Çıxış yolu tükənəndə (hekayə)30-01-2017, 12:59
Çap et Azərbaycan Yazıçılar Birliyinin üzvü Gözəl bir yaz səhəri idi. Baharın öz yerini yay fəslinə “güzəştə” getməsinə az qalırdı. Hər tərəf gül-çiçəyə bürünmüşdü. Necə deyərlər: gül gülü, bülbül də bülbülü çağırırdı. İstirahət mərkəzinin həyətində bir qələbəlik hökm sürürdü. Cavanlar, qocalar, qadınlar, kişilər deyib-gülür, şənlənirdilər. İstirahət etmək imkanı tapmış insanlar xoşbəxtliyin dadını çıxarmağa çalışırdılar. İstirahət mərkəzində hərənin bir məşğuliyyət növü vardı: nisbətən yaşlı insanlar geniş həyətyanı sahədə gəzir, söhbət edirdilər. Cavanlar isə, naharqabağı boş vaxtlarını fövtə verməmək üçün istirahət mərkəzinin tennis və trenajor zallarında məşğul olurdular. Burada voleybol və basketbol həvəskarları üçün də meydançalar vardı. Bu meydançalarda da gənclərin səsi aləmi götürmüşdü. İstirahətçilərin böyük hissəsi isə istirahət mərkəzini əhatə edən, müxtəlif quşların cəh-cəhi ilə bürümüş, böyüklü-xırdalı bəzək ağacları və gül kolları ilə örtülmüş, müxtəlif çiçəklərin bihuşedici ətri yayılmış geniş parkında söhbətləşərək gəzirdi. Günəşin istisindənmi, ya da ki, hansı səbəbdənsə kölgəliklərdə qoyulmuş yaraşıqlı skamyalarda əyləşərək şirin-şirin söhbət edən gənc cütlüklərə də rast gəlmək olurdu. Bir sözlə, bu saatlar hərənin öz işinin ardında olduğu vaxt idi. Nahar fasiləsinə az qalırdı. İstirahət mərkəzinin çoxsaylı sakinləri yavaş-yavaş yeməkxananın qarşısına toplaşırdılar. Ləzzətli yeməklərin ətri nahar zalının açıq pəncərəsindən həyətə yayılırdı. Açığını deyim ki, həm yeməkxananın, həm də ümumiyyətlə istirahət mərkəzinin daxili guşələri çölündən, yəni həyətindən bir az fərqli idi. Yeməkləri demirəm, mətbəxin daha yaxşı vəziyyətdə olmasını istərdim. Bəzi yuyulmamış qazanlar, ərzaq qutuları və kisələri çirkli və səliqəsiz şəkildə künclərdə qalaqlanmışdı. Kirli xalatlar və digər geyim əşyaları bir kisənin içinə dürtülmüşdü. Soruşsan, o saat deyəcəkdilər ki, elə təzəcə yığılıb və elə bu gün gəlib aparacaqlar. Amma bu səliqəsizlik xeyli müddətdir ki, mövcud idi. Belə hal isə, hamının bildiyi kimi, müxtəlif gəmiricilərin və s. həşəratların “əl-qol açması” üçün münbit şərait yaradır. ...Yemək zalını qab-qacaq səsi, çəngəl-bıçaq cingiltisi bürümüşdü. Hamı iştahla yeməyini yeyirdi. Hökm sürən ab-havadan hiss etmək olurdu ki, bu dəfəki yeməklərin də dadı istirahətçilərin ürəyincədir. Azərbaycan əhalisinin özünəməxsus ağız dadı olduğunu, hər yeməyi bəyənməmək xüsusiyyətini kim bilmir ki?.. ...Və birdən naharın şirin, daha doğrusu iştahlı vaxtında masaların birinin arxasında təşviş yarandı. Təşviş getdikcə uğultuya, sonra isə açıq narazılığa çevrilməyə başladı. Hamı yeməyinə ara verdi. İstirahətçilər nə baş verdiyini, hansı olayın meydana çıxdığını bilməsələr də, təşvişin səbəbini öyrənmək marağı güc gəldiyindən və sonra da hadisələrin necə inkişaf edəcəyinin, nə ilə nəticələnəcəyinin şahidinə çevrilmək arzusu ilə gərginliyin gedişatını izləməyə başladılar. Təşvişə isə bir istirahətçinin “birinci” yeməyinin-borşunun içindən siçan çıxması iddiası səbəb olmuşdu... Oxucu üçün aydın olsun deyə qeyd edim ki, bütün dövr və quruluşlarda iaşə obyektlərində vəzifə ierarxiyası belə qurulub: müəssisənin sahibi, baş aşpaz, ayrı-ayrı yeməklər üzrə aşpaz (yəni, birinci yeməklər-sulu, ikinci yeməklər-quru), kababçı, xörəkpaylayanlar, qabyuyanlar, xadimələr və s. Bu heyətin say tərkibi iaşə müəssisəsinin əhatə dairəsindən, yəni müştərisinin sayından asılı olaraq artar, yaxud da azala bilər. Haqqında söhbət açdığımız istirahət mərkəzi isə daha iri müəssisə sayıldığından heyəti də böyük idi. Burada direktor (əgər tibbi xidmət də göstərilirsə baş həkim), baş aşpaz, aşpazlar və öndə sadaladığım digər personal. Təbii ki, hərə öz sahəsinə, lap konkret desək, özünün bişirib hasilə gətirdiyi yeməyə cavabdehdir. Konkret olaraq bizim bəhs etdiyimiz bu məsələdə borşu bişirib ərsəyə gətirən sıravi aşpaz həmin bu siçan məsələsinə aydınlıq gətirməyə borcludur və təqsiri varsa, dövlətin qanununda nəzərdə tutulan cəzaya layiq görülməlidir. Hə, hekayəmizin axarını döndərək haqqında danışdığımız hadisəyə. Təşvişə düşən iaşə xidməti personalı tez borşu bişirən aşpazı tapıb gətirdi. Bəstə boyu, yekə başı, daim irişən çöhrəsi, yağlı sifəti olan, əynində əzik-üzük aşpaz yarımxalatı gəzdirən tökmərək birisini təsəvvürünüzə gətirin. Təsvir etdiyim əndama yaraşmayan cəld hərəkətlərini, sürətli addımlarını da gəlin həmin mənzərənin üstünə. Bax, belə bir adamın ildırım sürəti ilə təşviş qaldıran adam istiqamətində hərəkətini də göz önündə canlandırın. - Hə, nə olub? Nə məsələdir? – deyə, aşpaz istirahətçiyə çatar-çatmaz gülər üzlə ona müraciət etdi. - Əşi, necə yəni nə olub? – Əsəbdən sifəti qızarmış, gözləri hədəqəsindən çırtlayan, boşqabından siçan çıxan şəxs cavab verdi. – Bu nə siçandır axı, mənim boşqabımda? İndi burada epidemiya yayılsa, hamı xəstələnsə sən və səndən də böyüklər canınızı hara qoyacaqsınız?! İstirahətçini saxlamaq olmurdu. Hamının yavaş-yavaş hadisələrin mərkəzinə - aşpazla istirahətçinin mübahisəsinin kulminasiya nöqtəsinə çatmaq ərəfəsində olduğu yerə tərəf yaxınlaşdığını görən aşpaz, hətta boşqabdakının əsl siçan olduğuna şübhə etməsə də, sakit görünürdü. Sanki bütün bunların ona heç bir aidiyyatı yox imiş kimi gülə-gülə ona yaxınlaşmaqda olan camaata tərəf çevrildi. - Ay camaat, bu adam bunamı siçan deyir? – Sonra da, mizin üstündən cəld bir hərəkətlə qapdığı qaşıqla boşqabdakı bişmiş siçanı götürüb ağzına qoydu və böyük iştahla yedi. – Yəni, siz də görmədiniz ki, bu ətin damarlı, dadlı bir hissəsi idi. Axı, buna görə belə təşvişə düşməyinə dəyərmi? Heç narahat olmayın, əyləşib naharınıza davam edin. Bizdə hər şey sanitariya qaydalarına uyğundur və hər şey nəzarət altındadır. Vəssalam! Daha heç bir dəlil-sübut yox! Dəlil-sübut aşpazın mədəsində! O da ki, hazırda həzm prosesi ərəfəsindədir. İstirahətçilər yavaş-yavaş öz yerlərinə qayıtdılar və yeməyə davam etdilər. Həm də axı, boşqabdakının həqiqətən də siçan olub-olmadığını onların heç biri görməmişdi. Aşpaz düşünərəkmi, yoxsa sövqi-təbii şəkildə etdiyi bu hərəkətinə özü də heyran qalmışdı. Adi vaxt ona milyon da versəydilər o, bu hərəkəti etməzdi. Necə yəni? Siçanı da gözgörəsi yemək olar? Heç vaxt belə hərəkətə yol verməzdi. Bu hərəkəti etmək axı, haradan onun ağlına gəldi. Eyni zamanda, demək olmazdı ki, boşqabından siçan çıxanın indiki halı onu düşündürmürdü. Düşündürürdü. Axı, aşpaz yaxşı dərk edirdi ki, həmin adam bunun siçan olduğuna yüz faiz əmindir. Elə aşpazın özü kimi... Bəs, aşpaz neyləməliydi? Bütün istirahət mərkəzinin taleyini qoymalı idi yan üstə?! İkili düşüncələr aşpazı narahat etməmiş deyildi: görəsən indi o, hansı vəziyyətdədir? Əsl həqiqəti – boşqabdakının siçan olduğunu yalnız onların ikisi bilir. Bu, nə qədər arzuedilməz olsa da, təəssüf ki, belədir. Odur ki, bir qədər utancaq formada da olsa ona təklif etdi: - Bəlkə, sizin üçün başqa xörək gətirim? Əhvalatın belə sonuclanmasından, hadisələrin bu cür inkişafından şoka düşən istirahətçi daha yemək istəmədiyini bildirdi. Bir az öndə də qeyd etdiyim kimi, olayın ən düzünü yalnız iki nəfər bilirdi. Çünki onların hər ikisi boşqabdakı siçanı öz gözləri ilə görmüşdü. Lakin eyni zamanda onların hər ikisi də ortadakı sübut-dəlilin birdəfəlik məhv olduğunu yaxşı bildiyindən səs-küyün kəsilib sakitliyin bərpa olunmasına üstünlük verdi. Boşqabından siçan çıxmış istirahətçi bütün bunların tez qurtarmasını, hər şeyin tez unudulmasını istədiyindən yeməkxanadan çıxıb bağın dərinliklərinə tərəf getdi. Aşpazın isə kefi sonradan pozuldu. Öz rolunu nə qədər sərrast, nə qədər ustalıqla oynamışdısa, bir o qədər də enerji sərf etmişdi. Həm də bu məsələnin direktorun bilməsi qorxusu da üstəlik... Beyni avtomat kimi işləyirdi. Əşi, bu siçan haradan peyda oldu, axı? Bu qədər artıq-urtuq şey olan mətbəxdə siçan da olar, hələ bir dinazavr da... Neçə dəfə deyilib ki, mətbəxdə səliqə-sahman yaradın. Baxan var ki?.. Siçanın şüuru yoxdur ki... Yəqin ki, qazan qızmamış tullanıb düşüb içinə. Sonra da yavaş-yavaş o söz... Saatlar keçsə də aşpaz özünə gələ bilmirdi. Bu xəbərin yayılacağı perspektivi onu bərk narahat edirdi. İstirahət mərkəzinin rəhbərliyi isə mütləq xəbər tutacaqdı: axı, xidmət personalı arasında müdiriyyətin “rəğbətini” qazanmaq istəyənlər az deyildi. Onlar əlüstü bu xəbəri rəhbərliyə çatdıracaqdılar. Bəs, bu işə müdiriyyətin münasibəti necə olacaqdı? Bu basabasda baş aşpaz da deyir ki, get, ərizəni yaz, indidən özünə başqa iş tap! Yəqin ki, işimlə vidalaşmalı olacağam. Bu fikirlər aşpazı bərk narahat edirdi. İşsizliyin hökm sürdüyü indiki vaxtda gül kimi işini itirmək qorxusu ona dinclik vermirdi... Həmin gün axşamadək heç bir xəbər çıxmadı. Belə qeyri-müəyyənlik aşpazı daha da üzürdü. Heç olmasa müdir onu çağırıb danlayaydı, söyəydi, hətta döyəydi. Onu qorxudan bu idi ki, müdir çağırıb “şələ-küləni yığışdır, buradan get!” deyəcək. Bəs, onda?! Gecəni narahat yatan aşpaz səhər istirahət mərkəzinə gələn kimi dedilər ki, səni müdir çağırır. Ürəyi uçuna-uçuna kabinetin qapısını açar-açmaz müdirin gülümsər çöhrəsini görüb gözlərinə inanmadı. Müdir mehribanlıqla ona oturmaq üçün yer göstərdi. - Dünənki hərəkətini çox bəyəndim – deyə, müdir birbaşa sözə başladı. – Böyük qəhrəmanlıq göstərmisən, afərin! Mənə danışıblar, belə hərəkət heç mənim belə ağlıma gəlməzdi. İstirahət mərkəzimizi böyük bəladan qurtarmısan. Buna görə sənə böyük mükafat düşür. Sonra isə əvvəlcədən hazırlanmış və möhürlənmiş bir kağızı ona uzatdı. - Səni baş aşpaz təyin edirəm. Bu da sənin əmrin, - dedi. – Ancaq bir məni başa sal görüm, siçanı yemək haradan ağlına gəldi? - Müdir sağ olsun, - deyə bir qədər ürəklənmiş aşpaz cavab verdi. – Bəzi çətin anlarda, heç bir çıxış yolu qalmayanda adamın başına dahiyanə fikirlər gəlir. Müdir gülməyini güclə saxlayıb ona getməsi üçün işarə verdi. Əlində baş aşpaz vəzifəsinə təyinat əmri tutan aşpaz kabinetdən çıxdı. Qeyri-adi vəziyyətdə idi. Onun nə sevinməyə, nə də kədərlənməyə halı qalmışdı... Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
