Fərhad Əsgərov dövrünün problemlərinin yanğısı ilə yaşayan yazıçı, obyektiv jurnalist və təcrübəli müəllimdir24-08-2015, 10:45
Çap et Toy artıq qızışmışdı. Bu toy mənə toy məclisindən çox, hansısa bir yaradıcılıq gecəsini xatırladırdı. Məclisdə çoxlu jurnalistlər, qələm sahibləri iştirak edirdi. Bunların arasında o dövrdə “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru şair Valeh Mirzə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “İnsan hüquqları” qəzetinin baş redaktoru Camal Abdinov, “Bakinskiy raboçiy” qəzetinin müxbiri Rəhim Babayev, “İşıq” nəşriyyatının redaktoru Şahin Əliyev, “Mühit” qəzetinin baş redaktoru Əzizağa Hümbətəliyev, “Hakimiyyət” qəzetinin baş redaktorunun müavini Sakit Sayad (Sakit Sayad hal-hazırda “7 gün+” qəzetinin baş redaktorudur), jurnalistlərdən Aydın Məmmədov (Aydın Məmmədov hal-hazırda “Açıq-aşkar” qəzetinin baş redaktorudur), Hikmət Nuri, Rəşad Nuri, Balaş Məhərrəmov və başqaları var idi. Çıxış edənlər bir-birini əvəz edirdilər. Mən isə toy boyu çıxış edənlərə qulaq asmaqla bərabər, nəzərlərimi Fərhad müəllimdən çəkmirdim. Onun toy boyu heç nə yeməməsi, bütün diqqətini çıxış edənlərin danışıqlarına yönəltməsi nəzərimdən qaçmadı. Bütün çıxışları diqqətlə dinləyən Fərhad Əsgərov sanki xəyala dalır, onun haqqında deyilən fikirləri dinlədikcə, öz həyatı kino lenti kimi gözünün önündə canlanırdı. Çıxış edənlər isə sanki onun ömür yolunun ən incə məqamlarını da vurğulayır, onun haqqında öz ürək sözlərini söyləyirdilər. “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Valeh Mirzə öz səmimi çıxışı ilə yadımda qaldı. O, Fərhad müəllimin yaradıcılığı barədə faktlara əsaslanan çıxış etdi və qeyd etdi ki, bildiyimiz kimi Fərhad Əsgərovun 39 yaşı var. Lakin o, hələ indi ailə həyatı qurur. Amma mən qeyd etmək istəyirəm ki, onun artıq 12 övladı var. Övlad dedikdə mən onun kitablarını nəzərdə tuturam. Övladın dünyaya gəlməsi nə qədər çətinliklərdən keçirsə və övlad valideynlər üçün nə qədər əziz olursa, eləcə də hər bir kitabın yazılıb ərsəyə gəlməsi yuxusuz gecələrin, zəhmətin, bir çox çətinliklərin bəhrəsi olub, ərsəyə gəldikdə müəllif üçün bir bala kimi əziz olur. Yaradıcılıq məhsulu olan bu kitablarda uşaq hekayələri, gənclər üçün hekayələr, sənədli və bədii povestlər, alleqorik nağıl və poemalar, eləcə də böyük həcmli oçerklər toplanmışdır. Onun kitabları oxucunu düşünməyə vadar edir. Belə qənaətə gəlmişəm ki, Fərhad dövrünün problemlərinin yanğısı ilə yaşayan yazıçıdır. Onun demək olar ki, bütün bədii və publisistik əsərləri oxucuları mənəvi əxlaqi keyfiyyətlərə səsləyir. “Hakimiyyət” qəzetinin baş redaktorun müavini Sakit Sayadın çıxışı onun Fərhad Əsgərovla yaxın münasibətdə olmasından xəbər verdi. Belə ki, onun söylədiyinə görə Fərhad müəllimlə bir müddət qəzetlərin birində çalışıblar. Çalışdıqları müddətdə qəzetin əməkdaşları içərisində Fərhad müəllimin ən məhsuldar bir jurnalist olmasını qeyd etdi. O, həm də söylədi ki, Fərhad müəllim bir şəxs kimi qürurlu olmasına baxmayaraq, dostluqda səmimi, humanist və xeyirxah bir insandır. İş barəsində isə onu dedi ki, Fərhad müəllim daim müxtəlif rayonlarda ezamiyyətdə olmuş və tapşırılan işin öhdəsindən layiqincə gəlmişdir. O, məqalələri elə rayonda mehmanxanadaca yazırdı və hazır materialı Bakıya gələndə qəzetə verirdi. Sakit Sayadın danışığından o da məlum oldu ki, Fərhad Əsgərov həm də insanları yaxşı tanıyır, onların psixoloji nöqteyi-nəzərdən nə cür insan olmasını onlarla münasibətdə olanda özü üçün müəyyən edir. Bu xüsusiyyət ona öz işində çox kömək edir. Belə ki, o, hər bir insanla münasibət qurmağı, onunla ünsiyyətdə olmağı bacaran bir jurnalistdir. Sakit Sayad gülümsəyərək onu da qeyd etdi ki, Fərhadın işinə məsuliyyətsiz yanaşan, paxıl, yaltaq, təkəbbürlü, ədalətsiz, vicdansız insanlardan xoşu gəlmir. Belə xüsusiyyətli insanlarla o, müvəqqəti yoldaşlıq edə bilər, insanda bu xüsusiyyətləri özü üçün aşkar etdikdə Fərhad həmin adamdan uzaqlaşmağı lazım bilir. İnsana yaraşmayan bu xüsusiyyətlər Fərhadın məqalələrində və bədii əsərlərində də öz əksini tapır. “İşıq” nəşriyyatının redaktoru Şahin Əliyev öz çıxışı ilə Fərhad Əsgərovun yaradıcılıq sahəsindəki bəzi uğurlarını qeyd etməklə yanaşı, onun bu çətin yolda rastlaşdığı bəzi qaranlıq məqamlara da toxundu. O, qeyd etdi ki, Fərhadın informasiya və məqalələrini hələ keçmiş ittifaqın dövründə nəşr olunan müxtəlif mətbu orqanlarda maraqla oxuyurdum. İllər keçdi. Təsadüf elə gətirdi ki, 1995-ci ildə Fərhad müəllimlə tanış oldum. Onun məqalələrini izlədiyimdən onu deyə bilərəm ki, başqa jurnalistlərdən fərqli olaraq Fərhad müəllimin informasiya və məqalələri müxtəlif sahələri əhatə edir. Yəni o, təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, tikinti və digər sahələrdən araşdırma apararaq məqalə yazmaq bacarığına malikdir. Şahin Əliyev onu da qeyd etdi ki, Fərhad müəllim yazdığı sahədən olan çatışmazlıqları, problemləri, qanunsuzluqları üzə çıxarıb analiz etməyi bacaran bir jurnalistdir. Bu səbəbdən də biz jurnalistlər ona öz aramızda “dişli jurnalist” deyirik, – deyə Şahin müəllim gülümsəyərək əlavə etdi. Cəmiyyətdə olan neqativ hallara qarşı həmişə barışmaz mövqedə dayanan yazıçı-jurnalist alleqorik janrda yazdığı əsərlərində heyvanların dili ilə də bu neqativ halları tənqid atəşinə tutur. Bu mövqedən onun alleqorik əsərləri oxucular arasında rezonans doğurmuşdur. O, yüzlərlə tənqidi məqalələrin müəllifidir. Yazdığı tənqidi məqalələrə görə iki dəfə ayrı-ayrı məmurlar tərəfindən prokurorluğa onun haqqında şikayət edilmişdir. Məmurların şikayətinə görə güya Fərhad müəllim onlara böhtan atmışdı. Prokurorluqda açılan cinayət işlərindən birinin ibtidai istintaqı təxminən beş ay çəkdi. Bu, uzun bir prosesdir. Qısası onu deyə bilərəm ki, hər iki halda məhkəmələr işi Fərhad müəllimin xeyrinə həll etdilər, yəni bir neçə ay istintaq aparılsa da, sonda işə xitam verildi. Belə ki, məmurların şikayətlərinin əsassız olduğu sübuta yetirildi. Bu isə Fərhad müəllimin bir tənqidçi kimi məqalə yazdıqda ancaq faktlara əsaslandığını sübut edir. Bu toy məndə xoş bir təəssürat yaratdı. Mən burada Fərhad Əsgərov barəsində bilmədiklərim maraqlı nüanslar haqqında məlumatlandım. O vaxtdan artıq neçə illərdir ki, keçib. Bəs görəsən bu illər ərzində Fərhad Əsgərovun yaradıcılığında hansı dəyişikliklər baş verib, uğurlar, mərhələlər əldə olunub? Belə ki, Fərhad Əsgərov 1983-cü ildən 2005-ci ilə qədər ayrı-ayrı qəzetlərdə müxbir, şöbə müdiri, məsul katib, redaktor müavini, redaktor, baş redaktorun müavini, baş redaktor vəzifələrində çalışıb. 2005-ci ildə “Nüanslar” ictimai-siyasi publisistik qəzetini təsis edib. Qəzetin ilk nömrəsi 2005-ci ilin oktyabr ayında işıq üzü görüb. Elə o vaxtdan həmin qəzetin təsisçisi və baş redaktorudur. Bu qəzet öz mahiyyəti etibarı ilə şablonçuluqdan uzaq, faktlara əsaslanan obyektiv informasiya və məqalələrlə çıxış edən mətbu orqandır. Baxmayaraq ki, Fərhad müəllim bir qəzetin baş redaktorudur, onun məqalələrinə başqa qəzetlərdə də rast gəlirik. Bu isə onun məhsuldar jurnalist olmasından xəbər verir. Onun bədii əsərləri də oxucular tərəfindən sevilə-sevilə oxunur. Bəzi bədii əsərləri rezonansa səbəb olmuşdur. Fərhad Əsgərovun yaradıcılığı müxtəlif mükafatlara layiq görülmüşdür. Belə ki, 2003-cü ilin sentyabr ayında “İti qələm” Respublika Ədəbi Birliyi tərəfindən “Söz sənətinin inkişafında əvəzsiz xidmətlərinə və “Qaranlıq meşədə gizli oyunlar” kitabına görə” “İti qələm” fəxri diplomu ilə təltif edilmişdir. “Maraqlı alleqorik nağıl və poemalarına, müasir Azərbaycan nəsrinin inkişafındakı xidmətlərinə, müntəzəm olaraq dövrü mətbuatda çap olunan peşəkar publisistik və tənqidi yazılarına görə” 2004-cü ildə o, Azərbaycan Azad Qələmlər Cəmiyyəti tərəfindən “Qızıl qələm” fəxri mükafatı laureatı adına layiq görülmüşdür. Onu da qeyd edək ki, Fərhad Əsgərova bir yazıçı kimi bir neçə xoşbəxtlik nəsib olub. Yazarların əksəriyyəti öz dövründə tanınsa da, müəyyən müddətdən sonra unudulur. Belə ki, 2004-cü ildə 983 səhifədən ibarət “XX əsr Azərbaycan yazıçıları – ensiklopedik məlumat kitabı çapdan çıxıb. Kitabın müəllifi Teymur Əhmədov, rəyçilər akademik Mirzə İbrahimov, akademik Məmməd Cəfər Cəfərov, akademik Kamal Talıbzadədir. Bu kitabda 1800-ci ildən sonra Azərbaycanda yaşamış yazıçılar, şairlər, tənqidçilər haqqında ensiklopedik məlumat verilmişdir. Bu məlumatlar təxminən 2000 nəfəri əhatə edir. Sevindirici haldır ki, bu kitabın 315-ci səhifəsində Əsgərov Fərhad Ramiz oğlu haqqında da məlumat verilmişdir. Məlumatı oxuyarkən bizə məlum olur ki, o, 1960-cı ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuş, qəsəbədəki 181 nömrəli orta məktəbi bitirmiş və təhsil alaraq müəllim peşəsinə yiyələnmişdir. O, təyinatla Kəlbəcər rayonunun Kilsəli və Seyidlər kənd orta məktəblərində müəllim işləmiş, ordu sıralarında xidmət etmiş, sonradan isə Bakının Şağan və Mərdəkan qəsəbələrindəki məktəblərdə müəllimlik etmişdir. İlk yazısı 1978-ci ildə “Azərbaycan müəllimi” qəzetində dərc edilmişdir. Bədii yaradıcılığa isə 1980-ci illərdən başlamışdır. Müxtəlif illərdə “İstintaq”, “Sərbəst düşüncə” və “Azəravtonəqliyyat” Dövlət Konserni və Sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin orqanı olan “Karvan yolu” qəzetlərində müxbir, baş redaktorun müavini və şöbə müdiri vəzifələrində çalışmışdır. Bu kitabdan Fərhad Əsgərovun “Tale” (1996), “Ötən günlər” (1997), “Yurd həsrəti, Vətən sevgisi” (1997), “Prokuror – Ümid qapısı” (1998), “Filin dərdi böyükdür” (1998), “Ömür elə qısadır ki...” (1998), “Aqibət” (1999), “El ağsaqqalı” (1999), “Boz Pələngin yuxusu” (1999) adlı kitablarının çapdan çıxması barədə də məlumat alırıq. O da qeyd olunur ki, bunlar sənədli povest, hekayə, məqalə, xatirə və mülahizələr toplusudur. İnsan ona verilən ömrü mənalı və ya mənasız başa vurmağa məhkumdur. Asılı deyil, istəyirsən nazir ol, istəyirsən alim ol, istəyirsən böyük bir şirkətin prezidenti ol və sair, ömür bitdi, illər keçdikdən sonra insan unudulur. Lakin elə insanlar var ki, ölümündən sonra da illər, əsrlər keçməsinə baxmayaraq o, xatırlanır. Ömür yolu kimlər tərəfindənsə vərəqlənir. Ensiklopedik kitabda verilmiş şəxsiyyətlər barədə məlumatlar əsrlər keçdikcə qalacaq. İllər keçdikdən sonra da bu kitabı vərəqləyənlər Fərhad Əsgərov kimi bir ədəbiyyatçının olması barədə məlumat alacaqlar. Gələcəkdə onun əsərləri yəqin ki, yenidən çap olunacaq və gələcək nəsillərin istifadəsinə veriləcək. Bəli, Fərhad Əsgərov belə xoşbəxt yaradıcı insanlardan biridir. Qeyd edək ki, 2004-cü ildə müəllifi Teymur Əhmədov olan “Müasir Azərbaycan yazıçıları – soraq kitabçası” çapdan çıxıb. Kitabça 53 səhifədən ibarətdir. Burada yazıçı və şairlər haqqında məlumat almaq olar. Bu kitabda da Fərhad müəllim haqqında qısa məlumat verilmişdir. Fərhad Əsgərov həm yazıçıdır, həm jurnalistdir və həm də müəllimdir. Hələ neçə illər bundan əvvəl “Vikipediya”da dövlət tərəfindən onun adına sayt açılmışdır. Qeyd edək ki, “Vikipediya”da sayt cəmiyyətdə müəyyən mövqe tutan şəxslər üçün açılır. Respublikamızın Prezidenti cənab İlham Əliyev 2007-ci ilin 06 avqust tarixində “Yaşlı, gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında” fərman imzalamışdır. Bu fərmana uyğun olaraq Fərhad Əsgərova 2015-ci ildə birillik təqaüd verilmişdir. Bunu da Fərhad Əsgərovun yaradıcılıq sahəsində uğurlarından hesab etmək olar. 2014-cü ildə Fərhad müəllimin 288 səhifəlik “İllərin nəfəsi” adlı kitabı çapdan çıxmışdır. Kitab oxucu kütləsi tərəfindən müsbət qarşılanıb. Kitabla tanış olan Azərbaycan dili və ədəbiyyat dərsliklərinin müəlliflərindən bir nəfər “İllərin nəfəsi” kitabı haqqında öz müsbət fikrini söyləmiş və bir neçə ildən sonra kitabda toplanmış əsərlərdən dərsliklərdə istifadə olunacağını söyləmişdir. Baxmayaraq ki, Fərhad müəllim ixtisasca texnologiya və rəsmxət müəllimidir, o, bədii əsərləri ilə ədəbiyyat sahəsində öz sözünü demiş yaradıcı bir insandır. Hansısa mövzular Fərhad müəllimi daim düşündürür. Bu mövzular tədricən onun yaradıcılığında bədii əsərlərə çevrilir. Hal-hazırda Fərhad müəllimi hansı mövzular düşündürdüyü haqqında maraqlandıq. Onu dinlədikcə bu mövzulardan biri bizim diqqətimizi daha çox çəkdi. Qeyd edək ki, Fərhad müəllimin bir neçə bədii əsəri cəmiyyətdə neçə illər bundan əvvəl rezonans doğurmuşdu. Belə düşünürük ki, yazacağı “Vicdan və nəfs” əsəri də cəmiyyətdə böyük rezonansa səbəb olacaq. Bu əsər onun işlədiyi müddətdə rastlaşdığı hadisələrdən, nüanslardan, münasibətlərdən bəhs edəcək. 1980-ci ildə o, ilk əmək fəaliyyətinə müəllim kimi başladı. Hərbi xidmətdə oldu. 1992-ci ilin sonuna kimi müəllim işləyə-işləyə informasiya və məqalələri müxtəlif mətbu orqanlarda dərc edildi. Hər ay onun ən azı 10-15 məqaləsi dərc edilərdi. 1993-cü ilin əvvəllərində pedaqoji fəaliyyətdən tamamilə uzaqlaşdı və 2012-ci ilə kimi yalnız müxtəlif mətbu orqanlarda müxbir vəzifəsindən başlayaraq baş redaktor vəzifəsinə kimi yüksəldi. Bu illərdə sevdiyi jurnalist peşəsi üzrə ali təhsilə də yiyələndi. Artıq 30 ildən çox bir müddətdir ki, o, fasiləsiz olaraq mətbuatda öz yazıları ilə çıxış edir. Qeyd edək ki, o, 2012-ci ilin aprel ayından Bakıdakı məktəblərin birində müəllim işləyir. Jurnalistlik fəaliyyətini də davam etdirir, “Nüanslar” ictimai-siyasi publisistik qəzetinin baş redaktoru kimi daim məhsuldar çalışır. O bədii yaradıcılıq sahəsində də qələmi əlindən qoymur. Ona həm yazıçı, həm jurnalist, həm də bir müəllim kimi yeni uğurlar arzulayırıq. Habil Nadirli, “Ümman-Press” qəzetinin baş redaktoru Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
