Nəqliyyat probleminin həll yolu: polad relslər və ya keçmişə qayıdış2-11-2016, 10:28
Çap et Yay mövsümünün bitməsi, tədris mövsümünün başlaması ilə artan nəqliyyatın hərəkətini, sərnişin sıxlığını, tıxacları nəzərə alsaq, marşrut xətlərində dəyişiklikləri, bir sıra xətlərin ləğvini normal qəbul etmək, hətta alqışlamaq olar. Bundan başqa, ənənəvi pozuntulara yol verən sürücülərin aşkar olunması ilə bağlı reydlər mütəmadi aparılır. Yeni “qırmızı avtobuslar”la çoxdan gözlədiyimiz ictimai nəqliyyatda nizam-intizam artıq reallaşır. Bu avtobuslarda sürücü ilə çənə-boğaz olmağa, harada gəldi minməyə-düşməyə, konduktorla qəpik davası etməyə daha heç bir şərait yoxdur. Bütün bunların paytaxtın mərkəzi hissəsində əzbər bildiyimiz nəqliyyat problemlərini tədricən aradan qaldıracağına inam artır. Lakin Bakıətrafı qəsəbələrdə mənzərə fərqlidir, daha doğrusu, hələ ki köhnə, tanış, “məhrəm” vəziyyətdir. Hələ də hansısa dayanacaqda 10-15 dəqiqə “yatan”, sonra bu gecikmiş 10-15 dəqiqənin əvəzində avtobusu qovan sürücülərlə ənənəvi “Adam kimi sür” – “Xoşun gəlmir, taksiyə min”, “Kartof daşımırsan e” dava-dalaşı, sərnişinlərlə dolu avtobusların yanacaqdoldurma məntəqələrinə soxulması davam edir... Axı nə vaxta qədər bir-birimizin ağız, qoltuq, tər iyini içimizə çəkə-çəkə, bel-belə, kürək-kürəyə, ət-ətə yapışıb, göz-gözə, üz-üzə, sözün əsl mənasında tər vannası qəbul edib yol gedəcəyik? Bu problemlərə hər mövsümdə 5-6 marşrut xəttini dəyişməklə, reyd keçirib qanacaqsız sürücüləri cərimələməklə son qoymaq mümkün olacaqmı? Müşahidələr göstərir ki, yox. Bunu əminliklə deməyə illərin bitib-tükənməyən “işgəncəli nəqliyyat təcrübəsi” əsas verir. Bəs nə etməli? Bəlkə Bakıətrafı qəsəbələrdən mərkəzə rahat sərnişin axınını təmin etmək üçün yaxın keçmişə qədər mövcud olan elektrik qatarlarını (relsləri hələ də qalıb, hər yanından keçəndə dərindən köks ötürürük) bərpa edək? Şəhərin mərkəzinə gəldikdə isə, yeni avtobusların gəlişi ilə müəyyən qədər nizam-intizam yaranıb. İndi “qarmoşkalı” avtobuslar da gözə dəyir. Belə avtobuslar ötən əsrdə Bakı küçələrində vardı və sərnişindaşımada çox effektli nəqliyyat vasitəsi idi. Lakin təkcə bu avtobuslarla mərkəzdə nəqliyyat problemini həll etmək mümkün olmayacaq. Bəlkə neçə ildir eşitdiyimiz "Bakıda tramvay xətti bərpa olunacaq" başlıqlı xəbərləri, söz-söhbəti reallığa çevirək? İndi əcnəbi şəhərlərdə olarkən müasir tramvayları görüb az qala ağzımızın suyunu axıdırıq. Belə olmamalıydı axı. Axı bütün bunlar Bakıda olanda indi sərnişindaşımada tramvay və elektrik qatarlarına üstünlük verən şəhərlərdə insanları mənzil başına yalnız avtobuslar çatdırırdı... Metro sahəsində də yenilik və irəliləyiş var. Belə ki, yeni xətlər tikilir, stansiyalarda təmir bərpa-işləri aparılır, ötən il gətirilən yeni, müasir qatarlar bütün sərnişinlərin ürəyincədir. Amma bu da yetərli deyil. Metro vaqonlarının hamısını yeni, müasir standartlara cavab verən, kondisionerli vaqonlarla əvəzləməyin vaxtı çoxdan gəlib çatıb. Elə bir sərnişin tapılmaz ki, Bakı tramvaylarının, elektrik qatarlarının qayıdacağı günü səbirsizliklə gözləməsin... Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
