Heqiqet.Az » sosial » Bu il əmək qanunvericiliyi 8076 dəfə pozulub


Bu il əmək qanunvericiliyi 8076 dəfə pozulub

22-07-2015, 12:30
Çap et
Bu il əmək qanunvericiliyi 8076 dəfə pozulub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin birinci yarım ilində həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda ümumilikdə 8076 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar olunub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hüquq pozuntularının daha çox ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında və əsasən özəl sektora aid müəssisələrdə baş verdiyi müəyyən edilib. Yol verilmiş hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun formada zəruri tədbirlər görülüb. Əmək qanunvericiliyinin pozulması hallarına görə aidiyyəti işəgötürənlərə qarşı İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Həmin cərimələrin 53,8 faizinin (1047777 manat) dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da ötən ilin birinci yarım ili ilə müqayisədə 119421 manat və ya 12,8 faiz çoxdur.
DƏMX tərəfindən işəgötürənlərdə işçi hüquqlarının təminatı, o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı işəgötürənlərdə məsuliyyətin artırılması üçün təsirli tədbirlər, habelə müvafiq mövzuda təbliğat-maarifləndirmə işləri cari ilin 6 ayında da davam etdirilib. Bu tədbirlərin növbəti müsbət nəticəsi kimi, hesabat dövründə əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 12,8 faiz azalıb.
Reytinq: