Heqiqet.Az » sosial » Tikinti sahəsində qeyri-əmək münasibətləri ilə bağlı monitorinqin nəticələri açıqlanıb


Tikinti sahəsində qeyri-əmək münasibətləri ilə bağlı monitorinqin nəticələri açıqlanıb

12-12-2017, 17:12
Çap et
Tikinti sahəsində qeyri-əmək münasibətləri ilə bağlı monitorinqin nəticələri açıqlanıb Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 26 səyyar monitorinq həyata keçirilib.
Agentlikdən verilən məlumata görə, monitorinq Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 92 hüquqi və fiziki şəxsi əhatə edib.
Monitorinqlərin keçirildiyi dövr ərzində 319 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğa yönləndirilib.
Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi xəbərdarlıq edir ki, səyyar monitorinqlərin mütəmadi davam etdirildiyini nəzərə alaraq əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildirişləri sistemində müqavilə qüvvəyə minmədən işçi tikinti ərazisində işə cəlb olunmamalıdır.
Qeyd edək ki, monitorinqlərin keçirilməsində məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsidir.
Monitorinqlər davam etdirilir və nəticələri mütəmadi olaraq açıqlanacaq.
Reytinq: