Demo Sayt » yazarlar » Stalinin qorxulu planı, ermənilərin və siçovulların təhdid etdiyi yeraltı imperiya – Səbuhi Məmmədli yazır


Stalinin qorxulu planı, ermənilərin və siçovulların təhdid etdiyi yeraltı imperiya – Səbuhi Məmmədli yazır

14-03-2017, 17:36
Çap et
Stalinin qorxulu planı, ermənilərin və siçovulların təhdid etdiyi yeraltı imperiya – Səbuhi Məmmədli yazır Şorba, şorba, ancaq bomjlar üçün, ancaq bomjlar üçün. Şorba, şorba…
Yadımdadı, 2016-cı ilin qışı çox sərt gəlmişdi Moskvaya. Şaxta 30 dərəcədən aşağı düşmürdü həmin yanvar günlərində. Moskva metropoliteninin demək olar ki, bütün stansiyalarının həndəvərində xüsusi izolə edilmiş çənlərdə evsiz-eşiksizlərə şorba təklif edilirdi. Həmin vaxt Moskva meri Lujkov xüsusi sərəncam da imzalamışdı: Donub ölməmək üçün bomjların metroda gecələməsinə şərait yaradılsın.
Həmin il, bəlkə də ondan sonrakı illərdə də Moskva metrosu minlərlə bomju donub ölməkdən xilas etmişdi.
Çox unikal obyekti Moskva metrosu. Sanki yerin altında bir ayrı şəhərə düşürsən. Bomjlardan söz düşmüşkən, düzdür, onları şaxtalı havalarda metroya buraxırlar, amma daimi metroya sakin olanlar isə insanlar deyil, biləsiz, itlərdir.
Moskva metropolitenində 500-dən çox it yaşayır. Moskva merinin sərəncamına görə, onları heç kim metropolitendən çıxara bilməz. Metropoliten işçisi Kapitalina Yeqorovna deyir, elə itlər var ki, bir stansiyada yaşayır, başqa stansiyaya isə yeməyə gedirlər.
“Məsələn, itlər ət satılan bazarların yerini bilirlər. Tutaq ki, “Ryazanksi prospekt”də məskunlaşmış it bir dayanacaq aralıda yerləşən “Vıxino” stansiyasına gedir. Çünki orada ət bazarı var. Orada isə ona görə gecələmir ki, “Vıxino” stansiyasının da öz sakinləri var, onlara rəqib olmasınlar”.
Moskva metrosunun 203 stansiyası var. Hazırda onun yollarının uzunluğu 350 kilometrə çatır. Bu, təxminən Bakıdan Gəncəyə qədər olan məsafəyə bərabərdir.
Sən demə, Moskva metrosunu hələ 1875-ci ildə istifadəyə vermək istəyirmişlər. Amma Moskva patriarxlığı buna qarşı çıxıb.
Metronun açılışı isə 1935-ci il mayın 15-də olub. Həmin gün Moskva metrosunun “Sokolniki” adlı birinci xətti işə salınıb. O vaxt bir qolu “Smolensk” stansiyasına ayrılmaqla, “Park Kulturı” stansiyasından “Sokolniki” stansiyasına qədər davam edən birinci növbə açılıb.
Metronun ilk sərnişini isə “Krasnıy proletar” zavodunun Latışev soyadlı ustası olub. “Sokolniki” stansiyasından metroya daxil olan Latışevə A00001 saylı bilet təqdim edilib. Mövcud olduğu 82 il ərzində isə Moskva metrosundan 150 milyarda yaxın sərnişin istifadə edib.
Yeri gəlmişkən, 1958-ci ilə qədər avtomat turniketlər olmayıb. Biletləri qadın nəzarətçilər yoxlayırmış.
İlkin statistikaya görə, Moskva metrosu hər gün 10 milyona yaxın adam daşıyır. Metronun 203 stansiyasının 44-ü arxitektura abidəsi sayılır. “Ploşad Revolyutsii” stansiyası isə əsil muzeyi xatırladır. Bu stansiyada 76 bürünc heykəl var.
Hər gün Moskva metrosuna girən milyonlarla insanın çoxu bilmir ki, metropolitenin bütün stansiyalarında içməli su rezervuarları var. Sərnişinlərin düz gözlərinin qabağında, sütunların, relslərin altında xüsusi şəkildə gizlədilib. Amma sərnişinlər onları görmürlər, təbii.
Moskva metropolitenində zibil qutusu da görə bilməzsiniz. Kapitalina xanım deyir ki, bu da səbəbsiz deyil. Təhlükəsizlik tədbirləri ilə əlaqəlidir, kimsə içinə bomba atar.
Sovet vaxtı hər yerdə zibil qutuları vardı. Amma terror xofundan sonra zibil qutuları yığışdırıldı. Terrordan söz düşmüşkən, Moskva metrosu nəinki son dövrlərdə, hətta SSRİ vaxtı belə terrora məruz qalıb. Özü də ermənilər tərəfindən. 1977-ci il yanvarın 8-də Stepan Zatikyan adlı erməninin İrəvandan idarə etdiyi millətçi qrup Dağlıq Qarabağ və Naxçıvanın Ermənistanın tərkibinə verilməsi iddiası ilə Moskva metropoliteninin “İzmaylovskaya” və “Pervomayskaya” stansiyaları arasında partlayış törədib. Terror aksiyasında ölənlər barədə o vaxt ictimaiyyətə məlumatlar açıqlanmasa da, sonradan arxivlər açılanda məlum olub ki, hadisə nəticəsində 7 nəfər ölüb, 34 nəfər isə yaralanıb. Ölənlər arasında uşaqlar da olub.
DTK-nın keçirdiyi əməliyyat tədbirləri nəticəsində terroru törətmiş Stepan Zatikyan, Akop Stepanyan və Zaven Baqdasaryan yaxalanaraq, güllələnmə cəzası alıblar. İrəvan Texniki Universitetinin tələbəsi olan bu şəxslərin Ermənistan Beynəlxalq Birlik Partiyası adlı təşkilat yaratdıqları, “Paros” adlı qəzet nəşr etdirdikləri də bəlli olub.
Moskva metrosuna böyük bir təhlükə isə Böyük Vətən Müharibəsi zamanı yaranıb. Almanların Moskvanı mühasirəyə aldığını görən Stalin 1941-ci ilin oktyabrında metropoliteni tamamilə məhv etməyə qərar verir. Həmin vaxt hətta bir neçə stansiya su ilə doldurulur. Amma sonradan əmrin icrası dayandırılır.
Yeri gəlmişkən, SSRİ dağılandan sonra belə bir şayiə yayılmışdı ki, ənənəvi metropolitendən başqa Moskvanın altında başqa stansiyalar da var. Onlar Moskvanın mərkəzini şəhər kənarındakı qəsəbələrlə birləşdirən və məxfi saxlanılan xətlərdir.
Terror xofu öz yerində, Moskva metropolitenində elə canlı varlıqlar var ki! Hə, inanmazsınız, metropolitenin tunellərində təxminən it boyda siçovullar yaşayır. Onlar tez-tez kabelləri gəmirərək metro təsərrüfatına böyük ziyan vururlar. Onları məhv etmək üçün isə xüsusi təyinatlılar göndərilir. Bəlkə də dünya şəhərlərinin metropolitenlərində belə bir fakta rast gələ bilməzsiniz.
Əgər Moskva metrosunda şəhərin mərkəzinə doğru gedirsinizsə, stansiyalarda elan kişi səsi ilə veriləcək, yox, mərkəzdən kənara doğru hərəkət etsəniz, məlahətli qadın səsi eşidəcəksiniz. Metronun dairəvi xətlərində saat əqrəbi istiqamətində hərəkət edəndə kişi, saat əqrəbinin əksinə istiqamətdə hərəkət edəndə isə qadın səsi səslənir. Sən demə, bütün bu proses gözdən əlil insanların oriyentasiyasının rahatlığı üçündür.
Yeri gəlmişkən, Moskva metropoliteni üçün vaqonlar Mıtişidəki “Metrovaqonmaş” zavodunda hazırlanır. Elə Bakı metrosunda hərəkət edən vaqonlar da məhz bu zavodun məhsuludur.
Məhsul demişkən, Bakı metrosundan fərqli olaraq Moskva metropoliteninin bütün stansiyalarının giriş və çıxışları dükanlarla doludur. Amma Bakının da bir üstünlüyü var - gediş haqqı. Moskvada metroda gediş haqqı 55 rubldur (bizim pulla 1 manat 60 qəpik). Bakıda isə məşhur məsəldə deyildiyi kimi, bizim pulla havayı - 20 qəpik...
Reytinq: