Demo Sayt » yazarlar » Fərhad Əsgərov: Boş sinifdə dərs danışan müəllim (hekayə)


Fərhad Əsgərov: Boş sinifdə dərs danışan müəllim (hekayə)

27-09-2016, 15:46
Çap et
Fərhad Əsgərov: Boş sinifdə dərs danışan müəllim (hekayə) Fərhad Əsgərov (Ramizoğlu),
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Hər işdə “pripiska” etmək mümkünmüş: hətta məktəbdə də...
Dörd yüz nəfər şagirdin təhsil aldığı bir kənd məktəbini təsəvvürünüzə gətirin: od yox, ocaq yox! Pəncərələrinə şüşə əvəzinə karton vurulub. Yox! Lap elə də deyil: belə məktəblərdə bir neçə sinif otağı da olur ki, partaları babat, pəncərələri şüşəlidir, döşəməsində boya hiss edilir. Belə sinif otaqları, necə deyərlər, qəfil gələn yoxlamanı yola vermək üçün nəzərdə tutulur.
Haqqında söhbət açmaq istədiyimiz məktəb də məhz belə təhsil ocaqlarındandır: qış mövsümünə vaxtında hazırlaşmayan bu məktəbdə dərsə davamiyyət olduqca aşağı, mənimsəmə faizi qeyri-qənaətbəxş olsa da, adı rayonda qabaqcıllar sırasında çəkilir, bura gələn yoxlama razı halda qayıdır, seminarlarda, konfranslarda təriflənir.
Bu məktəbin məzunlarından çox az adam ali məktəblərə və digər təhsil ocaqlarına qəbul olunardı. Lakin heç kim bunun fərqinə varmazdı: demokratiya yolu ilə gedirik, kim istəyir oxuyur, təhsilini davam etdirir, kim istəmir oxumur, öz işidir.
Elə ki, qış mövsümü başladı, məktəblilər dərsdə paltolu-papaqlı oturardılar. Dərslərdə şagirdlərin, demək olar ki, yarısı iştirak edərdi. Nə direktor, nə dərs hissə müdiri, nə də digər müəllimlər bu haldan narahat olardılar: qışdır, soyuqdur, xalqın uşağını güclə məktəbə gətirib xəstələndirməli deyilik ki...
Dərsə az-çox vaxtlı-vaxtında gələn şagirdlər də özlərini normal aparmırdılar. Ümumiyyətlə məktəbin şagirdləri çox şuluq uşaqlardı... Hətta bir dəfə məktəbin qocaman müəllimlərindən biri, hörmətli, nüfuzlu Cəbiş müəllim direktor Samir müəllimə belə bir məsləhət vermişdi:
- Ay direktor, gəlsənə bəzi ipə-sapa yatmayan şagirdləri çətin tərbiyə olunan uşaqlar üçün internat məktəbinə göndərək. Həm tərbiyələnsinlər, həm də ki, məktəbimizin o biri nadinc şagirdlərinə dərs olsun.
Samir müəllim isə cavabında demişdi:
- Sən nə danışırsan?! Məktəbimizi hamı qabaqcıl tədris ocağı kimi tanıyır. Belə imic qazananadək dəridən-qabıqdan çıxmışıq. Nə qədər ziyana düşmüşük! İndi də deyirsən ki, bütün zəhmətimiz hədər getsin?! Bir də ki, nəyimiz var, özümüz bilirik. Daha bütün rayona niyə bildirməliyik öz daxili sirrimizi?
Bir gün məktəbə hay düşdü ki, bəs rayon təhsil şöbəsindən yoxlama gəlir. Siniflərdə şagirdlər çox görünsünlər deyə, hər iki sinifdən bir sinif düzəltdilər. Boş qalmış sinif otaqlarının hərəsinə bir müəllim saldılar. Həmin müəllimlər boş otaqlarda bərkdən danışaraq, özlərini elə aparırdılar ki, guya dərs gedir...
Bu dəfəki yoxlama daha mötəbər idi. Rayon təhsil şöbəsinin müdirinin, iki metodistin daxil olduğu heyətdə qonşu rayonun təhsil şöbəsindən də nümayəndələr vardı. Onlar rayonda sayılan məktəblərdən biri olan bu məktəbin təcrübəsini öyrənməyə gəlmişdilər.
Samir müəllim təhsil şöbəsinin müdiri Natiq müəllimlə birlikdə irəlidə gedir, müəllimlər də metodistlərlə birlikdə arxada gəlirdilər. Dərs gedən sinif otaqlarına yoxlama daxil olan kimi müəllim ancaq dərs bilən şagirdə sual verir, o isə tez bir vaxtda cavab verirdi. Hər müəllimin özünün standart sualları vardı.
Onlar bir neçə sinif otağına baxdılar. Hər şey öz qaydasında idi. İki sinifdən bir sinif düzəldiyindən otaqlar dolu idi. Qonaqlar razı qalmışdılar.
Samir müəllim qonaqlara müraciət etdi:
- İndi də gedək məktəbimizin bufet-yeməkxanasına baxaq. – O, istəyirdi ki, yoxlamaya gələnləri tezliklə yeməkxanaya salsın.
Rayon təhsil şöbəsinin müdiri Natiq müəllim tez razılaşdı:
- Gedək, baxaq!
Yoxlamaya gələnlər məktəbin dəhlizi ilə geri qayıdarkən birdən qonşu rayondan gələn müəllimlərdən biri dayandı. Sinif otaqlarının birində dərs deyən müəllimin səsi onu valeh etmişdi. Müəllim dərsi izah edirdi, sonra isə danışa-danışa yazı taxtasına nəsə yazır və şagirdlərdən soruşurdu:
- Aydın oldumu?
Lakin ona cavab verənlərin səsi eşidilmirdi. Qonşu rayondan gələn müəllim yolüstü bu sinfə baxmağı da təklif etdi. Samir müəllim tutuldu:
- Əşi, daha nəyə baxaq? Hər şey yaxşıdır də...
Lakin təhsil şöbəsinin müdiri qonağın sözünü yerə salmamaq üçün qapının dəstəyinə əl atdı. Direktor nə qədər him-cim etsə də, Natiq müəllim qapını açdı. İçəriyə daxil oldular. Sinif otağındakı mənzərədən hamı heyrətləndi: otaqda bircə müəllim var idi. O da boş sinifdə ilhamla dərs deyirdi. Axı o biri sinifdə uşaqlar çox görünsünlər deyə bu sinfin uşaqlarını oraya ötürmüşdülər.
Reytinq: