Demo Sayt » sosial » Vladimir Radionoviç Volobuyev (1909-1987)


Vladimir Radionoviç Volobuyev (1909-1987)

27-05-2019, 10:16
Çap et
Vladimir Radionoviç Volobuyev (1909-1987) Həm söhbətim AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların Meliorasiyası laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru Mustafayev Mustafa Qılman oğludur.
Mustafa müəllim bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 14 may 2019–cu il tarixində akademik Vladimir Radioniviç Volobuyevin anadan olmasının 110 illik yubileyinin qeyd edilməsi məqsədilə tədbirlər planının hazırlanması barədə sərəncam vermişdir. Xahiş edirəm bu görkəmli alim haqqında məlumat verəsiniz.
Sevinc xanım çox sağ olun ki, bu görkəmli alim haqqında məlumat verilməsi üçün mənə müraciət etmisiniz. 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir, 1968-ci ildə həqiqi və həmin ildə isə SSRİ Elmlər Akademiyasının müxbir üzvü olmuş, iki dəfə SSRİ Dövlət mükafatı laureatı Vladimir Radionoviç Volobuyev 1909-cu ilin iyul ayının 25-də Krasnodar şəhərində anadan olmuşdur. 1926-30-cu illərdə prof. S.İ.Tyuremnovun rəhbərlik etdiyi ekspedisiyanın tərkibində Azərbaycana gəlmiş, Muğanda torpaqların su-fiziki xassələrini və duzluluğunu öyrənmək üçün tədqiqatlar aparmış və 1930-cu ildə təyinatla Azərbaycana gəlmiş, ömrünün sonuna kimi həyatını kompleks tədqiqatlarla Respublikada torpaqların öyrənilməsi və onların yaxşılaşdırılmasına həsr etmişdir. O, 1931-1937-ci illərdə Tiflisdə Zaqafqaziya Elmi Tədqiqat Su Təsərrüfatı İnstitutunda işləmişdir. 1937-ci ildə V.R.Volobuyev Azərbaycana qayıtmış və 1939-cu ilə kimi Zaqafqaziya Su Təsərrüfatı Layihə İnstitutunda (indiki Azərbaycan Su Təsərrüfatı Layihə İnstitutu) torpaq-meliorasiya sektorunun direktoru işləmişdir. 1939-cu ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Torpaqşünaslıq Sektorunda torpaqların fizikası seksiyasının rəhbəri vəzifəsində, sonra isə ömrünün sonuna kimi Azərbaycan EA işləmişdir. O, Azərbaycan Elmlər Akademiyasında böyük elmi işçi vəzifəsindən başla-yaraq vitse-prezident vəzifəsinə qədər olan şərəfli bir yol keçmişdir.
V.R.Volobuyev Muğan və Salyan düzlərində şorlaşmış torpaqların duzlardan yuyul-masına aid apardığı tədqiqat işlərinin təhlil edərək 1944-cü ildə namizədlik disser-tasiyasını, Azərbaycanın şorlaşmış torpaqları və onların meliorasiyasına aid işləri ümumiləşdirərək 1945-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyətlə müdafiə etmişdir. 1950-1952-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, 1952-1957-ci illərdə həmin İnstitutun direktoru vəzifəsində işləmişdir. 1949-cu ildən 1987-ci ilə qədər (vəfat edənə qədər) V.R.Volobuyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunda torpaqların meliorasiyası laboratoriyasının rəhbəri olmuşdur. Akademik 1958-1959-cu ildə vitse-prezident, 1959-cu ildən 1980-cı ilə kimi Azərbaycan Elmlər Akademiyasının Biologiya Bölməsinə rəhbərlik etmiş,1980-cı ildən 1987-ci ilin sonuna kimi yenidən vitse-prezident vəzifəsində işləmişdir.
Mustafa müəllim akademik əsas hansı elmi-tədqiqatların aparılmasına üstünlük vermişdir.
Sağ olun xanım. Akademik V.R.Volobuyevin tədqiqatları çox istiqamətli olmuşdur. O, ilk dəfə olaraq torpaqların meliorasiyası və meliorativ rayonlaşdırmasını ərazinin geomorfologiyası ilə əlaqələndirmiş və yeni orijinal metoddan-relyefin plastikasından istifadə edərək Azərbaycanın və eləcə də bütövlükdə Zaqafqaziyanın geomorfoloji xəritəsini tərtib etmişdir.V.R.Volobuyev müxtəlif torpaq-iqlim areallarında (səhra və yarımsəhradan izafi nəmlənməyə qədər) əsas iqlim göstəriciləri olan temperatur və yağıntıları tədqiq edərək koordinat sistemində bu suların əlaqəsi hidrotermik sistem əsasında torpaqların qanunauyğun zonal sistemini tərtib etmişdir. Bu tədqiqatların nəticəsi olaraq torpaqlarla iqlim arasındakı qarşılıqlı əlaqələri 1953-cü ildə yazdığı “Torpaq və iqlim” (Почвы и климат) kitabına görə V.V.Dokuçayev adına Qızıl medala layiq görülmüşdür. V.R.Volobuyev torpaq və iqlim amillərinin qarşılıqlı əlaqəsini araşdırdıqdan sonra torpaqşünaslıq elminə yeni “ torpaq bitkiləri ” adında ali toksonomik anlayış daxil etmişdir ki, bu da eyni tip torpaqəmələ-gəlməyə daxil olan torpaq qrupları deməkdir. Onun əsas elmi istiqamətlərindən biri də torpaqların ekologiyası məsələlərinin öyrənilməsi olmuş və tədqiqatları ümumiləşdirərək, 1963-cü ildə “Torpaqları ekologiyası” (Экология почв) monoqrafiyasını yazmışdır. Ümumiyyətlə, akademikin Azərbaycanın torpaq örtüyünün öyrənilməsində böyük xidmətləri olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycanın torpaq xəritəsi tərtib edilmiş və ak.V.R.Volobuyev “Azərbaycanın torpaqları” (Почвы Азер. ССР) monoqrafiyasının müəlliflərindən biridir.
1960-cı illərdə torpaqların diaqnostikasının dixotomik prinsipdə rəqəmlərlə ifadə olunan elmi əsaslı metodikasını yaratmaq istəyən alimlərdən biri də V.R.Volobuyev olmuş və şəxsən özünün təsnifatını və koordinat metodunu tətbiq edərək , torpaqların daha rasional olan diaqnostikasını təklif etmiş və burada 30-dan çox torpaq əlamətlə-rindən istifadə olunmuşdur.
Mustafa müəllim ak.V.R.Volobuyevin dünya torpaqlarının öyrənilməsində rolu nədən ibarət olmuşdur.
Sevinc xanım Sizin bu haqda da məlumatınızın olması məni çox sevindirdi. Bilirsiniz akademik V.R.Volobuyev uzun müddət dünya torpaqları haqqında məlumatlar toplamış, onları dərindən təhlil etmiş və nəhayət 1973-cü ildə “Dünya torpaqlarının sistemi” (Система почв мира) monoqrafiyasını yazmışdır. Bu monoqrafiya həmin dövrdə torpaqların dünya miqyasında müqayisəli təhlil edilməsində torpaqşünas, ekoloq və melioratorlar üçün çox vacib məsələlərdən biri idi. Akademik bu monoqrafiyanı yazmaqla dünya torpaqları, onlarda baş vermiş dəyişikliklər və s. öyrənilməsində əyani bir vəsaitin olmasına səbəb oldu və bu gün də həmin monoqrafiya öz dəyərini saxlamışdır.
Mustafa müəllim akademikin daha hansı elmi istiqamətlərdə işləri olmuşdur.
Sevinc xanım V.R.Volobuyev torpaqşünaslıq və meliorasiya ilə yanaşı aqrokimya, botanika, zoologiya, fiziologiya kimi elmlərin planlaşdırılması koordinasiyası, təşkili və inkişaf etdirilməsi sahəsində də xidmətləri olmuşdur.
V.R.Volobuyev 1967-ci ildə “Torpaq və iqlim” (Почвы и климат), “Azərbaycanın torpaq örtüyünün ekoloqo-genetik təhlili” və “Torpaqların ekologiyası” (Экология почв) elmi əsərlərinə görə birinci dəfə, 1980-ci ildə isə torpaq əmələgəlmənin energetikası sahəsindəki elmi işlərinə görə ikinci dəfə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. V.R.Volobuyev 10 il SSRİ EA-nın “Poçvovedenye” (Torpaqşünaslıq) jurnalının baş redaktoru olmuşdur.
Akademik V.Volobuyevin elmi fəaliyyəti dövlət tərəfindən həmişə yüksək qiymətləndirilərək iki dəfə Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu, Şərəf nişanı ordenləri və medallarla təltif olunmuşdur.
Mustafa müəllim ak.Volobuyev bu qədər elmi və təşkilatı işlərlə yanaşı alimlərin hazırlanmasına da xüsusi diqqət vermişdir. Bu barədə nə deyə bilərsiniz?
Çox sağ olun xanım. Həqiqətən də akademik V.R.Volobuyev böyük elmi potensiala malik bir alim idi. Onun geniş elmi-təşkilati və ictimai işlərlə məşğul olmasına baxmayaraq elmi fəaliyyəti son dərəcə məhsuldar olmuşdur. Akademik müxtəlif mövzuları əhatə edən 8 monoqrafiyanın, 250-dən çox elmi məqalənin, çoxlu sayda xəritələrin müəllifi olmuşdur.Həmçinin kadrların hazırlanması və tərbiyə olunmasına da xüsusi fikir vermiş, 20 namizədlik və 5 doktorluq dissertasiyalarına rəhbər və məsləhətçi olmuşdur. Onun tələbələri bu gün xarici ölkələrdə və Respublikada müasir dövrün tələblərinə uyğun elmi tədqiqat işlərini davam etdirir, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, su-duz balansı, ekomeliorativ qiymətləndirmə, yeni texnologiyalardan istifadə etməklə şorlaşma xəritələrinin tərtibi, münbitlik göstəricilərinin yaxşılaşdırılması və yüksək məhsuldarlığın alınması məqsədilə çox saylı tövsiyyə və monoqrafiyalar nəşr etdirmişdir. Hal-hazırda onun yaratdığı Torpaqların meliorasiyası laboratoriyası bir neçə dövlət proqramlarında, qrant lahiyələrində müvəffəqiyyətlə iştirak edir və əldə edilmiş nəticələr monoqrafiyalarda, kitablarda, dərs vəsaitlərində və yüksək nüfuzlu jurnallarda öz yerini tapmışdır.
Mustafa müəllim akademikin yaratdığı laboratoriyanın bu gün onun elmi istiqamətlərini davam etdirməsi şərəfli işdir. Sizcə bu işləri davam etdirmək üçün daha hansı işlərin görülməsini istərdiniz ?
Xanım Sizə bildirim ki, laboratoriyada tədqiqat işlərinin aparılmasında təbii ki, ak.V.R.Volobuyevin istiqamətləri əsas götürülür və onların müasir dövrə uyğun yerinə yetirilməsi qarşımızda duran vacib məsələlərdən biridir. Müasir dövrdə yeni texnologiyaların və xüsusi proqramların olması, tədqiqadları aparılmasında əsas yer tutur, lakin əvvəllər aparılmış tədqiqatların nəticələrindən də müqayisəli təhlil üçün istifadə edilir. Mən 40 ilə yaxındır ki, bu laboratoriyada işləyirəm və apardığımız tədqiqatlar Azərbaycanda torpaqlarda su-duz balası, su-duz rejimi, onların proqnozunun verilməsinə, şorlaşma və şorakətləşmə prosesinin öyrənilməsinə, yeni texnologiyalara əsasən şorlaşma və deqradasiya xəritələrinin tərtib olunmasına, meliorativ vəziyyətin meyarlarla qiymət-ləndirilməsinə, duzların miqdar və tipinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsiri, həmin torpaqların yaxşılaşdırılması istiqamətində kompleks aqromeliorativ və aqrotexniki tədbirlər sisteminin işlənib hazırlanması, fermer təsərrüfatlarında onların tətbiq edilməsinə yönəlmişdir. Hesab edirəm ki, rəhbərlik etdiyim laboratoriyanın bu istiqa-mətdə bir çox işləri müvəffəqiyyətlə istifadə edilir.
Mustafa müəllim bildiyimiz kimi, tədqiqat işlərinin nəticələrini istər nüfuzlu jurnallarda, istərsə də kitab və monoqrafiyalarda dərc edilməsi üçün vəsait problemdir. Bu məsələləri necə həll edirsiniz?
Xanım Sizə bildirim ki, bu məsələ bütün təşkilatlarda problem olaraq qalır. Lakin tədqiqatçı o vaxt tanınır ki, onun əsərləri nəşr olunur. Son zamanlar institutumuzun və həmçinin laboratoriyamızın əməkdaşlarının Respublika daxilində və xaricdə müəyyən qədər əsərləri nəşr edilir, ümumiyyətlə akademik V.R.Volobuyevdən sonra laboratoriyada ümümilikdə 5 kitab, 2 tövsiyə, 1 dərs vəsaiti, 6 monoqrafiya nəşr olunmuşdur.Bunlardan bu gün aqrar sahələrdə işləyən mütəxəssislər, tələbələr geniş istifadə edirlər.
Mustafa müəllim xarici ölkələrin alimləri ilə əlaqələriniz necədir ?
Çox sağ olun. Bilirsiniz xanım, akademik V.R.Volobuyev 1949-1987-ci illərdə, 1987-2011-ci illərdə isə a.e.f.d. Q.Z.Əzizov, 2011-ci ildən isə bu laboratoriyaya rəhbərlik edilməsi mənə həvalə edilmişdir. Bu laboratoriya akademik Volobuyevin adı ilə bağlı olduğundan burda işləmək nə qədər şərəfli olsa da, bir o qədər çətin vəzifədir. Onun ideyalarını davam etdirmək, yeni tətdiqatlar aparmaq, alınmış nəticələri beynəlxalq dərəcədə nəşr etdirmək, monoqrafiya, tövsiyələr və s. hazırlanması onların tətbiqi məsuliyyəti qarşımızda durur.
Bizim əsas əlaqələrimiz Ümumittifaq Meliorasiya və Hidrotexnika institutunun Meşerski filialı, Elmi-Texniki Mərkəzin Meşerski filialı, Ryazan Dövlət Aqrotexnoloji Universiteti, Belarusiya Kənd Təsərrüfatı Akademiyasının Meliorasiya fakültəsi, Polşa –Falenqa su problemləri tədqiqatı İnstitutu, Qazaxstan Su problemləri Elmi-Tədqiqat İnstitutu (Taraz şəhəri), Qazaxstan Respublikası, Korkıt Ata adına Dövlət Universiteti, Tacikistan Aqrar Universiteti, Belarusiya MEA-nın Meliorasiya İnstitutu, Türkiyədə bir neçə Universitetlərlə və s. geniş əlaqələr qurulmuşdur. Akademik V.Volobuyev həmişə xarici ölkələrin alimlərinin işlərinə istinad edilməsi, onların əsərlərindən müqayisə xarakterli istifadəsinə xüsusi yer verirdi. Hesab edirəm ki, yuxarıda göstərilən elmi təşkilatlarla əlaqələrin qurulması onun ideyalarının davam etdirilməsinə yönəldilmiş işlərdəndir. Mənim Rusiya, Belorusiya, Polşa və digər ölkələrin alimləri ilə birlikdə 1 dərs vəsaiti,3 monoqrafiya, respuklikada həmmüəlliflərlə 3 kitab və bir tövsiyyə, 1 monoq-rafiya nəşr edilmişdir.
Mustafa müəllim Siz meliorasiya laboratoriyasının rəhbəri olduğunuz üçün sizə belə bir sual vermək istəyirəm. Azərbaycanda torpaqların vəziyyəti necədir?
Xanım siz çox aktual bir məsələyə toxundunuz. Bildiyiniz kimi, torpaqlardan yüksək məhsuldarlığın əldə olunması üçün ilk növbədə onlar kompleks şəkildə öyrənil-məlidir. Son tədqiqatlar göstərir ki, Respublikada suvarılan torpaqların təxminən 60%-i müxtəlif dərəcədə şorlaşmaya və şorakətləşməyə məruz qalmışdır. Ona görə də, həmin torpaqlarda kompleks aqromeliorativ tədqiqatlar aparılmalı və alınmış nəticələr müqayisəli təhlil edilməli, onların yaxşılaşdırılması tədbirləri işlənməlidir. Hal-hazırda laborato-riyanın əməkdaşları Kür-Araz ovalığında kompleks tədqiqatlar aparır və mühüm nəticələr əldə edilmişdir.
Mustafa müəllim Siz yubileylə bağlı hansı işlərin görülməsini nəzərdə tutmusunuz ?
Bilirsiniz, bu tədbirin beynəlxalq konfrans şəklində keçirilməsi nəəzrdə tutulmuşdur. Həmçinin konfransın materiallarının nəşri, onun və laboratoriyanın əməkdaşlarının çap olunmuş əsərlərinin sərgisinin təşkili, akademik V.R.Volobuyevin haqqında video-rolikin hazırlanması və s. nəzərdə tutulmuşdur. Artıq bu işlərə başlanmışdır.
Son sualımda bilmək istəyərdim ak.V.R.Volobuyev sizin xatirənizdə necə qalmışdır.
Xanım akademik V.Volobuyev mənim xatirəmdə torpaqşünaslıq və meliorasiya sahəsində tanınmış görkəmli alim, gözəl, sakit, ciddi və səbirli bir insan, nəhayət işləyən, savadlı mütəxəssisin yetişməsində hər cür köməklik göstərən elmi rəhbər kimi qalacaqdır. Torpaqların meliorasiyası laboratoriyasının əməkdaşları ak.V.R.Volobuyevin xatirəsini həmişə əziz tutur və onun nəzərdə tutduğu elmi tədqiqatların istiqamətinə uyğun işləri davam etdirməyi qarşılarında əsas bir vəzifə olaraq nəzərdə tutmuşlar. Mən onun ruhu qarşısında baş əyirəm və bildirirəm ki, onun yaratdığı laboratoriyanın əməkdaşları tədqiqat işlərini müasir dövrün tələblərinə istiqamətləndirməklə, aqrar sahənin inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən verilmiş qanun və sərancamların tələbinə uyğun yerinə yetirlməsinə yönəldəcəkdir.
Mustafa müəllim mən Sizə və rəhbərlik etdiyiniz laboratoriyanın bütün əməkd-aşlarına bu şərəfli və çətin işdə uğurlar arzu edirəm və inanıram ki, elmi işlərinizi yeni istiqamətlərdə quracaqsınız.

Müsahibəni hazırladı: Sevinc Əzimova
Reytinq: