Demo saytı » sosial » Kamran Əliyev yenidən Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin üzvü seçilib


Kamran Əliyev yenidən Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin üzvü seçilib

15-09-2016, 18:26
Çap et
Kamran Əliyev yenidən Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin üzvü seçilib Sentyabrın 11-dən 15-dək İrlandiyanın paytaxtı Dublin şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 21-ci illik konfransı və ümumi yığıncağı keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Azərbaycanı assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
K. Əliyev İcraiyyə Komitəsinin iclasında çıxış edərək Azərbaycanın BPA-nın fəaliyyətinə verdiyi önəmi xüsusi vurğulayıb, ötən il ərzində assosiasiya ilə səmərəli əməkdaşlığın inkişafı istiqamətində görülmüş işlərdən danışıb.
Assosiasiyanın Antikorrupsiya Şəbəkəsinin növbədənkənar iclasında Qətərin baş prokuroru Bin Fetais Al Marri, İsveçrənin baş prokuroru Mixael Lauber, Perunun baş prokuroru Pablo Velarde və digərləri tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində təmsil etdikləri ölkələr arasında əməkdaşlığı daha da gücləndirmək məqsədilə yeni əlaqələndirici bazanın yaradılması qərara alınıb.
Sentyabrın 12-də assosiasiyanın 21-ci illik konfransı və ümumi yığıncağının təntənəli açılış mərasimində İrlandiyanın baş prokuroru Kler Loftus və BPA-nın prezidenti Gerhard Yaroş çıxış edərək korrupsiya ilə mübarizədə prokurorların rolunu qeyd edib, assosiasiyanın ötən dövrlərdəki fəaliyyətinə nəzər salıblar. “Prokuror və müstəntiqlərin cinayət təqibində rolu” mövzusunda keçirilmiş illik konfransda dünyanın 92 ölkəsindən 550 nəfər, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edib.
Tədbirin sonuncu günü assosiasiyanın ümumi yığıncağında qurumun ali orqanı olan İcraiyyə Komitəsinə keçirilmiş seçkilər zamanı Azərbaycanın ədliyyə və prokurorluq orqanlarının qurumun fəaliyyətinə verdiyi töhfələr və yüksək səviyyəli işgüzar əlaqələr nəzərə alınmaqla, K. Əliyev növbəti 3 il müddətinə assosiasiyanın İcraiyyə Komitəsinin üzvü seçilib.
Görüşlər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri assosiasiyanın prezidenti, İrlandiya, Türkiyə və Qətərin baş prokurorları, eləcə də Böyük Britaniya, Çin, Rusiya, Qazaxıstan, Ukrayna, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirərək ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparıblar.
BPA-nın növbəti illik konfransının 2017-ci ilin sentyabr ayında Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilməsi qərara alınıb.
Reytinq: