxeoloji tədqiqatlar zamanı düşərgənin çöküntülərində 6 arxeoloji təbəqə qeydə alınaraq tədqiq olunmuşdur. Azıx paleolit düşərgəsinin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı eneolit, tunc, dəmir, antik və orta əsrlər arxeologiyasına aid maddi mədəniyyət qalıqları qeydə alınmışdır. Düşərgənin III təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı daş dövrünün mustye mədəniyyətinə aid zəngin daş məmulatı və ovlanmış heyvan sümükləri aşkara çıxarılmışdır. Düşərgənin IV təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı maddi mədəniyyət qalıqları qeydə alınmamışdır. Məhz buna görə də bu təbəqəyə mütəxəssislər lal təbəqə adı vermişlər. Düşərgənin V təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı orta və üst aşel mədəniyyətlərinə aid əl çapacaqları, kobud çapma alətləri və minlərlə ovlanmış heyvan sümükləri aşkar edilmişdir. Düşərgənin VI təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı qədim aşel mədəniyyətinə aid əl çapacaqları, kobud çapma alətləri, qaşov tipli alətlər, nüvələr və istehsal tullantıları qeydə alınmışdır. Bundan başqa alimlərin VI təbəqədə apardıqları arxeoloji tədqiqatlar zamanı ovlanmış heyvan sümüklərinin qalıqları tapılmışdır. Paleolit arxeoloji ekspedisiyasının Qarabağ ərazisində apardığı kompleks elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, hələ çox qədim zamanlardan etibarən Quruçay və Köndələnçay vadilərində canlı həyatın inkişafı üçün əlverişli, təbii coğrafi şərait olmuşdur. Alimlərin apardıqları kompleks tədqiqatlar nəticəsində məlum olmuşdur ki, hələ 2-3 milyon il bundan əvvəllər Qarabağın Quruçay və Köndələnçay vadilərində mülayim iqlim şəraitində yaşayan çoxlu heyvanlar və quşlar yaşamışlar. Eyni zamanda Quruçay vadisi Azıx və Tağlar paleolit düşərgələri yerləşən ərazidən ibtidai insanlar əmək alətləri hazırlamaq üçün xammal mənbəyi kimi istifadə etmişlər. Quruçay, Köndələnçay vadilərində və həmçinin Tuğ çökəkliyində kvars, kvarsit, bazalt, felzit, yaşma, çaxmaq və s. daş növləri mövcud olmuşdur. 1965-ci ildə Azıx və Tağlardan tapılmış arxeologiyanın müxtəlif dövrlərinə aid maddi mədəniyyət qalıqlarının arxeologiya elmi üçün müstəsna elmi əhəmiyyətini nəzərə alan SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutunun SSRİ arxeoloq və etnoqraflarının elmi konfransını Bakı şəhərində keçirməyi qərara almışdır. SSRİ arxeoloq və etnoqraflarının Bakıda keçirilən elmi konfrans iştirakçıları Bakıda çoxtəbəqəli Azıx və Tağlar düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqları ilə yaxından tanış olmuş və bu düşərgələrinin maddi mədəniyyət qalıqlarının cənubi Qafqazda və o cümlədən, Azərbaycan ərazisində qədim insanların meydana gəlməsi, formalaşması və inkişaf etməsində düşərgələrdən tapılmış maddi mədəniyyət qalıqlarının mühüm əhəmiyyətə malik olmasını yekdilliklə bildirmişlər. Konfrans zamanı bir qrup SSRİ-nin dünya şöhrətli paleolitşünas alimləri Azıx və Tağlar düşərgələri ilə yerində tanış olmaq məqsədilə Qarabağa səyahət təşkil etmişlər. Tanışlıq zamanı professor P.İ.Boroskovski, V.P.Lübin və digər alimlər Azıx və Tağlar düşərgələrinə heyran olduqlarını bildirmiş və burada tədqiqat işlərini davam etdirilməsini məqsədəuyğun hesab etmişlər. 1966-68-ci illərdə aparılan arxeoloji tədqiqatlar zamanı azıx düşərgəsindən mustye, qədim aşel, orta aşel və son aşel mədəniyyətlərinə aid zəngin arxeoloji və paleontoloji tapıntılar əldə olunmuşdur. 1968-ci ilin may-iyun aylarında paleolit arxeoloji ekspedisiyası M.M.Hüseynovun rəhbərliyi altında Azıx paleolit düşərgəsində qazıntı işlərini davam etdirmişdir. Arxeoloji qazıntılar zamanı Azıx düşərgəsinin çöküntülərindən yeni-yeni maddi mədəniyyət qalıqları tapılmaqda davam edirdi. Bu zaman iyunun 13-ü saat 13:30- dəqiqədə düşərgənin 13-cü kvadratmetrliyində arxeoloji qazıntı işləri davam edirdi. Birdən ekspedisiya rəisinin səsi eşidildi: “Ay uşaqlar diqqətli olun bu kvadratda yeni tapıntı gözlənilir”. Elə bu an Məmmədəli müəllim aşel mədəniyyətinə aid V təbəqənin III horizontunun 13-cü kvadratında arxeoloji qazıntı işlərini özü aparmağa başladı. Çünki torpağın içərisində bir neçə əmək aləti ilə birlikdə insan dişinin parıltısı onun diqqətini cəlb etdi və şotka ilə torpaq çöküntüsünü təmizləməyə başladı. Bu zaman Məmmədəli müəllimin sevincinin həddi-hüdudu yox idi. Qədim insana məxsus çənənin tapıldığını elan etdi. Lakin o bildirdi ki, bunun daha dəqiq və elmi əsaslarla tədqiq olunması üçün mən mütləq qazıntı işlərini dayandırıb Bakıya qayıdıb dünya şöhrətli alim, biologiya elmləri doktoru, professor Dəmir Hacıyeva göstərib və onun dəqiq təyinatından sonra bu çənənin kimə məxsus olduğunu söyləyə bilərəm... Professor D.Hacıyev tapılmış çənə üzərində uzun müddət elmi tədqiqat işləri aparmışdır. Azıx düşərgəsinin V təbəqəsindən tapılmış çənənin iri olması açıq nəzərə çarpır və gövdəsi nisbətən qalındır. Bu baxımdan Azıxdan tapılmış çənə avstrolopitekdən fərqlənir və müəyyən əlamətlərinə görə arxantroplar arasında özünə xüsusi yer tutur. Azıx düşərgəsinin orta aşel dövrünə aid təbəqəsindən tapılmış çənəyə şərti olaraq Azıxantrop, yəni Azıx adamı adı verilmişdir (Hüseynov, Hacıyev, 1970). Azıx qədim insan düşərgəsinin V təbəqəsindən tapılmış qədim insan çənəsi quruluşundakı spesifik cəhətlərə əsasən, bir tərəfdən pitikantroplara, xüsusilə Mauer adamının çənəsinə, digər tərəfdən də bir çox əlamətlərinə görə Fransanın Kondel-Araqo düşərgəsinin Aşel təbəqəsindən tapılmış pre-neandertallara daha yaxındır. Maraqlıdır ki, Fransanın Kondel-Araqo mağarasında aparılan arxeoloji qazıntılar zamanı çoxlu paleoantropoloji tapıntılar aşkar olunmuşdur. Paleoantropoloji tapıntılar içərisində əsas yeri qədim insan çənələri və kəllə qapaqları tutur. Məhz ona görə də Azıxdan qeydə alınmış qədim insan çənəsi Araqonun antropoloji tapıntıları ilə müqayisə olunur (Cəfərov, 2004, 2008). Azıxdan aşkar olunmuş çənə üzərində prof. D.Hacıyev uzun müddət elmi tədqiqat aparmış və müəyyən etmişdir ki, Azıxda aşkar olunmuş çənə ölkəmizin ərazisində ən qədim insan çənəsi olub, 30-35 yaşlı qadına məxsus olaraq və 400 min il əvvəl Azərbaycan ərazisində yaşamışdır. Hələlik keçmiş SSRİ ərazisində və Yaxın Şərqdə olan insan məskənlərindən Azıxda tapılan və bu cür qədimliyə malik paleoantropoloji tapıntı qeydə alınmamışdır. Bu aşel mədəniyyətinə aid ən qədim insan çənəsidir (Hacıyev, Mariya Antuanetta, 2000). 1973-1976, 1980-1982, 1984 və 1986-cı illərdə Azıx paleolit düşərgəsinin VI təbəqəsindən aşağıda yerləşən çöküntülərdə arxeoloji qazıntılar aparılmışdır. Aparılan arxeoloji qazıntılar nəticəsində düşərgənin çöküntülərində 4 yeni arxeoloji təbəqə qeydə alınmışdır və nəticədə Azıx paleolit düşərgəsinin çöküntülərində qeydə alınan təbəqələrin sayı 10-a bərabər olmuşdur. Yeni tədqiqat sahələrində çöküntünün qalınlığı 14 m-ə bərabər olmuşdur. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin VII-X təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı 312 ədəd daş məmulatı və bir neçə ədəd ovlanmış heyvan sümüklərinin qalıqları aşkara çıxarılmışdır. Aşağı təbəqələrin daş məmulatı içərisində kobud əl çapacaqları, kobud çapma alətləri, kubvari alətlər, kobud qaşov tipli alətlər, zərbə səthi saxlanmış qəlpələr və az miqdarda istehsal tullantıları qeydə alınmışdır. Maraqlıdır ki, Azıx paleolit düşərgəsində təbəqələrin yerləşmə xüsusiyyətindən asılı olmayaraq VII-X təbəqələrin daş məmulatı eyni texniki üsulla hazırlanmışlar. Bu xüsusiyyətlər əmək alətlərinin ümumi görünüçündə ərplə örtülməsindən asılı olmayaraq saxlanılma dərəcəsində, texniki və tipoloji əlamətlərində özünü göstərir. Azıx paleolit düşərgəsinin VII-X təbəqələrinin daş məmulatı içərisində 3-4 kq ağırlığında olan kobudçapma alətləri diqqəti daha çox cəlb edir. Hələlik ölkəmizin və Cənubi Qafqazın paleolit düşərgələrindən belə alətlər qeydə alınmamışdır. Məhz buna görə də təsvir olunan alətləri alimlər Azıx tipli kobud çapma alətləri adlandırmışlar. Azıx paleolit düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş maddi mədəniyyət qalıqlarının mühüm əhəmiyyəti vardır. Düşərgənin aşağı təbəqələrinin arxeoloji və paleontoloji tapıntıları Azərbaycanın ilk sakinlərinin Azıx düşərgəsində ilkin məskunlaşmasını göstərir. Azıx düşərgəsinin VII-X təbəqələrindən tapılmış daş məmulatlarının özünəməxsus xüsusiyyətləri olması, Cənubi Qafqazın və dünyanın digər paleolit abidələrində belə alətlərin qeydə alınmaması və əmək alətlərinin texniki-tipoloji cəhətləri nəzərə alınıb yeni aşkar olunmuş arxeoloji tapıntılara Quruçay mədəniyyəti adı verilmişdir. Aşağı təbəqələrinin daş məmulatının elmi tədqiq zamanı müəyyən olunmuşdur ki, Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi olmuşdur. Aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, mədəniyyətin ilkin mərhələsində əmək alətləri olduqca kobud və bəsit hazırlandığı halda sonrakı inkişaf mərhələlərində isə onların hazırlanma texnikası, tipologiyası təkmilləşmiş və yeni-yeni əmək alətləri hazırlanmağa başlanmışdır. 2001-ci ildən başlayaraq Azərbaycanda paleolit problemləri üzrə aparılan elmi tədqiqat işləri beynəlxalq xarakter almışdır. Çünki ölkəmizin ərazisində qeydə alınmış paleolit düşərgələrində çöküntülər- arxeoloji təbəqələr tarixi ardıcıllıqla əmələ gəlmiş və arxeoloji dövrlərin biri digərini əvəz edir. Məhz bu da ibtidai insanların həyat tərzini, alət hazırlama texnikasını, alətlərin tipologiyasını, onların inkişaf xüsusiyyətlərini, daş dövrünün təbii coğrafi şəraitini, heyvanat aləmini və həmçinin ovçuluq təsərrüfatını tədqiq etmək üçün zəngin maddi mədəniyyət qalıqlarına malik olduqları üçün qeyd olunan problemlərin tədqiq edilməsinə zəmin yaratmışdır. Məhz yuxarıda qeyd etdiklərimizə əsasən Azərbaycanın, Qafqaz və Avropa ölkələri ərazisində qeydə alınmış paleolit düşərgələrinin arxeoloji, paleontoloji və paleoantropoloji tapıntılarını arxeologiyanın son nailiyyətləri əsasında tədqiq etmək məqsədilə 2001-ci il iyulun 3-5-də Fransanın Totavel şəhərində keçirilən beynəlxalq elmi konfransda Azərbaycan, Fransa, İtaliya, İspaniya, Rusiya, Gürcüstan və Hollandiya alimlərinin birgə hazırladıqları İNTAS-2000 adlı elmi proqram qəbul olunmuşdur. Beynəlxalq İNTAS-2000 proqramına uyğun olaraq son 50 ildə Azərbaycan, Fransa, İtaliya, İspaniya, Rusiya və Gürcüstan ərazilərində olan paleolit düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqları arxeologiya elminin müasir nailiyyətləri əsasında tədqiq olunmuş, paleolit dövründə yaşamış ibtidai insanların hazırladıqları əmək alətlərinin texniki-tipoloji xüsusiyyətləri, düşərgələrin xarakteri, stratiqrafiyası tədqiq olunmuş və neandertal tipli insanların inkişaf edib homo sapiens – yəni kamil insanlara çevrilməsinin elmi xüsusiyyətləri araşdırılmışdır. Eyni zamanda paleolit dövrü insanlarının həyat tərzi, mənəvi aləmi və ovçuluq təsərrüfatının əsas cəhətləri tədqiq olunmuşdur. Eyni zamanda Azərbaycan, Avropa və Qafqaz ərazilərində yaşamış neandertal tipli insanların oxşar və fərqli cəhətləri müəyyən olunmuş, Azərbaycanda yaşamış ibtidai insanların Avropada məskunlaşan ibtidai insanlarla əlaqələri və miqrasiya prosesləri tədqiq edilmişdir. Beynəlxalq İNTAS-2000 proqramında Qarabağın dünya şöhrətli Azıx və Tağlar paleolit düşərgələrinin arxeoloji, paleontoloji və paleoantropoloji materialların tədqiq olunmasına xüsusi əhəmiyyət verilmişdir. Beynəlxalq İNTAS-2000 proqramına uyğun olaraq Fransa, İtaliya, İspaniya, Rusiya, Gürcüstan və Hollandiya alimləri Ə.Q.Cəfərovun dəvəti əsasında 2002-ci il sentyabrın 7-dən oktyabrın 1-dək Bakıya gələrək Qarabağın Azıx, Tağlar, Naxçıvanın Qazma və digər paleolit düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqları ilə tanış olmuşlar. Avropa alimlərindən Anri-dö Lümley, Mariya Antuanetta dö Lümley, D.Lordkipanidze, M.Neoradze, A.Vekua, V.Droniçev, L.Qolovanova, Ciakobini, Karbonelli və başqaları Azərbaycanda daş dövrü üzrə aparılan elmi tədqiqat işlərinə yüksək qiymət vermiş və respublikamızın paleolit abidələrindən tapılmış maddi mədəniyyət qalıqlarının ibtidai icma tarixinin ayır-ayrı inkişaf mərhələlərini tədqiq etməkdə mühüm elmi əhəmiyyətə malik olduğunu yekdilliklə qeyd etmişlər. Aparılan elmi tədqiqatlar zamanı paleolit problemlərinə aid mühüm elmi yeniliklər əldə olunmuşdur. Ə.Q.Cəfərovun 2001-2005-ci illərdə Avropa alimləri ilə birlikdə apardığı elmi tədqiqatlar çoxtəbəqəli Azıx paleolit düşərgəsində ibtidai insanların məskunlaşmağa başlamalarının tarixi 2,5 milyon ilə bərabər olması müəyyən olunmuşdur. Eyni zamanda Azıx paleolit düşərgəsinin VII-X təbəqələrinin arxeoloji tapıntıları əsasında qeydə alınmış Quruçay arxeoloji mədəniyyətinin Qafqaz və Yaxın Şərqdə ən qədim arxeoloji mədəniyyət olması müəyyən edilmişdir. Aparılan beynəlxalq arxeoloji tədqiqatlar zamanı Tağlar paleolit düşərgəsindən tapılmış arxeoloji və paleontoloji materiallar mustye mədəniyyətinə aid ən qədim tapıntılar olması və neandertal tipli insanların inkişaf edib homo sapiens tipli kamil insanlara çevrilməsi elmi faktlarla sübuta yetirilmişdir. Eyni zamanda Azərbaycan ərazisində mustye mədəniyyətinin 120 il bundan əvvəl başlanması müəyyən edilmişdir. Təəssüf ki, bütün bu faktlara baxmayaraq erməni mafiyasına xidmət edən qüvvələr 1999-cu ildən başlayaraq Azıx paleolit düşərgəsində və digər abidələrdə yırtıcı şəkildə arxeoloji qazıntılar aparır və Qarabağ abidələrinin tarixini saxtalaşdırmağa cəhd edirlər və dağıdıcı fəaliyyət göstərirlər. Hazırda Qarabağ silsiləsinin cənub-şərq ətəklərində yuxarıda qeyd etdiyimiz paleolit düşərgələri ilə yanaşı neolit, eneolit və tunc dövrlərinin Qaraköpəktəpə, Günəştəpə, Meynətəpə, Tuğtəpə, Kültəpə kimi bir sıra nadir və çoxtəbəqəli yaşayış düşərgələri aşkar olunmuşdur. Bu bir daha göstərir ki, hələ ən qədim zamanlardan bu vaxta kimi qeyd olunan ərazidə insanların yaşaması üçün əlverişli təbii coğrafi şərait olmuşdur. Son 50 ildə Azərbaycan alimlərinin Qarabağ ərazisində apardıqları arxeoloji, etnoqrafik, epiqrafik, paleocoğrafi, paleoantoloji və paleoantropoloji elmi tədqiqatlar ən qədim zamanlardan – yəni Quruçay mədəniyyətindən başlamış Azərbaycan xalqının bu torpaqlarda yaşadığını, zəngin maddi və mənəvi mədəniyyət yaratdığını elmi əsaslarla sübuta yetirmiş və tarixi saxtalaşdırmağa cəhd edən erməni alimlərinin iddialarının tamamilə əsassız olduğunu göstərir. Qarabağ ərazisində müəyyən olunmuş Quruçay, Aşel, Mustye, Üst paleolit, Mezolit, Neolit və Tunc dövrünün arxeoloji mədəniyyətləri bu diyarın qədim sivilizasiya mərkəzlərindən biri olduğunu söyləməyə əsas vermişdir. Ərazidən qeydə alınmış arxeoloji mədəniyyətlərdə varislik ənənələrinin olması müəyyən edilmişdir. Əsədulla Cəfərov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
