Demo Sayt » tehsil » BANM-in tələbəsi: “Dünya səyahətinə çıxmaq istərdim”


BANM-in tələbəsi: “Dünya səyahətinə çıxmaq istərdim”

9-01-2017, 14:53
Çap et
BANM-in tələbəsi: “Dünya səyahətinə çıxmaq istərdim” Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Neft-qaz mühəndisliyi ixtisasının I kurs tələbəsi Şahlar Əlizadə cavablandırır.
- Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin
- Mən 1999-cu ildə Beyləqan rayonu 1-ci Şahsevən kəndində anadan olmuşam. 1-ci Şahsevən kənd orta məktəbini bitirmişəm. Həmin il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanını uğurla verərək Bakı Ali Neft Məktəbinə qəbul olmuşam. BANM-in Neft-qaz mühəndisliyi ixtisasının I kurs tələbəsiyəm, Prezident təqaüdçüsüyəm.
- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz...
- Mənim üçün çox çətin bir dövr idi, hədsiz dərəcədə yorulurdum, buna baxmayaraq, məqsədimə çatmaq üçün çox oxumalıydım. Ailəmin və sevdiklərimin mənə olan inamını doğrultmalıydım.
- Nə qədər bal topladınız?
- 686 bal toplamışam.
- Niyə məhz BANM-ı seçdiniz?
- Mənim uşaqlıqdan məqsədim savadlı mühəndis olmaqdır və BANM mənim uçun ən dəyərli ali təhsil ocağı olub, məhz ona görə mən BANM-də təhsil almağı seçdim və inanıram ki, heç vaxt peşman olmayacağam.
- Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?
- Ailəmin oxumağımdakı rolu əvəzedilməzdir, onlar həmişə mənə dəstək olublar, mən əgər bu gün arzuladığım Ali Məktəbdə təhsil alıramsa, bu məhz onların sayəsindədir. Ömrüm boyunca onlara minnətdaram.
- Ən böyük arzunuz?
- Ali Məktəbi əla qiymətlərlə bitirib ölkəmi xarici ölkələrdə tanıtmaq, yeni layihələr hazırlayıb daha da yüksəlmək və savadlı bir mütəxəssis olmaqdır.
- İxtisasınız haqqında nə demək istərdiniz?
- Mən neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıram. Ümid edirəm ki, gələcəkdə savadlı bir mühəndis olacağam.
- Hobbiniz nədir?
- Ən böyük hobbim kinoya baxmaqdır.
- Başqa hansı maraqlarınız var?
- Velosiped sürməyi çox xoşlayıram. Eyni zamanda, dünya səyahətinə çıxmaq mənim üçün çox maraqlıdır, bunu reallaşdırmaq istərdim.
- Hansı janrda kitabları oxuyursunuz?
- Janrından asılı olmayaraq, kitab oxumağı sevirəm.
Reytinq: