Demo Sayt » sosial » Füzuli Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyevə MÜRACİƏT


Füzuli Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyevə MÜRACİƏT

14-12-2018, 13:33
Çap et
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyevə MÜRACİƏT Hörmətli Alı müəllim!
Sizə müraciət etməyimin məqsədi rayonun Alxanlı kəndində yerləşən yuxarı qəbiristanlıqda yerləşən tarixi abidə hesab olunan Hacı Mirzə Hüseynin günbəzinin dağılması ilə əlaqədardır.
Bildiyiniz kimi, Alxanlı kəndi 1993-cü ildə avqust ayının 23-də erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir müddət bu kənd erməni işğalı altında olmuşdur. Məlum Horadiz əməliyyatı zamanı kəndin əsas hissəsi işğaldan azad edilmişdir.
Atəşkəs dövründə Alxanlı kəndi dəfələrlə ağır artilleriyadan atəşə tutulmuşdur. Görünür, bu atəşlər zamanı Hacı Mirzə Hüseynin günbəzi də öz nəsibini almışdır. Sonuncu dəfə kənd atəşə tutulanda kənd iki şəhid vermişdir. Onlardan biri körpə Zəhra və onun nənəsi olmuşdur. Siz yəqin ki, Zəhranın dəfnində iştirak etmisiniz. Bax, həmin qəbiristanlıqdakı günbəz Hacının günbəzidir.
Hacı Mirzə Hüseyn kim olub? O, vaxtilə Alxanlı kəndinin ağsaqqalı, bəyi, hacısı, mirzəsi (yəni savadlı yazıb-pozan şəxsi) olmuşdur. Onun hesabına Alxanlı kəndi ucsuz-bucaqsız torpaqlar əldə etmişdir. Vaxtilə Alxanlı camaatı hüzürü düşəndə ölüsünü Mirzəcamallı kəndinin aşağısında yerləşən məzarlıqda dəfn edirdilər. Sonradan Hacı ixtiyarlaşdığı zaman vəsiyət edir ki, mən rəhmətə getdiyim zaman məni öz kəndimizdə dəfn edin. Yəni, hazırda söhbət gedən qəbiristanlıqda dəfn edilir. Ondan sonra camaatın uzaq məsafəyə gedib-gəlməsi çətinliyi aradan qalxır.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyevə MÜRACİƏT
Bunları sizə yazmaqda məqsədim odur ki, hazırda siz rayonun ağsaqqalı hesab edilirsiniz. Daim ictimaiyyət arasında olursunuz. Bütün Füzuli rayonunun xeyrində-şərində iştirak edirsiniz. Bir sözlə, bir füzulili kimi xalqın qayğısına qalırsınız. Bilirəm ki, bu sizin qanun üzrə borcunuz deyil, İcra Hakimiyyəti ən çox qadağalara üstünlük verir. Necə ki, yas yerində ehsanın verilməsini müsbət mənada qadağan etmisiniz.
Yəqin ki, bu məsələyə əl qoymağınız daha bir sosial məsələnin həllinə gətirib çıxarar. Çünki Hacı Mirzə Hüseyn əldə etdiyi bu torpaqlarda yaşayan bir neçə nəfər özünü hər biri Hacı Mirzə Hüseyn hesab edir. Həmin torpaqlarda hazırda heç bir islahat aparılmayıb. Kim nə cür gəldi, nə cür bacardı bir o qədər torpaq zəbt edib və istədiyi kimi istifadə edir. Məsələ gnbəzin bərpasına gəldiksə isə, gülüşüb deyirlər: ATV- kanalındakı Zaura müraciət etmək lazımdır ki, bu məsələyə köməklik etsin. Amma həmin insanlara üz tutub deyirəm ki, Hacının nəvə-nəticəsi, kötücəsi ayağa qalxıb həmin torpaqlarda islahat aparılmasını tələb etsələr, onlar üçün çətin olacaq.
Müraciəti oxuduğunuza görə əvvəlcədən Sizə təşəkkürümü bildirirəm.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyevə MÜRACİƏT
Qiyam Ərşadoğlu
ferqlifikir.com
Reytinq: